Bagla

Həkimdən soruş

Hekimden sorus







BMU-da “Qarabağda ekoloji terrora son” adlı elmi-praktik konfrans keçirilib

 

“Biz Qarabağda olan ekoloji terrora son demək istəyirik. İşğaldan azad olunmuş torpaqlarımızda olan təbii dərman vasitələrinin qorunması üçün əlimizdən gələni etməyə çalışırıq. Bu Fitoterapevtlər İctimai Birliyinin geniş yaydığı təbliğatdır. Bizim Qarabağda vaxtilə loğmanlarımız, təbiblərimiz olub. Bu ənənəni yaşatmaq, bərpa etmək o vaxtkı dərman bitkilərini yenidən canlandırıb dünyaya tanıtmaq istəyirik”.

 

Bunu Fitoterapevtlər İctimai Birliyinin təşkilatçılığı ilə Bakı Mühəndislik Universitetində keçirilən “Qarabağda ekoloji terrora son” adlı elmi-praktiki konfransda təşkilatın sədri, tibb elmləri doktoru Məlahət Qəhrəmanova bildirib.

 

 

Azərbaycanın flora və faunasının zəngin olduğunu diqqətə çatdıran M. Qəhrəmanova qeyd edib ki, ölkəmizdə 123 növ qeydiyyatda olan dərman bitkisi var. Bunun da 66 növü Qarabağda yerləşir.

 

 

Tədbirdə çıxış edən Mədəniyyət və İncəsənət Universitetinin dosenti, əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova Qarabağda ekoloji terrorla bağlı tədbirlərin keçirilməsinin çox vacib olduğunu vurğulayıb: “Ekoloji təfəkkür və onun formalaşması cəmiyyət üçün çox vacibdir. Ona görə belə konfransın keçirilməsi önəm daşıyır. 30 il ərzində torpaqlarımız ekoloji terrora məruz qalıb. O vaxtkı görüntüləri, filmləri izləyəndə biz bu faciənin miqyasını görürük. Biz bilməliyik ki, əgər dünyanın bir yerində ekoloji faciə baş verirsə, bu bütün dünyanın faciəsi deməkdir, ekoloji tarazlığın pozulması deməkdir ”.

 

 

Ombudsman Səbinə Əliyeva isə Azərbaycanda ekoloji terror, tarixi-mədəni sərvətlərimizin talanması, torpaqlarımızın minalanması haqqında çoxlu hesabatlar hazırlandığını dilə gətirib. Bildirib ki, Ombudsman Aparatı mütəmadi olaraq dünya ictimaiyyətini bu məsələlərlə bağlı məlumatlandırır.

 

 

Qarşımızda duran əsas məsələnin ermənilərin torpaqlarımızda törətdikləri ekoloji faciəni dünyaya çatdırmaq olduğunu deyən millət vəkili Qənirə Paşayeva qeyd edib ki, bu istiqamətdə Prezidentin gördüyü işlər hamımız üçün örnəkdir: “Hələ dünyada bu istiqamətdə görülməsi gərəkən işlərimiz var. İşğalçı zehniyyət tərəfindən hələ də flora və faunamıza zərər vurulması davam edir. Bərpa işlərində hamımız iştirak etməliyik. Bizim zəngin bitkilərimiz var. Biz onları dünyaya tanıtmalıyıq. Bütün təşkilatlarımız bu istiqamətdə çalışmalıdırlar.

 

Hər şey mədəniyyətə dayanır. Ekoloji mədəniyyət anlayışı da var. Çalışmalıyıq ki, dünyada da bu ekoloji mədəniyyət yüksəlsin”.

 

Konfransda Qarabağın azad olunmasından, vətəndaşlarımızın öz yurd-yuvasına qayıdışından sonra təbiətin də cana gələcəyi, dirçələcəyi və əvvəlki vəziyyətinə qayıdacağına əminlik ifadə olunub. Digər çıxışçılar, o cümlədən, Bakı Mühəndislik Universitetinin rektoru Haval Məmmədov, AMEA-nın Coğrafiya İnstitutunun baş direktoru Zakir Eminov, millət vəkilləri İlham Məmmədov, Müşfiq Məmmədli ekoloji təfəkkürün formalaşması üçün belə tədbirlərin böyük əhəmiyyət daşıdığını bildiriblər.

 

Konfrans işğal zamanı Ermənistan tərəfindən törədilmiş ekoloji cinayətlərin acı nəticələrinin geniş müzakirəsi ilə davam edib.

 


 2085    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *