Bagla

Həkimdən soruş

Hekimden sorus







Azərbaycanda sosial xidmət sahəsində yeni və əhəmiyyətli layihə olan “Loqos Qadın Uzunömürlülük Rezidensiyası” fəaliyyətə başlayır

 

İnsan ömrünün hər mərhələsi özünəməxsus dəyərə malikdir. Uşaqlıq qayğı ilə başlayırsa, yaşlılıq da eyni diqqət, hörmət və sevgi ilə davam etməlidir. Ömrünü ailəsinə, övladlarına və cəmiyyətə həsr etmiş insanların həyatlarının bu dövrünü rahat, təhlükəsiz və ləyaqətli şəkildə yaşaması hər bir cəmiyyətin humanist dəyərlərinin göstəricisidir. Məhz bu düşüncədən yaranan Loqos Qadın Uzunömürlülük Rezidensiyası yaşlı qadınlar üçün yalnız yaşayış məkanı deyil, həm də qayğının, təhlükəsizliyin, sosial rifahın və peşəkar xidmətlərin bir araya gəldiyi müasir həyat məkanıdır. Burada əsas məqsəd sakinlərin gündəlik ehtiyaclarını qarşılamaqla yanaşı, onların özlərini dəyərli, rahat və cəmiyyətin ayrılmaz hissəsi kimi hiss etmələrini təmin etməkdir.

 

Təranə Paşayeva – “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri, “Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İB-nin sədri, Psixologiya üzrə fəlsəfə doktoru

Loqos Qadın Uzunömürlülük Rezidensiyası Loqos Psixoloji və Nitq İnkişaf Mərkəzinin təsisçi rəhbəri Təranə Paşayevanın təşəbbüsü ilə yaradılmışdır. Layihənin əsas ideyası yaşlı qadınlar üçün ailə qayğısını, peşəkar xidməti və sosial dəstəyi bir araya gətirən təhlükəsiz həyat mühiti yaratmaqdır.

 

Rezidensiya Azərbaycanın görkəmli ictimai-siyasi xadimi, mərhum millət vəkili Qənirə Paşayevanın əziz xatirəsinə ithaf olunmuşdur. Onun insanlara xidmət, mərhəmət və sosial məsuliyyət prinsipləri layihənin mənəvi əsasını təşkil edir.

 

Rezidensiyanın fərqləndirici xüsusiyyətlərindən biri burada yaradılmış ev ab-havasıdır. İnteryer dizaynında klassik üsluba üstünlük verilmiş, sakinlərin özlərini müəssisədə deyil, doğma evlərində hiss etmələri üçün rahat və isti mühit formalaşdırılmışdır. Yaşıllıqla əhatə olunmuş bağça, gəzinti sahələri, istirahət guşələri və fəvvarə ətrafında yaradılmış sakit atmosfer sakinlərin həm fiziki, həm də psixoloji rahatlığına xidmət edir.

 

Sakinlərin təhlükəsizliyi və sağlamlığı prioritet istiqamətlərdəndir. Ərazi 24 saat video müşahidə sistemi ilə nəzarətdə saxlanılır, gigiyena və təhlükəsizlik standartlarına ciddi əməl olunur. Müntəzəm dezinfeksiya və sanitariya nəzarəti sağlam yaşayış mühitinin qorunmasını təmin edir.

 

Loqos Qadın Uzunömürlülük Rezidensiyasında tibbi və sosial qayğı vahid sistem şəklində təşkil olunmuşdur. Sakinlərin sağlamlıq vəziyyəti gündəlik izlənilir, arterial təzyiq və qanda şəkər göstəriciləri nəzarətdə saxlanılır, dərman qəbulu və tibbi prosedurlar peşəkar tibb bacılarının nəzarəti ilə icra olunur.

 

Tibbi xidmətlərin daha keyfiyyətli təşkili məqsədilə rezidensiya ilə Məlhəm Hospital arasında rəsmi əməkdaşlıq mövcuddur. Bu əməkdaşlıq çərçivəsində sakinlər mütəxəssis həkim konsultasiyaları, laborator və diaqnostik xidmətlər, eləcə də zərurət yarandıqda əlavə tibbi dəstəklə təmin olunurlar.

 

Aktiv və sağlam həyat tərzinin təşviqi məqsədilə rezidensiyada idman zalı, qapalı hovuz, sauna və SPA bölmələri fəaliyyət göstərir. Bu imkanlar sakinlərin həm fiziki sağlamlığının qorunmasına, həm də gündəlik rahatlığının təmin edilməsinə xidmət edir. Eyni zamanda rezidensiyanın tərkibində fəaliyyət göstərən gözəllik salonu yaşlı qadınların özlərini baxımlı və rahat hiss etmələrinə şərait yaradır.

 

Qidalanma məsələsinə də xüsusi diqqət yetirilir. Müasir standartlara uyğun qurulmuş mətbəx bölməsi ciddi gigiyena və qida təhlükəsizliyi qaydaları əsasında fəaliyyət göstərir. Məhsulların saxlanılması, hazırlanması və təqdimatı steril iş prinsiplərinə uyğun həyata keçirilir. Menyular sakinlərin yaş xüsusiyyətləri və sağlamlıq vəziyyəti nəzərə alınmaqla hazırlanır.

 

Rezidensiyanın fəaliyyətində sosial həyatın təşkili mühüm yer tutur. Kitabxana, film saatları, musiqi proqramları, yaradıcılıq məşğələləri, əl işləri dərnəkləri və müxtəlif tədbirlər sakinlərin asudə vaxtını səmərəli keçirməsinə, sosial əlaqələrinin genişlənməsinə və həyat motivasiyasının qorunmasına kömək edir.

 

Psixoloji dəstək xidmətləri də rezidensiyanın vacib istiqamətlərindəndir. Fərdi və qrup görüşləri sakinlərin emosional rifahının qorunmasına və sosial adaptasiyasına dəstək verir.

 

Loqos Qadın Uzunömürlülük Rezidensiyası Alzheimer, demensiya, Parkinson xəstəliyi və xüsusi qayğıya ehtiyacı olan sakinlər üçün də xüsusi xidmət modeli təqdim edir. Bu sakinlərin təhlükəsizliyi və gündəlik qayğısı peşəkar heyət tərəfindən fərdi yanaşma əsasında təşkil olunur.

 

Bu gün Loqos Qadın Uzunömürlülük Reziden­siyası yaşlı qadınlara sadəcə yaşayış yeri deyil, təhlükəsizlik, peşəkar tibbi xidmət, sosial dəstək, sağlam qidalanma və aktiv həyat tərzini özündə birləşdirən müasir yaşam konsepsiyası təqdim edir. Burada hər bir sakin hörmətlə qarşılanır, qayğı ilə əhatə olunur və həyatının hər mərhələsində özünü dəyərli hiss edir.

 

Çünki uzunömürlülük yalnız uzun yaşamaq deyil. Uzunömürlülük hər günü sağlamlıq, təhlükəsizlik, qayğı və sevgi ilə yaşamaqdır.

 


 539    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *