

Diaqnoz Tibb Mərkəzinin Terapevt-Hepatoloqu, Tibb üzrə Fəlsəfə Doktoru Sevinc Abasova 19-21 noyabr 2025-ci il tarixlərində Honq Konqda keçirilən dünya miqyasında qaraciyər xərçəngi və hepatologiya sahəsində ən nüfuzlu elmi tədbirlərdən biri sayılan ILCA 2025 Beynəlxalq Konfransında ölkəmizi layiqincə təmsil edib.
Beynəlxalq Qaraciyər Xərçəngi Assosiasiyası (International Liver Cancer Association – ILCA) və Honq Konq Qaraciyər-Öd və Mədəaltı Vəzi Cərrahiyyəsi Cəmiyyətinin (Hong Kong Society of Hepatobiliary and Pancreatic Surgery – HKSHBPS) birgə təşkilatçılığı ilə həyata keçirilən ILCA25 konfransında qaraciyər xərçəngi üzrə mütəxəssislərə bu sahədəki ən son yenilikləri müzakirə etmək üçün unikal imkan yaradılıb.
ILCA25 konfransı çərçivəsində multidissiplinar yanaşması ilə dünyanın müxtəlif ölkələrindən olan alimlər arasında elmi əməkdaşlıq və təcrübə mübadiləsi aparılıb, gələcək birgə tədqiqat istiqamətləri üzrə yeni təşəbbüslər irəli sürülüb. Masterklassda qaraciyər xərçənginin radioloji diaqnostikası, transplantasiya, cərrahiyyə, sistemik terapiyalar və s. mövzular müzakirə edilib.
Tibb üzrə Fəlsəfə Doktoru Sevinc Abasova — elmi uğurları ilə beynəlxalq arenada ölkəmizi, səhiyyəmizi və klinikamızı layiqincə təmsil edən azərbaycanlı həkimdir, onun bu konfransda iştirakı ölkəmizin hepatologiya elmi sahəsindəki potensialının tanıdılması və beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Bir cavab yazın