Bagla

Həkimdən soruş

Hekimden sorus







İcbari tibbi sığorta çərçivəsində endoprotezləşdirmə əməliyyatı

 

Skelet sistemini meydana gətirən sümüklər arasında əlaqəni təmin edən birləşmə yeri – oynaq insan orqanizmində dayaq-hərəkət apa­ra­tının funksionallığını təmin edən əsas ele­mentlərdən biridir. Oynaq zədələndiyi zaman insan ciddi surətdə ağrıdan və hərəkət məhdudiyyətindən əziyyət çəkir, hətta əlil qalmaq təhlükəsi ilə belə üzləşir.

 

Bu səbəbdən oynaq xəstəliklərinin müali­cə­sinin əhali üçün əhəmiyyətini nəzərə alan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) bu istiqamətdə vətəndaşların tibbi xidmətlərə əlçatanlığının təmin edilməsi məqsədilə müvafiq tədbirlər görüb.

 

Belə ki, oynaq xəstəliklərinin müalicəsində ən effektiv üsul endoprotezləşdirmə əməliyyatının aparılmasıdır və bu cərrahi tibbi xidmət Agent­lik tərəfindən vətəndaşlara ödənişsiz surətdə təqdim olunan 2550 tibbi xidmətdən biri kimi Xidmətlər Zərfinə daxildir. Xidmətlər Zərfi icbari tibbi sığortanın maliyyə mənbələri hesabına sığortaolunanlara müvafiq növdə, həcmdə və şərtlərlə göstərilən tibbi xidmətlərin toplusudur.

 

Nəzərə çatdırılır ki, “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarına əsasən, təqvim ili ərzində icbari tibbi sığorta çərçivəsində təminat verilən endopro­tezləşdirmə əməliyyatlarının sayı 300 müəyyən edilib. 2021-ci il ərzində bu tibbi xidmətdən istifadə ilə bağlı Agentliyə müraciət edən 300 vətəndaş icbari tibbi sığorta vəsaiti hesabına əməliyyat olunub. Xatırladaq ki, 2020-ci ildə bu tibbi xidmətdən icbari tibbi sığortanın təbiq olunduğu 23 şəhər və rayon üzrə 47 nəfər yararlanmışdır.

 

Qeyd edək ki, təqvim ili üzrə limit həddi tamamlandıqdan sonra daxil olan müraciətlərə növbəti il baxılır və vətəndaşların çoxsaylı müraciətini nəzərə alan Agentlik 2022-ci il üçün endoprotezləşdirmə əməliyyatının limitini artırmağı planlaşdırır.

 

Sözügedən Qərara əsasən, sığortaolunanlara endoprotezləşdirmə əməliyyatının göstərilmə şərtləri aşağıdakılardır:
– İxtisaslı həkim rəyi və müvafiq müayinə­nin nəticələri (əməliyyat olunacaq oynağın rentgen, MRT (maqnit-rezonans tomoqrafiyası) və ya KT (kompüter tomoqrafiyası) müayinələri)) əsasında diaqnozun müəyyənləşdirilməsi;
– Yalnız diz oynağı və bud-çanaq endopro­tezlərinin yerləşdirilməsi.
Diqqətə çatdırılır ki, icbari tibbi sığortanın təmin etdiyi bu cərrahi tibbi xidmət bud-çanaq oynağının hissəvi (bipolyar endoprotez) və diz oynağının total dəyişdirilməsini əhatə edir.

 

Dövlət tibb müəssisələrində icrası mümkün olmayan, xüsusi tibbi təchizat və təminat tələb edən endoprotezləşdirmə əməliyyatı Agent­liyin müqavilə bağladığı müvafiq tibb müəssisələrində icra olunur. Əməliyyat tibbi göstərişlərə əsasən, həyat və sağlamlığı üçün təhlükəlilik dərəcəsi ən yüksək olan pasiyentin həyat və sağlamlığı üçün təhlükəlilik səviyyəsi ən aşağı olan pasiyentlə növbələşmə prinsipinə əsasən göstərilə bilər.

 

Məlumat üçün bildirək ki, endoprotez dedikdə orqanizmin daxilinə yerləşdirilən protez – funksiyasını itirmiş və ya xəstə orqanın əvəzedicisi nəzərdə tutulur. Endoprotezləşdirmə əməliyyatı da öz növbəsində müxtəlif səbəblərdən oynaqlarının funksiyası pozulan pasiyentlər üzərində aparılır, yəni sıradan çıxmış oynaq süni oynaqla əvəz olunur. Qeyd edək ki, 18 yaşdan aşağı şəxslərdə endoprotezləşdirmə əməliyyatı sümüklərin qığırdaq hissəsi – böyü­mə zonaları hələ tam bağlanmadığına görə gələcəkdə onların fiziki inkişafına mənfi təsir etməmək üçün icra olunmur.

 

Agentliyin Tibbi iddialar departamentinin Tibbi ekspertiza şöbəsinin baş məsləhətçisi Tərlan Paşayevin sözlərinə görə, Xidmətlər Zərfi çərçivəsində sözügedən tibbi xidmətlə yanaşı, vətəndaş əməliyyat öncəsi müayinə və həkim konsultasiyası, anesteziya, reanimasiya və stasionarda yatış, yatış müddətində təyin edilmiş laborator və instrumental müayinələr, habelə endoprotez kimi tibbi ləvazimat üçün heç bir ödəniş etmir: “Əməliyyat zamanı istifadə olunan dərman və tibbi sərf, həmçinin həkim təqibi də tibbi xidmətin tarifinə daxildir”.

 

T.Paşayev, həmçinin əlavə edir ki, ehtiyac yarandığı təqdirdə bəzi xəstələrə əməliyyatdan əvvəl və sonra müəyyən vətərlərdə və əzələlərdə yaranan zəiflik və gərginliyin aradan qaldırılması ilə bağlı fizioterapiya xidməti göstərilir: “Bu zaman əzələ gücləndirici, stimulyasiya edici və oynaq hərəkət açıqlığını təmin edən fiziki müalicə proseduraları aparılır. Vətəndaş bu xidməti icbari tibbi sığorta çərçivəsində əldə etmək üçün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan dövlət tibb müəssisələrinə müraciət edə bilər. Xidmətlər Zərfinə əsasən, hər bir fizioterapevtik xidmət üzrə 10 prosedura nəzərdə tutulub və bu xəstənin narahatlığını aradan qaldırmaq üçün yetərli hesab edilir”.

 

Oynağın funksiyasının pozulması və xəstə­lərin əziyyət çəkdiyi ağrılar haqqında məlumat verən Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun Artroplastika və artroskopiya şöbəsinin müdiri Nizami Məmmədov bildirib ki, buna səbəb artroz xəstəliyidir: “Artroz oynaqların degenerativ-destruktiv zədələnməsi deməkdir. Xəstəliyin yaranmasının səbəblərinə revmatizmal xəstəliklər, oynağın anadangəlmə patologiyaları, oynaq daxili zədələnmələr, metabolik pozuntular və artıq çəki problemini nümunə gətirmək olar. Sadalanan məqamlar oynaq qığırdağının aşınmasına və oynağın sıra­dan çıxmasına gətirib çıxarır. Nəticədə, insan səhhətində hərəkət məhdudiyyəti, yerişin pozulması və oynaqların funksiyasının itirilməsi kimi mənfi hallarla üzləşir. Oynaq xəstəlikləri ağrılarının daimi xarakter alması isə xəstələrdə iş qabiliyyətinin azalmasına və hətta əlilliyin yaranmasına belə səbəb olur”.

 

N.Məmmədov vurğulayıb ki, məhz buna görə də çox vaxt endoprotezləşdirmə hərəkəti məhdudlaşmış oynağın funksiyasını bərpa etmək və ağrını aradan qaldırmaq üçün yeganə çıxış yolu olaraq seçilir: “Əməliyyatdan sonra pasiyent 4-6 həftə yerimək üçün köməkçi vasitədən istifadə edərək, 3 aydan sonra normal həyat tərzinə qayıdır. Bu müddət ərzində süni oynaq yerinə oturur, xəstənin ağrıları keçir və o, fiziki aktivliyini bərpa etmiş olur. Beləliklə, əməliyyat sayəsində insan nəinki iş qabiliyyətini bərpa edir, həm də əlil olmaqdan xilas olur. Onu da əlavə etmək lazımdır ki, bədənin hər hansı bir nahiyəsində aktiv infeksiyası olan şəxslərə sözügedən əməliyyat tövsiyə olunmur”.

 

Diqqətə çatdırırıq ki, icbari tibbi sığorta çərçivəsində ötən il endoprotezləşdirmə əməliyyatı olunaraq sağlamlığına qovuşan 300 şəxsdən biri də Abşeron rayon sakini Rəhman Bəxtiyarov olub. 1994-cü ildə – Birinci Qarabağ müharibəsi zamanı dağıntı altında qalaraq xəsarət alan, donvurmaya məruz qalan müharibə iştirakçısı uzun illər şiddətli ağrılardan, hərəkət məhdudiyyətindən əziyyət çəkib. R.Bəxtiyarov hər il bir neçə dəfə müalicə olunmasına, fiziotera­piya xidmətindən istifadə etməsinə baxmayaraq, səhhətində irəliləyiş baş verməyib.

 

Daha sonra Abşeron Rayon Mərkəzi Xəstə­xanasına müraciət edən R.Bəxtiyarov müayinə olunub və aşkar edilib ki, onun hərəkətinin məhdudlaşması, ağrıya səbəb sol bud-çanaq oynağının (bud sümüyünün başı ilə çanaq sümüyünün sirkə kasası arasındakı kürəşəkilli, çoxoxlu oynaq) zədələnməsi ilə bağlıdır. Həmçinin müəyyən olunub ki, vaxtında lazımi müalicə kursu aparılmadığına görə xəstəlik ağırlaşaraq son mərhələ artroza çevrilib.

 

Beləliklə, pasiyentə sol bud-çanaq oynağının artrozu və ya koksartroz (duzlaşma) diaqnozu təyin olunub və o, icbari tibbi sığorta vəsaiti hesabına əməliyyat olunmaq üçün Agentliyin müqavilə bağladığı müvafiq tibb müəssisəsinə yerləşdirilib. Xəstə üzərində apa­rılan endoprotezləşdirmə əməliyyatı zamanı onun bud sümüyünün oynaq səthi dəyişdirilib, funksiyasını icra etməyən, deformasiyaya uğramış bud sümüyünün başı xaric edilib və sirkə kasası (çanağın qalça sümüyünün bayır səthində bud-çanaq oynağına məxsus oynaq çuxuru) metalla əvəz olunub.

 

Əməliyyatdan sonra pasiyent rahat şəkildə hərəkət edə bilir və tədricən əvvəlki həyat tərzinə qayıdır. “Artıq 30 ilə yaxındır ki, mən Kəlbəcəri görmürəm. Ancaq icbari tibbi sığorta sayəsində mən əməliyyat olundum və inanıram ki, tezliklə ağrı çəkmədən doğma torpağımda gəzə biləcəyəm”, – R.Bəxtiyarov bildirib.
İcbari tibi sığorta çərçivəsində sağlamlığına qovuşan başqa bir pasiyent isə Qobustan rayon sakini Valeh Məmmədov olub. O, uzun müddət güclü ağrı və hərəkət məhdudiyyətindən əziyyət çəkib. Müayinə nəticəsində bəlli olub ki, V.Məmmədovun bud-çanaq oynağı aşınmağa uğrayıb və onun sağalması üçün yeganə yol endoprotezləşdirmə əməliyyatının aparılmasıdır. Beləliklə, pasiyent Agentlik tərəfindən əməliyyat keçirmək üçün müvafiq müqaviləli tibb müəssisəsinə yerləşdirilib.
Uğurlu əməliyyatdan sonra pasiyent artıq yeriyə bilir və o, günbəgün fiziki aktivliyini bərpa edir. “İcbari tibbi sığorta mənim əməliyyatımla əlaqədar bütün xərcləri qarşıladı və göstərilən xidmətin keyfiyyətindən razıyam”, – V.Məmmədov qeyd edib.

 

Vurğulamaq istərdik ki, prioritet istiqaməti tibbi xidmətlərin keyfiyyətinin və əlçatanlığının artırılması olan Agentlik daha çox vətəndaşın sağlamlığına qovuşması üçün səylərini davam etdirəcəkdir.


 1942    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *