Bagla

Həkimdən soruş

Hekimden sorus







Azərbaycan tibbində lazer texnologiyalarının yeni mərhələsi – Turan Həsənovla müsahibə

Damar cərrahiyyəsi, proktologiya, urologiya, ginekologiya, estetika, torakal və onkoloji cərrahiyyədə biolitec imkanları – Turan Həsənovla müsahibə.

 

Biolitec-in Azərbaycan nümayəndəsi və rəsmi distri­bütor şirkətinin təsisçisi Turan Həsənovun müasir lazer texnologiyalarının ölkəmizdə tətbiqi, yeni nəsil LEONARDO® lazer cihazları, xüsusi fiber sistemləri, həkimlərin beynəlxalq təlimləri və gələcək layihələr haqqında müsahibəsini təqdim edirik.

 

– Özünüz və fəaliyyətiniz haqqında qısa məlumat verə bilərsinizmi?
– Mən Turan Həsənov, biolitec lazer texnologiyalarının Azərbaycan nümayəndəsi və ölkəmizdəki rəsmi distribütor şirkətinin təsisçisiyəm. Əsas fəaliyyətimiz biolitec-in qabaqcıl lazer cihazlarını Azərbaycanda təqdim etmək, həkimlərin nəzəri və praktiki təlimlərini təşkil etmək və bu texnologiyaların müxtəlif cərrahi sahələrdə tətbiqini genişləndirməkdir.

 

– Biolitec lazer texnologiyaları tibbin hansı sahələrində tətbiq olunur?
– Biolitec lazer texnologiyaları cərrahiyyənin çoxsaylı sahələrində istifadə edilir. Buraya damar cərrahiyyəsi yəni flebologiya, proktologiya, urologiya, ginekologiya, estetik cərrahiyyə, qulaq-burun-boğaz, ortopediya, ağrı müalicəsi, torakal cərrahiyyə, onkoloji cərrahiyyə və qalxanabənzər vəzin minimal invaziv müalicəsi daxildir.
Bu, müxtəlif xəstəlik və prosedurlar üçün xüsusi lazer cihazları, fiberlər və aksessuarlar təqdim edən geniş texnoloji platformadır.

 

– Azərbaycanda fəaliyyətinizə hansı istiqamətdən başladınız?
– İlk fəaliyyət istiqamətimiz flebologiya, yəni damar cərrahiyyəsi oldu. Biz bu sahəyə başlayarkən bazarda başqa şirkətlər də fəaliyyət göstərirdi. Lakin biolitec damar lazer cihazlarının keyfiyyəti və texnoloji üstünlükləri qısa müddətdə fərqlənməyimizə imkan verdi.
Azərbaycanda lazer flebologiyasının geniş yayılmasında fəaliyyətimizin mühüm rolu olduğunu düşünürəm. Əvvəllər damar lazer əməliyyatlarını məhdud sayda həkim həyata keçirirdisə, hazırda bu texnologiyadan istifadə edən mütəxəssislərin sayı xeyli artıb.

 

– Texnologiyaların yayılması və həkimlərin hazırlanması üçün hansı işləri görmüsünüz?
– Beş ildən artıqdır ki, rəsmi distribütor kimi fəaliyyət göstəririk. Əsas prinsipimiz əvvəlcə həkimlərin nəzəri və praktiki təlimini təşkil etmək, daha sonra isə texnologiyanın tətbiqini genişləndirmək olub.
Azərbaycanda çoxsaylı konfranslar, workshoplar, canlı əməliyyatlar və təlim proqramları təşkil etmişik. İndiyədək ölkə daxilində keçirdiyimiz tədbirlərdə 500-dən artıq yerli həkim iştirak edib.
Beynəlxalq mütəxəssisləri Azərbaycana dəvət etməklə yanaşı, yerli həkimlərimizin Almaniya və digər Avropa ölkələrində keçirilən workshop və konfranslarda iştirakına da şərait yaratmışıq. İndiyədək 200-dən artıq həkimimizin xaricdəki təlim proqramlarında iştirakını təşkil etmişik.
Dünya təcrübəsi dayanmır. Davamlı olaraq yeni metodlar, elmi araşdırmalar və əməliyyat texnikaları ortaya çıxır. Məqsədimiz həkimlərimizin bu yeniliklərlə ayaqlaşmasına və beynəlxalq səviyyədə inkişaf etməsinə dəstək olmaqdır.

– Azərbaycanda təqdim etdiyiniz əsas biolitec və LEONARDO lazer cihazları hansılardır?
– Təqdim etdiyimiz sistemlər yeni nəsil LEONARDO® lazer cihazlarıdır. Bu cihazlar 980, 1470 və 1940 nanometr daxil olmaqla müxtəlif dalğa uzunluqlarında mövcuddur. Daha spesifik prosedurlar üçün nəzərdə tutulan LEONARDO® Dual modelləri də var. Cihazlarımızın böyük hissəsi çoxfunksiyalıdır və müxtəlif cərrahi istiqamətlərdə istifadə edilə bilir.
Məsələn, LEONARDO® Dual 45 bir əməliyyatxanada çoxsaylı prosedurların müasir lazer metodları ilə həyata keçirilməsinə imkan verən universal sistemdir. Biz öz aramızda zarafatla deyirik ki, “LEONARDO Dual 45-in varsa, deməli, artıq bir klinikan var”.
LEONARDO® Duster TFL isə urologiyada istifadə edilən yeni nəsil Thulium Fiber Lazer cihazıdır. TFL lazer texnologiyası böyrək və sidik yollarındakı daşların parçalanması, prostatın xoşxassəli hiperplaziyasının müalicəsi və müxtəlif yumşaq toxuma əməliyyatları üçün nəzərdə tutulub. Bu sistem urologiyada yeni texnoloji mərhələlərdən biri hesab olunur.

– Biolitec-in xüsusi fiber sistemlərini fərqləndirən əsas xüsusiyyətlər hansılardır?
– Biolitec-in mühüm üstünlüklərindən biri patentli fiber texnologiyalarıdır. Fiberin uc hissəsi, enerjinin toxumaya ötürülməsi və paylanması hər xəstəliyin və prosedurun xüsusiyyətlərinə uyğun dizayn edilir. Bu, həkimin əməliyyatı daha rahat, dəqiq və nəzarətli şəkildə həyata keçirməsinə kömək edir.
Damar lazer əməliyyatları üçün ELVeS® Radial® və Radial® 2ring, proktoloji lazer prosedurları üçün LHP®, RevoFiber®, FiLaC® və SiLaC®, ginekologiyada isə ELLA® və MyoFiber® kimi xüsusi fiber sistemləri mövcuddur.
Cihazla yanaşı, fiber və digər aksessuarların da konkret prosedura uyğun hazırlanması enerjinin hədəf toxumaya düzgün çatdırılmasını təmin edir. Əminliklə deyə bilərəm ki, biolitec xüsusi fiber texnologiyalarının hazırlanmasında dünyanın qabaqcıl şirkətlərindən biridir.

– Sizin Flebologiyada lazer istifadəsi sonrası hansı tibbi istiqamətlər inkişaf etdi?
– Flebologiyadan sonra proktologiya və ginekologiya istiqamətlərini inkişaf etdirdik. Xüsusilə proktoloji lazer əməliyyatları üzrə çox yaxşı nəticələr əldə olunub. Bu gün artıq azərbaycanlı həkimlər qonşu ölkələrə dəvət olunur, orada əməliyyatlar həyata keçirir və yerli mütəxəssislərə təlimlər verirlər. Bunu fəaliyyətimizin mühüm uğurlarından biri hesab edirəm.
Hazırda əsas istiqamətlərimizdən biri də urologiyadır. Yeni nəsil TFL lazer cihazını Azərbaycana gətirmişik. Bu istiqamətdə praktiki fəaliyyəti genişləndirməyi və həkimlərimizi Almaniya və digər ölkələrdə keçirilən ixtisaslaşmış təlimlərə göndərməyi planlaşdırırıq.
Torakal cərrahiyyə də xüsusi əhəmiyyət verdiyimiz sahələrdəndir. Biolitec lazer texnologiyaları torakal onkologiyada, o cümlədən ağciyər metastazlarının cərrahi müalicəsində xüsusi fiberlərlə istifadə oluna bilir.
Digər mühüm istiqamət qalxanabənzər vəz düyünlərinin minimal invaziv lazer ablasiyasıdır. Bu üsul uyğun pasiyentlərdə sağlam toxumanı mümkün qədər qorumaqla problemli düyünə hədəflənmiş lazer enerjisinin tətbiqinə imkan verir.

 

– Pasiyentlər Azərbaycanda istifadə edilən lazer cihazlarının səviyyəsinə etibar edə bilərlərmi?
– Ən sevindirici məqam odur ki, bu yüksək texnologiyalar artıq Azərbaycanda da mövcuddur. Pasiyentlər əmin ola bilərlər ki, ölkəmizdə dünya səviyyəli Biolitecin damar lazer cihazları, proktoloji lazer cihazları, TFL lazer sistemi və digər müasir cərrahi texnologiyalardan istifadə edilir.
Bazarda rəqib şirkətlər də var və onlar haqqında danışmaq istəməzdim. Ancaq biolitec tibbi lazer texnologiyaları sahəsində dünyanın qabaqcıl istehsalçılarından biridir. Bu texnologiyanın fərqini həm dünyadakı, həm də Azərbaycandakı həkimlər və klinikalar yaxşı bilirlər.
Məqsədimiz yalnız yüksək texnologiyanı ölkəyə gətirmək deyil. Eyni zamanda biolitec və LEONARDO lazer cihazlarını rəqabətədavamlı qiymətlərlə həkimlər və klinikalar üçün mümkün qədər əlçatan etməyə çalışırıq.

 

– Yaxın gələcəkdə Azərbaycanda hansı böyük beynəlxalq tədbir keçiriləcək?
– Qarşıdakı ən böyük layihələrimizdən biri Bakıda keçiriləcək beynəlxalq PROCTOCOM proktologiya tədbiridir. Bu nüfuzlu tədbir indiyədək əsasən Avropa ölkələri olmaqla beş ölkədə təşkil edilib. Avropadan kənarda yalnız Dubay şəhərində keçirilib. İndi isə Bakı bu böyük beynəlxalq tədbirə ev sahibliyi edəcək.
Belə bir tədbirin keçiriləcəyi şəhər seçilərkən ölkənin səhiyyə imkanları ilə yanaşı, sosial-ictimai vəziyyəti, infrastrukturu və təşkilatçılıq potensialı da qiymətləndirilir. Bakının seçilməsi həm fəaliyyətimizin, həm Azərbaycan səhiyyəsinin, həm də ölkəmizin ümumi inkişafının göstəricisidir.
Tədbirdə 200-dən artıq xarici həkim və mütəxəssisin iştirakı gözlənilir. Amerikadan Çinə qədər geniş coğrafiyanı əhatə edən iştirakçılar arasında Avropa, Afrika, Yaxın və Uzaq Şərq ölkələrinin nümayəndələri olacaq. Bakının belə böyük beynəlxalq elmi tədbirə ev sahibliyi etməsi bizim üçün xüsusi qürur mənbəyidir.

 

– Qarşıdakı əsas hədəfləriniz nələrdir?
– Lazer cərrahiyyəsi sürətlə inkişaf edən qabaqcıl texnologiyadır. Bu üsullar həm əməliyyatı həyata keçirən həkim, həm də pasiyent üçün rahatlıq yaradır. Bir çox prosedurdan sonra ağrı daha az olur, bərpa və reabilitasiya müddəti isə qısalır.
Azərbaycan artıq dünyada gedən bu texnoloji inkişafın bir hissəsidir. Məqsədimiz yeni texnologiyalarla ayaqlaşmaq və onların ölkəmizdə tətbiqini genişləndirməkdir.
Gələcəkdə qulaq burun boğaz, damar cərrahiyyəsi, proktologiya, urologiya, ginekologiya, estetika, ortopediya, ağrı müalicəsi, torakal cərrahiyyə, onkoloji cərrahiyyə və qalxanabənzər vəzin lazer müalicəsi istiqamətlərini daha da inkişaf etdirmək niyyətindəyik. İnanıram ki, bu hədəflərə nail olacaq və Azərbaycanı regionda tibbi lazer texnologiyalarının inkişaf etmiş mərkəzlərindən birinə çevirəcəyik.


 63    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *