

Bu il Şərqi və Mərkəzi Avropada ən iri dərman istehsalçısı olan “Gedeon Richter” macar əczaçılıq şirkətinin təsis edilməsindən 120 il ötür. Şirkətin istehsal etdiyi preparatlar hələ sovet vaxtlarından həkimlərə və pasiyentlərə tanışdır, daim yüksək keyfiyyəti, etibarlığı, təhlükəsizliyi, effektivliyi və əlçatanlığı ilə fərqlənir. Şirkət öz vəzifəsini dünyanın istənilən nöqtəsində insan sağlamlığına xidmət etməkdə görür və banisinin, macar novator-alimi Gedeon Rixterin təməl prinsiplərinə ciddi riayət edir. Rixter hesab edirdi ki, xəstəliyin milli və sinfi mənsubiyyəti yoxdur və inanırdı ki, tibb və əczaçılıq kimi elmlər hər insana xidmət etməlidir.

Noyabrın 23-də “JW Marriott Absheron Baku” otelində Azərbaycanda 1991-ci ildən fəaliyyət göstərən “Gedeon Richter” şirkətinin nümayəndəliyi tərəfindən təşkil olunmuş şirkətin təntənəli yubileyi qeyd edildi. Nümayəndəliyin direktoru Saidə Həsənova təbrik sözü ilə çıxış edərək şirkətin qısa tarixçəsindən və dünya əczaçılıq bazarında indiki mövqeyindən söhbət açdı. Tədbirin qonaqları sırasında tibbi ictimaiyyət nümayəndələri, həkimlər, şirkətin Azərbaycandakı kommersiya tərəfdaşları, habelə Nümayəndəliyin köhnə dostları olan Macarıstanın Azərbaycandakı səfirliyi də vardı. Fəxri qonaq Macarıstanın Azərbaycandakı səfiri cənab Viktor Sederkenyi təbrik çıxışında “Gedeon Richter” şirkətinin Macarıstanın iqtisadiyyatında, Azərbaycanın əczaçılıq bazarında əhəmiyyətini vurğuladı.

Gecənin xüsusi qonağı Azərbaycanın əməkdar pedaqoqu, əczaçılıq elmləri doktoru, professor, Beynəlxalq Elmlər Akademiyasının vitse-prezidenti, Azərbaycan Tibb Universitetinin dərman texnologiyası və əczaçılıq idarəçiliyi kafedrasının müdiri Məhbubə xanım Vəliyeva olmuşdur. O, Gedeon Rixterin insani, elmi cəhətlərindən danışaraq onun haqqında səmimi və təsirli sözlər söyləmiş, şirkətin məhsullarını yüksək qiymətləndirmiş, Azərbaycandakı nümayəndəliyi haqqında dəyərli fikirlər söyləmişdir. Qeyd etmişdir ki, istehsal etdiyi məhsulların çox yüksək keyfiyətindən savayı etik prinsipləri və nəcib təməl məqsədlərinə görə şirkət ölkəmizin əczaçılıq bazarında xüsusi yer tutur.

“Gedeon Richter”in Azərbaycan nümayəndəliyinin dostu Hacı Nuran Hüseynovun təbrik sözləri xoş təsir bağışladı. Qısa çıxışında o şirkətə davamlı inkişaf və firavanlıq arzuladı.


Qonaqların diqqətinə şirkətin banisi, görkəmli və keşməkeşli taleyi olan unikal insan Gedeon Rixterə həsr olunmuş kiçik sənədli-bədii film təqdim olundu, sonra gecəni “Contempo” macar musiqili caz-qrupu rövnəqləndirmişdir.


Tədbirin qonaqları arasında 44-günlük Vətən müharibəsində öz vətəndaşlıq və peşəkarlıq borcunu layiqincə yerinə yetirmiş həkimlərə xüsusi diqqət ayrılmışdır. Onlara qiymətli hədiyyələr və xüsusi təşəkkür diplomları təqdim edilmişdir. Macarıstan həmişə Azərbaycanın etibarlı tərəfdaşı olub, azadlıq müharibəsində ölkəmizə əlindən gələn dəstəyi göstərmişdir. Qəribə təsadüfdən Gedeon Rixterin doğma şəhəri Dyöndeş və Şuşa şəhəri hələ 2013-cü ildən etibarən qardaş-şəhər elan olunmuşdur və bu fakt Azərbaycanı və Macarıstanı daha möhkəm bağlarla birləşdirir.


“Gedeon Richter” şirkəti öz növbəsində Azərbaycan əhalisinin sağlamlığının qorunulması və güclənməsi naminə gündəlik səy göstərir, insanları keyfiyyətli preparatlarla təmin edir, həyat keyfiyyətini artırır.



Bir cavab yazın