Bagla

Həkimdən soruş

Hekimden sorus







Ateroskleroz və Dislipidemiyanın İdarəolunması: Çağdaş Yanaşmalar və Perspektivlər” Ekspertlər Forumu Bakı şəhərində keçirildi

 

Kardiologiya və lipidologiya sahəsində aparıcı mütəxəssislərin iştirakı ilə “Ateroskleroz və Dislipidemiyanın İdarəolunması: Çağdaş Yanaşmalar və Perspektivlər” Ekspertlər Forumu keçirildi. Forum Azərbaycanda Lipid Məktəblərinin yaradılması təşəbbüsünün ilk rəsmi iclası olmaqla xüsusi əhəmiyyət kəsb etdi.

 

Tədbir Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun (ETKİ) direktoru, prof. Gülnaz Dadaşovanın açılış nitqi ilə başladı. Professor çıxışında lipidologiya sahəsində yeni mərhələnin başlandığını vurğulayaraq qeyd etdi:
“Bu Forum Azərbaycanda lipidologiya üzrə yeni fəsilin başlanğıcıdır. Lipid Məktəblərinin açılması ölkədə erkən diaqnostika, həkim təlimi və əhali maarifləndirilməsi sahəsində dönüş nöqtəsi olacaq.”

 

Açılış nitqindən sonra Forumun əsas qonağı — Avropa lipidologiyasının aparıcı simalarından biri, professor Alberico L. Katapano (İtaliya) çıxış etdi. Qeyd edək ki, Prof. Katapano sadəcə dünya miqyasında tanınan tədqiqatçı deyil, Avropa Ateroskleroz Cəmiyyətinin keçmiş prezidenti, EAS/ESC dislipidemiya üzrə klinik təlimatlarının həmmüəllifi, lipid metabolizmi, ateroskleroz patogenezi, PCSK9 inhibitorları və lipoprotein(a) üzrə aparıcı araşdırmaların müəllifidir. Onun elmi nüfuzu və beynəlxalq təcrübəsi Lipid Məktəblərinin yaradılması prosesinə xüsusi strateji dəyər qatır. Katapononun rəhbərlik etdiyi yanaşmalar Avropada lipid idarəetməsinin qızıl standart sayılır və bu biliklərin Azərbaycanda tətbiqi milli kardiovaskulyar risklərin idarə edilməsində yeni mərhələnin əsasını qoyur.

 

1-ci Plenar Müzakirə çərçivəsində ETKİ-nin elmi katibi, t.ü.f.d. Təranə Cavadova ölkədə lipid xidmətinin təşkili və Milli Lipid Xəritəsi Təşəbbüsü barədə geniş təqdimatla çıxış etdi.
Daha sonra həkim-kardioloq, t.ü.f.d. Ruslan Nəcəfov, prof. Valeh Mirzəzadə, Dr. Gülşən Süleymanova və Dr. Fuad Səmədov aterosklerotik ürək-damar xəstəliklərinin qlobal yükü, şəkərli diabet və dislipidemiya ilə bağlı müasir multiborbidlik yanaşmaları,aterosklerozun qeyri-invaziv görüntülənməsində innovativ həllər, lipid metabolizminə genetik yanaşmalar və fərdiləşdirilmiş tibbin imkanları mövzularında aktual məruzələr təqdim etdilər.

 

Dialoq bölməsində PCSK9 inhibitorları, siRNA texnologiyası, lipoprotein(a) və digər müasir müalicə hədəfləri üzrə interaktiv müzakirələr aparıldı.
Bu Forum təkcə elmi fikir mübadiləsi deyil, həm də Azərbaycanda Lipid Məktəblərinin fəaliyyətinə rəsmi başlanğıcı elan edən ilk tədbir kimi tarixə düşdü. Təşəbbüs ölkədə kardiovaskulyar risklərin azaldılması, lipid pozğunluqlarının erkən aşkarlanması və həkimlərin müasir biliklərlə təchiz olunması istiqamətində yeni strateji mərhələ yaradır.

 


 86    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *