Bagla

Həkimdən soruş

Hekimden sorus







İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 2021-ci ildə fəaliyyətinə baxış: Qısa icmal

 

2021-ci il İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) fəaliyyətinin genişlənməsi baxımından olduqca əhəmiyyətli və uğurlu dövr olmuşdur. Belə ki, ötən ilin 1 aprel tarixindən etibarən bütün ölkədə icbari tibbi sığortanın tətbiqi ilə Azərbaycan səhiyyə sistemindəki yeni mexanizm genişmiqyaslı fəaliyyətə başlamış oldu. Bu da öz növbəsində daha çox vətəndaşın icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan 2 550 sayda tibbi xidmətdən ödənişsiz istifadə etməsi deməkdir.

 

Tibbi xidmətlərə dair statistik göstəricilər
İcbari tibbi sığortanın bütün ölkədə tətbiq olunması ilə 2021-ci ildə əhaliyə göstərilən tibbi xidmətlərin sayında əhəmiyyətli artım müşahidə olunmuşdur. Belə ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyininin (TƏBİB) tabeliyindəki dövlət tibb müəssisələri tərəfindən Agentliyə təqdim olunan ilkin hesabatlara əsasən ötən il ölkə üzrə 4 053 636 vətəndaşa (ölkə əhalisinin 40%-i) ümumilikdə 22 954 649 tibbi xidmət göstərilib. Bu xidmətlərin 77 %-dən böyüklər, 23 %-dən isə uşaqlar istifadə edib. Tibb müəssisələrinə daxil olan 10 348 289 müraciətə əsasən tibbi xidmətlərin 83%-i ambulator, 17%-i isə stasionar şəraitdə göstərilib.

 

2021-ci ildə ölkə üzrə əhaliyə göstərilən tibbi xidmətlərə dair bir neçə statistik göstəricini təqdim edirik:
Ən çox xidmət göstərilmiş şəhər və rayonların ilk onluğu: Bakı (6 002 043), Mingəçevir (1 574 580), Gəncə (1 360 789), Sumqayıt (936 381), Xaçmaz (799 077), Yevlax (639 752), Quba (648 949), Zaqatala (548 137), Bərdə (519 099) və Şəki (516 832).
Əhalinin hər 1000 (min) nəfərinə tibb müəssisələrinə olunan müraciət sayına əsasən ilk onluqda yer alan şəhər və rayonlar: Mingəçevir (5 320), Şirvan (2 283), Yevlax (2 082), Gəncə (2 047), Ağdaş (1 944), Qəbələ (1 926), Zaqatala (1 804), Göygöl (1 799), Beyləqan (1 792) və Qax (1 758).

 

Ötən il ölkə üzrə tibb müəssisələrinə edilən müraciətlərin çoxu tibbi müayinə (hərbi xidmətə çağırılanların müayinəsi daxil olmaqla), qan dövranı sistemi xəstəlikləri, endokrin sistemin xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozğunluğu, tənəffüs sistemi xəstəlikləri, həzm sisteminin xəstəlikləri, sidik-cinsiyyət sisteminin xəstəlikləri, sümük və əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri, mamalıq və ginekologiya, gözün və gözün əlavə aparatının xəstəlikləri və zədələr, zəhərlənmələrlə bağlı olub.

 


Ən çox xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğu: Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası (1 574 580), Gəncə Şəhər Birləşmiş Xəstəxanası (1 360 789), Sumqayıt Tibb Mərkəzi (936 272), Xaçmaz Rayon Mərkəzi Xəstəxanası (799 077), Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası (729 250), Kliniki Tibbi Mərkəz (664 432), Yevlax Rayon Mərkəzi Xəstəxanası (693 752), Quba Rayon Mərkəzi Xəstəxanası (576 669), 5 nömrəli Şəhər Klinik Xəstəxanası (567 207) və Şəki Rayon Mərkəzi Xəstəxanası (516 832).

 

Ən çox ambulator xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğu: Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası, Gəncə Şəhər Birləşmiş Xəstəxanası, Sumqayıt Tibb Mərkəzi, Xaçmaz Rayon Mərkəzi Xəstəxanası, Yevlax Rayon Mərkəzi Xəstəxanası, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası, 5 nömrəli Şəhər Klinik Xəstəxanası, Quba, Şəki və Zaqatala rayon mərkəzi xəstəxanaları.

 

Ən çox stasionar xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğu: Kliniki Tibbi Mərkəz, Gəncə Şəhər Birləşmiş Xəstəxanası, Sumqayıt Tibb Mərkəzi, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası, K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası, 3 nömrəli Şəhər Klinik Xəstəxanası, Xaçmaz, Quba və Ağdaş rayon mərkəzi xəstəxanaları.

 

Agentliyə təqdim edilən ilkin hesabatlara əsasən 2021-ci il ərzində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki tibb müəssisələrində vətəndaşlara 127 539 cərrahi xidmət göstərilib. Cərrahi müdaxilələr əsas etibarilə mamalıq prosedurları, kişi və qadın cinsiyyət üzvləri üzərində aparılan əməliyyatlar, həzm sistemində aparılan əməliyyatlar, əzələ-skelet sistemi, göz əməliyyatları, burun, ağız və udlaq əməliyyatları, endokrin sistemdə aparılan əməliyyatlar və dəri örtükləri sistemində aparılan əməliyyatlarla bağlı olub.

 

Həmçinin ilkin hesablamalara görə, 2021-ci ilin yanvar-dekabr ayları ərzində ölkə üzrə 578 nəfəri uşaq olmaqla 22 418 vətəndaş müvafiq göndərişlərə əsasən dövlət tibb müəssisələrində aparılması mümkün olmayan, habelə xüsusi tibbi təchizat və təminat tələb edən əməliyyat və xidmətlərlə bağlı müqaviləli tibb müəssisələrinə yönləndirilib. Bu şəxslərdən 8 408 nəfərə invaziv radiologiya (angioqrafiya) xidmətləri göstərilib, 6 494 nəfər ürək-damar cərrahiyyəsi/kardiologiya, 4 020 nəfər oftalmologiya, 1 581 nəfər urologiya, 871 nəfər nevrologiya/neyrocərrahiyyə, 467 nəfər travmatologiya, 237 nəfər LOR, 209 nəfər digər sahələr, 94 nəfər ümumi cərrahiyə, 37 nəfər isə ginekologiya və doğuş üzrə əməliyyat olunub. Qeyd edək ki, ürək-damar cərrahiyyəsi üzrə əməliyyat keçirən pasiyentlərdən 264 nəfərini uşaqlar təşkil edib. Hazırda vətəndaşlara verilmiş göndərişlər əsasında müqaviləli tibb müəssisələri tərəfindən tibbi xidmətlərin göstərilməsi və onların elektron reyestrdə qeydiyyatı davam edir.

 

Bununla yanaşı, 2021-ci il ərzində 18 yaşdan yuxarı 300 şəxs icbari tibbi sığorta çərçivəsində endoprotezləşdirmə olunub. Eyni zamanda hesabat dövründə 158 nəfər koxlear implantasiya əməliyyatı xidmətindən istifadə edib. Əməliyyat olunan pasiyentlərin 141-ni uşaqlar, 17-ni isə böyüklər təşkil edib.

 

Bakı və Sumqayıt şəhərlərində aparılan struktur islahatları
Ötən il həyata keçirilən əhəmiyyətli yeniliklərdən biri kimi struktur dəyişikliklərini vurğulamaq istərdik. Belə ki, Bakı və Sumqayıt şəhərlərində mövcud olan dövlət tibb müəssisələrinin fəaliyyətinin effektiv təşkili və idarəolunmasını təmin etmək məqsədilə Agentlik tərəfindən keçən il Bakı şəhərinin rayonları üzrə 11 tibb mərkəzi, Sumqayıt şəhərində isə 1 tibb mərkəzi yaradılıb.

 

Yeniliyə əsasən paytaxtda çoxprofilli stasionar və ixtisaslaşdırılmış poliklinik xidmət göstərən tibb müəssisələri müvafiq ərazi üzrə tibb mərkəzlərinin tabeliyinə verilib. Nəsimi rayonu ərazisində fəaliyyət göstərən Kliniki Tibbi Mərkəzin bazasında Nəsimi, Yasamal və Səbail rayonları üzrə tibb müəssisələrini özündə birləşdirən Kliniki Tibbi Mərkəz yaradılıb. Digər inzibati ərazi vahidləri üzrə isə Nərimanov, Nizami, Sabunçu, Binəqədi, Suraxanı, Lökbatan, Qaradağ, Xətai, Pirallahı və Xəzər tibb mərkəzləri təsis olunub. Qaradağ rayonunun ərazisinin böyüklüyü ilə bağlı və sakinlərin tibbi xidmətlərə əlçatanlığını təmin etmək məqsədilə sözügedən rayon üzrə 2 tibb mərkəzi (Lökbatan, Qaradağ) yaradılıb. Sumqayıt şəhərində isə Səhiyyə Şöbəsinin bazasında yeddisi Ailə Sağlamlıq Mərkəzi  və dördü şəhər xəstəxanası olmaqla 18 tibb müəssisəsindən ibarət Sumqayıt Tibb Mərkəzi yaradılıb.

 

Tibb mərkəzlərinin yaradılması zamanı müvafiq inzibati ərazi vahidi üzrə əhalinin sayı, əhaliyə düşən tibb işçilərinin sayı, tibb müəssisələrinin maddi-texniki bazasının vəziyyəti, nəqliyyat və digər infrastruktur imkanları nəzərə alınmışdır. Tibb mərkəzləri TƏBİB-in tabeliyində fəaliyyət göstərir.
Eyni zamanda qeyd olunmalıdır ki, struktur dəyişiklikləri planı hazırlanarkən icbari tibbi sığortanın tətbiqi ilə bağlı həyata keçirilən pilot layihə və tibb müəssisələrinin potensialının qiymətləndirilməsi üzrə nəticələr nəzərə alınmış, mövcud vəziyyət araşdırılmışdır. İdarəetmənin mərkəzləşdirilməsi, tibb müəssisələri şəbəkəsinin optimallaşdırılması və onların resurslarından səmərəli istifadə də bu islahatın prioritet istiqamətlərindəndir.

 

 

Göndəriş vərəqəsinin verilməsi qaydasına dəyişikliklər
Vətəndaşın tibbi xidmətlərdən operativ və sistematik qaydada istifadə etməsini təmin etmək üçün “Sığortaolunanlara* ixtisaslaşdırılmış tibbi xidmətlərin göstərilməsi üçün göndəriş vərəqəsinin verilməsi” Qaydası mövcuddur və ötən il həyata keçirilən yeniliklər sırasında Agentlik tərəfindən bu Qaydaya dəyişiklik edilməsi də yer alır.
Belə ki, sığortaolunanların tibbi xidmətlərə əlçatanlığının artırılması, əhalinin sağlamlığının qorunması, habelə vətəndaş məmnunluğunun təmin olunması məqsədilə edilən bu dəyişikliyə əsasən artıq vətəndaş TƏBİB-in tabeliyindəki istənilən dövlət tibb müəssisəsinə ixtisaslaşdırılmış ambulator yardım üçün (ixtisaslı həkim – kardioloq, uroloq, oftalmoloq, endokrinoloq və s. – müayinəsi) göndəriş vərəqəsi** olmadan müraciət edə bilər. Bu tibb müəssisələrinə rayon/şəhər mərkəzi xəstəxanaları, müalicə-diaqnostika mərkəzləri, birləşmiş şəhər xəstəxanaları, birləşmiş uşaq xəstəxanaları, şəhər klinik xəstəxanaları, vərəm əleyhinə tibb müəssisələri, habelə Kliniki Tibbi Mərkəz, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası, M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu və s. tibb müəssisələri aiddir.

 

Məsələn, nümunə ilə daha aydın izah edək. Şəki rayonu ərazisində yaşayan vətəndaşa ambulator tibbi xidmət yalnız yaşadığı yer üzrə fəaliyyət göstərən tibb müəssisələrində deyil, ölkənin müxtəlif şəhər və rayonlarındakı tibb müəssisələrində də göstəriləcək, habelə Bakı şəhəri ərazisində yaşayan vətəndaş da respublikanın müxtəlif bögələrində fəaliyyət göstərən tibb müəssisələrinə ixtisaslaşdırılmış ambulator tibbi yardım üçün müraciət edə biləcək. 
Qaydaya əsasən müştərək maliyyələşmə ilə bağlı müddəalar qüvvəyə minənədək dövlət tibb müəssisələrində yalnız stasionar şəraitdə göstərilən tibbi xidmətlər üçün göndəriş vərəqəsinin verilməsi tələb olunacaq. Bunun üçün vətəndaş ailə həkimi (sahə həkimi-terapevti, sahə həkimi-pediatrı) və ya ixtisaslı həkim (müalicə həkimi) tərəfindən göndəriş vərəqəsi almalıdır.

 

Stasionar şəraitdə tibbi xidmətin göstərilməsi üçün göndəriş vərəqəsini müalicə həkimi özünün aid olduğu inzibati ərazi vahidində, orada xidmətin göstərilməsi mümkün olmadıqda tibbi ərazi bölməsində, bu da mümkün olmadıqda tibbi ərazi bölməsindən kənarda yerləşən dövlət tibb müəssisəsinə verə bilər. Əgər qeyd olunan hər üç yerdə bir neçə dövlət tibb müəssisəsi fəaliyyət göstərirsə, bu zaman pasiyentin istəyi nəzərə alınır və onun seçdiyi dövlət tibb müəssisəsinə göndəriş verilir.
Xatırladaq ki, dövlət tibb müəssisələrində ambulator və ya stasionar şəraitdə tibbi xidmətin göstərilməsi mümkün olmadıqda sığortaolunan Agentliyin müqavilə bağladığı özəl tibb müəssisəsinə yönləndirilir. Özəl tibb müəssisəsi tərəfindən həm ambulator, həm stasionar şəraitdə tibbi xidmət icbari tibbi sığortanın vəsaiti hesabına yalnız müalicə həkimi tərəfindən verilmiş göndəriş əsasında göstərilir. Hazırda Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrinin sayı 34-ə çatır və bu rəqəmin artırılması istisna edilmir.

 

Özəl tibb müəssisələrində pasiyentə icbari tibbi sığorta vəsaiti hesabına göndəriş vərəqəsi olmadan stasionar şəraitdə təcili tibbi yardım yalnız Agentliyin razılığı ilə göstərilə bilər. Bunun üçün özəl tibb müəssisəsi Agentliyə elektron sorğu göndərir. Agentlik tibbi xidmətin Xidmətlər Zərfinə daxil olub-olmadığını, dövlət tibb müəssisəsində tibbi xidmətin göstərilməsi mümkünlüyünü və təcililik dərəcəsini nəzərə alaraq, tibbi xidmətin icbari tibbi sığorta vəsaiti hesabına göstərilməsini qarşılayır və ya sığorta ödənişindən imtina edir. Diqqətə çatdıraq ki, bu özəl tibb müəssisəsi Agentliyin müqavilə bağlamadığı müəssisə də ola bilər və beləliklə, bu yenilik vətəndaşlara təcili hallarda müraciət etməli olduqları tibb müəssisəsində ödənişsiz stasionar tibbi yardım almağa imkan yaradır. Pasiyent göndəriş vərəqəsi olmadan özəl tibb müəssisələrinə birbaşa müraciət etdikdə tibbi xidmətdən öz vəsaiti hesabına yararlanır.

 

Qaydada edilmiş digər əhəmiyyətli yenilik müxtəlif dövlət orqanlarının (Səhiyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi və s.) tabeliyində olan tibb müəssisələrində stasionar şəraitdə sığortaolunana ixtisaslaşdırılmış tibbi yardımın göstərilə bilmədiyi hallarla bağlıdır. Bu cür hallar baş verdikdə sözügedən tibb müəssisələri bu barədə Agentliyə rəsmi məktubla müraciət edirlər. Agentlik göstərilən xidmətin Xidmətlər Zərfinə daxil olub-olmadığını nəzərə almaqla, tibbi xidmətin icbari tibbi sığortanın maliyyə mənbələri hesabına həyata keçirilməsinə razılıq verir və ya tibbi xidmətə görə sığorta ödənişindən imtina edir.

 

Müharibə iştirakçıları və şəhid ailəsi üzvlərinə göstərilən qayğı
2021-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi uğrunda yaralanan şəxslərin, habelə şəhid ailəsi üzvlərinin sağlamlığının bərpası, onların müalicəsi istiqamətində Agentlik tərəfindən mühüm tədbirlər icra olunub. Belə ki, ötən il İkinci Qarabağ müharibəsi iştirakçıları və şəhid ailəsi üzvlərinə 124 055 tibbi xidmət göstərilib. İcbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində göstərilən tibbi xidmətlərin 108 607-si ambulator, 15 448-i isə stasionar şəraitdə göstərilib. Tibbi xidmət almış 8 544 şəxsin 7 685 nəfəri müharibə iştirakçısı, 859 nəfəri isə şəhid ailəsi üzvü olub.

 

Bu müddətdə icbari tibbi sığorta vasitəsilə 290 nəfər müharibə iştirakçısı, 62 nəfər şəhid ailəsi üzvünün müraciəti əsasında 490 cərrahi əməliyyat icra olunub. Ümumilikdə 352 pasiyent üzərində icra olunan əməliyyatlar arasında partlayış və ya qəlpələrin səbəb olduğu zədələr (31), cərrahi müdaxilədən sonrakı vəziyyətlər (29), baş və boynun ikinci dərəcəli termiki yanığı (18), qasıq yırtığı (12) və qamış sümüyü cisminin sınığı (11) üzrə cərrahi xidmətlər üstünlük təşkil edib.

 

Bundan əlavə, Agentlik tərəfindən ölkənin ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlarda iştirak etmiş hərbi qulluqçulara, şəhid ailələrinə və müharibədən zərər çəkmiş şəxslərə psixoloji yardımın göstərilməsi haqqında Nazirlər Kabinetinin müvafiq qərarına əsasən keçən il hərbi əməliyyatlarda iştirak etmiş 2 072 hərbi qulluqçuya, 715 şəhid ailəsinə və müharibədən zərər çəkmiş 419 şəxsə psixoloji yardım göstərilib. Psixoloji yardım xidməti ölkə üzrə 8 şəhər və rayonda – Bakı, Sumqayıt, Gəncə, Quba, Şirvan, Ağdam, Şəki və Lənkəranda yerləşən TƏBİB və Səhiyyə Nazirliyinin tabeliyindəki tibb müəssisələrində yaradılmış psixoloji yardım mərkəzlərində həyata keçirilib. İxtisaslaşdırılmış psixoloji yardım xidmətinin icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olmamasına baxmayaraq, müharibə iştirakçılarının və şəhid ailələrinin psixi sağlamlığının qorunmasının vacibliyini nəzərə alaraq həmin şəxslərə ödənişsiz şəkildə psixoloji konsultasiya xidməti göstərilib.

 

Mərkəzlərdə həmçinin müayinə əsasında psixi pozuntuların müalicəsi üçün 6 adda zəruri psixotrop dərman preparatları ödənişsiz təqdim olunur. Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi tərəfindən təchiz edilən dərman preparatlarını regional psixoloji yardım mərkəzlərinin fəaliyyət göstərdiyi müəssisələrdən və ya burada çalışan psixoloqların yönləndirdiyi tibb müəssisələrindən əldə etmək olar.

 

Agentliyin xarici dövlətlər və beynəlxalq təşkilatlarla əməkdaşlığı
2021-ci il eyni zamanda Agentliyin beynəlxalq təşkilatlarla əməkdaşlığı baxımından olduqca məhsuldar olmuşdur. Bu əməkdaşlıq əlaqələri çərçivəsində görülən işlərə nümunə olaraq Agentlik və BMT-nin Əhali Fondunun (UNFPA) maliyyə dəstəyi ilə İkinci Qarabağ müharibəsindən zərər çəkmiş 8 şəhər və rayonda əhaliyə cinsi və reproduktiv sağlamlıq, həmçinin gender əsaslı zorakılıqla mübarizə sahələrində səyyar xidmətlərin göstərilməsini qeyd etmək olar.

 

Belə ki, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun mütəxəssislərindən ibarət səyyar qruplar tərəfindən keçən ilin iyun və avqust aylarında Gəncə, Mingəçevir, Ağdam, Ağcabədi, Goranboy, Tərtər, Göygöl və Bərdədə səyyar xidmət və təlimlər təşkil olunub. Layihənin məqsədi müharibə zamanı zərər çəkmiş ərazilərdə hamilə, tənha, sonsuzluq və digər ginekoloji problemləri olan qadınları tibbi müayinəyə cəlb etmək, habelə arzuolunmaz hamiləlikdən qorunma yolları, ailə planlaşdırılması, sanitariya qaydaları və digər cinsi və reproduktiv sağlamlıq məsələləri ilə bağlı onları maarifləndirmək olub.

 

Bununla yanaşı, ötən il Agentlik BMT-nin Uşaq Fondu (UNICEF) ilə səmərəli əməkdaşlıq etmiş və bu çərçivədə əhalinin həssas qruplarından biri olan hamilə qadınların fol turşusu və profilaktik doza dəmir preparatı ilə təmin olunmasına töhfə vermişdir. Belə ki, əməkdaşlığın nəticəsi olaraq UNICEF tərəfindən Azərbaycana Çin Xalq Respublikasının istehsalı olan dəmir və fol turşusu tərkibli 54 000 qutu həb ianə edilib və bu preparatlar Agentlik tərəfindən ölkədəki dövlət tibb müəssisələrinə paylanılıb. Beləliklə, ölkəmizdə uşaqlar arasında əlilliyin qarşısının alınması, ana və körpə ölümü riskinin azaldılması istiqamətində irəliyə doğru daha bir addım atılıb.
Agentliyin 2021-ci ildə əməkdaşlıq etdiyi digər bir təşkilat isə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) olub. Tərəflərin birgə icra etdiyi layihə çərçivəsində Bərdə və Ağdam rayonlarında məskunlaşmış məcburi köçkünlərə və yerli əhaliyə xidmət göstərən tibb müəssisələrinin maddi-texniki bazasını gücləndirmək məqsədilə həmin müəssisələrin texniki ehtiyacları araşdırılıb və nəticədə dövlət səhiyyə sisteminə daxil olan və ilkin tibbi-sanitariya yardımı üzrə fəaliyyət göstərən 28 tibb müəssisəsinin zəruri texniki ehtiyacları müəyyən edilib. Daha sonra GIZ tərəfindən həmin tibb müəssisələrinə 26 adda tibbi avadanlıq, ləvazimat və mebel dəstləri ianə edilib. Yardımın təyinatı üzrə Bərdə və Ağdam rayonlarına çatdırılması isə Agentlik tərəfindən həyata keçirilib.

 

İlbəil fəaliyyət dairəsini genişləndirən Agentliyin müxtəlif xarici qurumlarla əməkdaşlığı 2021-ci ildə Danimarkanın nüfuzlu əczaçılıq şirkəti olan Novo Nordisklə yeni layihənin icrasına başlamaqla daha da inkişaf etmiş oldu. Belə ki, xəstəliklərin profilaktikası, onlarla mübarizə və əhalinin bu barədə maarifləndirilməsi istiqamətində çalışan Agentlik ötən il Novo Nordisk şirkəti ilə “Virtual Diabet Məktəbi” layihəsi üzrə Anlaşma Memorandumu imzalayıb və nəticədə diabetlə mübarizədə maarifləndirici, zəngin məzmuna malik “diabetim.az” onlayn platforması yaradılıb. Ümumilikdə layihənin əsas məqsədi ölkədə ictimaiyyətin diqqətini şəkərli diabetlə mübarizəyə yönəltmək və əhalini bu istiqamətdə maarifləndirərək onları sağlam həyat tərzi keçirməyə səsləməkdir.

 

Son olaraq bildirilməlidir ki, Agentlik 2022-ci ildə də genişmiqyaslı fəaliyyətini davam etdirərək, hər bir Azərbaycan vətəndaşının sağlamlığının qorunması üçün səylərini daha da artıracaqdır.

 

* Sığortaolunan dedikdə sağlamlığı icbari qaydada sığortalanmış fiziki şəxslər nəzərdə tutulur və həmin şəxslərə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları, həbs edilmiş şəxslər, müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər (məntəqə tipli cəzaçəkmə müəssisələri istisna olmaqla) aid edilmir.

**Göndəriş vərəqəsi – tibb müəssisəsində pasiyentə tələb olunan tibbi xidmətlərin göstərilməsi mümkün olmadığı təqdirdə, həmin tibb müəssisəsinin bu xidmətləri göstərmək imkanına malik olan digər tibb müəssisəsinə verdiyi yazılı göstərişdir.


 8367    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *