Bagla

Həkimdən soruş

Hekimden sorus







Çimərlik mövsümü

Yay gələndə bir çoxları sərin yerlərə, ayrı-ayrı istirahət guşələrinə gedirlər. Bir çox insanlar da çimərliyə üz tuturlar. Günəş şüaları altında uzanıb dərini günə verərək qaralmaq isə əsas məqsədə çevrilir. Mütəxəssislər bunu məqbul hal saysalar da, bəzi qaydalara riayət etməyi məsləhət görürlər. Ancaq təəssüf ki, bəzən gərəkli olan qaydalara riayət etmədiyimiz üçün çimərliklərdən qanı qaralmış və xəstə vəziyyətdə qayıdırıq.

ÇİMƏRLİKDƏ QİDALANMA
Çimərliyə gedərkən özünüzlə yemək götürsəniz, yaxşı olar. Bununla orada açıq şəraitdə satılan və keyfiyyətinə bələd olmadığınız qidaları almağa məcbur olmazsınız. Ancaq həddən artıq yemək aparmaq da lazım deyil. Götürəcəyiniz yeməyin miqdarını getdiyiniz qrup üzvlərinin sayına görə təyin edin. Meyvə-tərəvəz, buterbrodlar, bərk bişmiş yumurta, pendir və sərinləşdirici içki çimərlikdə sizin üçün əla yemək çeşidi ola bilər. Ağır, yağlı yeməklər götürmək isə məsləhət deyil. Yeməkləri qumdan qorumaq üçün polietilen örtüyə bükmək lazımdır.
Çimərliyə gedərkən yol çantanıza digər lazımlı vasitələri də yerləşdirin. Belə ki, altınıza sərmək üçün örtük, dəsmal və günəş şüalarından qorunmaq üçün kremlərinizi götürməyi unutmayın.

 

GÜNƏŞ VANNALARI
Günəş vannalarını hər kəs qəbul edir, lakin bunu necə etmək lazım olduğunu hamı bilmir. Bəli, аzacıq qaralmaq dəri üçün xeyirlidir. Günəşin ultrabənövşəyi şüaları dəridə D vitamininin yaranmasına kömək edir, dəri cazibədar rəng alır. Lakin unutmayın ki, dərinin qaralması, eyni zamanda qüsurları da üzə çıxara bilər. Həddən artıq çox qaralmış dəridə qırışlar aydın nəzərə çarpır.
Çimərlikdə günün altında çox qalmaq olmaz. Bu, baş ağrısına, yorğunluğa, zəifliyə, hərarətin yüksəlməsinə səbəb ola bilər. Xüsusən də, günəşin intensivliyinin artıq olduğu günorta saatlarında gün altında qalmaq düzgün deyil. Günəş vannaları qəbul etmək üçün ən ideal vaxt saat 10-dan 12-yə və 16-dan 18-ə qədər olan vaxtdır. Həddən artıq isti günlərdə isə saat 11.00-dən 17.00-dək günəşdən uzaq olmaq məsləhətdir. Çimərliyə getdiyiniz ilk günlərdə günəş altında az qalmağa çalışın.

 

GÖZÜNÜZÜ VƏ SAÇINIZI QORUYUN
Çimərliklərdə olarkən birtərəfli yanmamaq üçün hər 5 dəqiqədən bir vəziyyətinizi dəyişsəniz, yaxşı olar. Bu üsulla 1 saata qədər günün altında qalmaq olar. Təbii ki, bu müddət ərzində bir neçə dəfə kölgəyə çəkilmək və suya girmək lazımdır. Günün birbaşa təsirindən qorunmaq üçün çətirlərdən də istifadə edə bilərsiniz. Dərinizin eyni dərəcədə yanması üçün düzgün uzanmağa da diqqət yetirməyiniz lazımdır. Uzanarkən günəş şüalarının birbaşa bədənə düşməsinə fikir verin, ayaqlar isə günün olduğu tərəfə yönəlsin. Başınıza açıq rəngli panama, yaxud saman şlyapa qoysanız, yaxşıdır. Bununla həm gün vurmanın qarşısını alarsınız, həm də saçlarınızı ultrabənövşəyi şüaların mənfi təsirindən qorumuş olarsınız.
Çünki bu şüalar saçı zəif və solğun edir. Gözünüzü parlaq gün işığından qorumaq üçün çimərliyə gedərkən tünd şüşəli eynək götürün. Tünd eynəklər göz ətrafının zərif dərisinin erkən qırışmasının da qarşısını alır. Gün eynəklərinizin ultrabənövşəyi şüaları keçirməmə qabiliyyətinin olmasına da diqqət yetirin. Eyni zaman­da günün altında olduğunuz bütün vaxtı eynəklə keçirməyin. Sonra göz ətrafı dərinin rəngi üzün dərisindən kəskin şəkil­də fərqələnər.

 

GÜNDƏN QORUNMA VASİTƏLƏRİ
Düzgün günəş vannası qəbul etmənin və sağlam qaralmanın əsas şərtlərindən biri də müxtəlif qoruyucu vasitələrdən istifadədir. Bu vasitələr iki qrupa bölünür:
1. Gün vannası qəbul edərkən çəkilməsi zəruri olan vasitələr – müxtəlif kremlər, yağlar, kosmetik südlər, gigiyenik dodaq boyaları və s.
2. Çimdikdən sonra bədən üçün lazım olan vasitələr – duş üçün gel, şampun, nəmləndirici krem və s.
Üz üçün olan qoruyucu vasitələr bədən üçün olanlardan keyfiyyətinə görə fərqlənməli və günəşdən qoruma faktoru (SPF) daha artıq olmalıdır. Tərkibində E vitamini və aloe olan kremlər ən yaxşıları hesab edilir. Çünki bu komponentlər dərinin tez qocalmasının qarşısını alır. Göz ətrafı dəri üçün də xüsusi vasitələr mövcuddur. Onların tərkibində yerkökü, vitaminlər və yağlar olur. Belə kremlərdən çimərliyə getdiyiniz ilk günlərdə istifadə edə bilərsiniz. Dodaqları da günəş şüalarından qorumaq lazımdır. Bu məqsədlə gigiyenik dodaq boya­larından istifadə edin.

 

YAŞIN FƏRQİ VAR…
Gündə qaralmaq fikrinə düşməzdən əvvəl, yaşınızı da yada salsаnız, yaxşı olar. Yaşı 40-ı ötmüş insanlar günəş şüalarının təsirinə qeyri-ciddi yanaşmama­lı­dırlar. Azyaşlı uşaqları da günəşin zərərli təsirlərindən qorumaq lazımdır.
Çimərliyə gedərkən ətir, ətirlənmiş salfet və bu kimi vasitələrdən istifadə etməyin. Onların çoxunun tərkibində günəş şüasının təsirilə dəridə piqment ləkələri əmələ gətirən maddələr var.
Çimərliyə gedərkən kosmetik vasitələrdən istifadəni ağlınıza belə gətirməyin. Çünki ustalıqla çəkilmiş makiyaj da günün altında əriyir və pis görünüş alır. Makiyaj­dan istifadə etməməklə, dərinizin rahat nəfəs almasına da imkan vermiş olarsınız.
Çimərlikdən və gün vannalarından sonra da dərini diqqətdən kənarda qoymaq olmaz. Duzlu sudan və günəşdən sonra mütləq ilıq su ilə yuyunmaq lazımdır. Bundan sonra dərinizə qatıq, xama çəkə bilərsiniz. Bunları bədəninizdə müəyyən qədər saxladıqdan sonra ilıq su və sabunla yuyunun. Qatığı soyuq nanə dəmləməsindən hazırlanan kompreslə də əvəz­lə­yə bilərsiniz. Ancaq ən yaxşısı gün üçün xüsusi vasitələrdən istifadə etməkdir. Xüsusən də dərinizdə ağır günəş yanıqları yaranıbsa, xama və qatıq kimi vasitələrdən istifadə etmək məsləhət görülmür.

 

TƏHLÜKƏSİZLİK TƏDBİRLƏRİ
Çimərlikdə ən çox sudan zövq alırıq. Ancaq suya girərkən ehtiy­yatı da əldən vermək düzgün deyil. Uzun müddət günün altında qaldıqdan sonra birbaşa suya girmək olmaz. Bu, spazma və qıcolmalara səbəb ola bilər. Çimmək istəyirsinizsə, bunu çimərliyə gələn kimi edin. Suya girərkən əvvəlcə bədəninizi əlinizlə isladın, temperatura alışdıqdan sonra tamamilə suya girin. Suda uzun müddət hərəkətsiz qalmayın. Ətraflarınızda qıcolma əmələ gəldiyi tədqirdə sudan çıxın və bədəninizi tam qurulayın.
Digərləri ilə yarışmaq bəhanəsi ilə dərin yerlərə üzüb, həyatınızı risk altına salmayın. Xüsusən də spirtli içki qəbul etdikdən sonра suya girməkdən uzaq qaçın.

 

ÇİMƏRLİKLƏRİN FƏSADLARI
Dəniz suyu ilə yoluxan xəstəliklər bunlardır; mədə-bağırsaq, nəfəs yolları, qulaq, göz və dəri infeksiyaları.
Bundan başqa gigiyenik cəhətdən təmiz olmayan çimərliklər qadınlarda sidik kanalı infeksiyalarına da səbəb ola bilər. Bu halın simptomları; tez-tez sidik ifrazı, sidik ifrazı zamanı yanma və ağrılar. Bəzən ağrılar bel nahiyəsinə də vura bilər. Bəzi xəstələrdə isə yüksək temperatur və titrəmələr də ortaya çıxır.
Hansı ehtiyat tədbirləri görülməlidir?
– Kanalizasiya qarışan yerlərdə və şiddətli yağıntılardan sonra dənizə girmək olmaz.
– Çirkli bölgələrdə, üzü köpüklü və yaşıl görünən suda üzmək olmaz.
– Dəniz suyunu mümkün olduğu qədər udmamaq lazımdır (suya baş vurarkən burun tutulmalıdır).
– Dəridə sıyrıq və kəsik yerlər varsa, dənizdən çılxdıqdan sonra təmiz su və sabunla həmin yerlər yuyulmalıdır.
– Qulaq infeksiyalarının qarşısını almaq üçün qulaqcıqlardan istifadə etmək lazımdır.
– Göz infeksiyalarından qorunmaq üçün dəniz gözlüyündən istifadə etmək lazımdır.
Çimərliklərdə edilən ən böyük səhvlərdən biri də yaş çimərlik paltarı ilə uzun müddət oturmaqdır. Bu hal hər iki cinsin nümayəndələri üçün xəstəlik qaynağıdır.

 

ÇİMƏRLİKDƏ QADAĞANDIR
– Qadağan olunmuş işarələr qoyulan yerlərdə çimmək;
– Sərhəd qoyulmuş ərazilərdən kənara üzmək;
– Suda üzən motorlu, yaxud avarlı qayıqlara, gəmilərə və digər üzən qurğulara yaxınlaşmaq, bu məqsəd üçün nəzərdə tutulmayan qayıqlardan suya tullanmaq;
– Su hövzəsini və sahili çirkləndirmək, zibilləmək;
– Sərxoş vəziyyətdə çimmək;
– İt və digər heyvanları çimərliyə gətirmək;
– Bu məqsəd üçün ayrılmamış yerlərdə idman oyunları oynamaq, suda olarkən şıltaqlıq etmək, məsələn suya batıb çimən adamın ayağından tutmaq, yalançı həyəcan səsləri vermək və s.;
– Taxta, şalban, hava ilə doldurulmuş avtomobil kameraları və döşəklər üzərində üzmək və s.;
– Az yaşlı uşaqları nəzarətsiz qoymaq.


 1398    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *