

Bir il əvvəl “Yer və insan” jurnalının saytında “Viruslar barədə tam həqiqət” adlı məqaləm çap olundu.
Koronavirusa yoluxanların sayının daha da artdığı bu günlərdə, planetimizi uzun müddət tərk etməyən bu məkrli virus barədə il ərzində yığılan həqiqətləri bölüşmək istəyirəm.
Bu virusun qarşısında davam gətirib ona qalib gəlmək üçün kollektiv, populyasion immunitet formalaşmalıdır ki, insanlar qorxmadan maskasız gəzə bilsin. Gərək dünya əhalisinin təxminən 90%-i bu xəstəliyi ya keçirsin, ya da peyvənd olunsun. Dəqiq rəqəm söyləmək çətindir, çünki yoluxanların sayı hər gün artır. Aydındır ki, planetin əhalisinin sayı 7,8 milyarddan çox olmasını, dünya üzrə yoluxanların sayının 131 milyonu keçməsini nəzərə almaqla kollektiv immunitetdən danışmaq hələ çox tezdir.
Xəstəliyi keçirmiş adamlarda COVİD-19 qarşı immunitetin hansı müddət saxlanılması və qanlarında anticisimlərin neçə ay mövcud olması da hələ məlum deyil. Yəni təkrar yoluxmanın mümkünlüyü sualı açıq olaraq qalır.
COVİD-19 yeni virusdur və dəqiq öyrənilməsinə ehtiyac var. Hər gün onun haqqında yeni məlumatlar alırıq. Dünya xalqlarını pandemiyaya məruz qoyan, çox qısa zamanda bu qədər insanın canını alan, həyat fəaliyyətini iflic edən bu virus alimləri rekord qısa müddətdə onun genetik informasiyasını açmağa vadar etdi.
Artıq ötən il yanvarın 21-də virusun genom strukturu ictimaiyyətə çatdırıldı, üç gündən sonra isə dəqiq təsviri verildi. Yalnız bundan sonra dünya tibb işçiləri və mikrobioloqları ona qarşı dərmanların və vaksinlərin işlənib hazırlanmasına başlaya bildi.
Koronavirusa, ümumiyyətlə, yoluxmayan adamlar da var. Bu, planetin 1/3 hissəsini təşkil edən və qanında virusa qarşı hüceyrə immuniteti olan şəxslərdir. Və bu, anticisimlər deyil, immunitetimizin digər hissəsidir, yəni daxilində koronavirusun çoxaldıqı hüceyrələri tanıyıb, məhv edən immun sistemi hüceyrələri olan limfositlərdir. Məlumdur ki, təxminən 1/3 adamlarda rast gəlinən T-limfositlər klonları əvvəllər adi mövsümi koronaviruslarla rastlaşaraq yeni koronavirusa bənzər fraqmentləri yaddaşına həkk edib.
Səthi qatında yerləşən bitişmə zülalından ibarət (S-zülal) çıxıntılar vasitəsi ilə bu virus sağlam hüceyrə reseptorları ilə birləşir. Sonradan tədqiqatçılar SARS-Cov-2 bitişmə zülalında dörd ardıcıl amin turşularından qurulmuş və başqa məlum koronaviruslarda rast gəlinməyən xüsusi ilgək aşkar edir ki, həmin ilgək virusun hüceyrə səthində möhkəm dayanmasına və nüfuz etməsinə zəmanətli təminat verir.
COVİD-19 qarşı dərman vasitələri və vaksin yaradılması üzərində çalışan alimlərin vəzifəsi bu bitişmə zülallarını təcrid edib, zərərsizləşdirməkdir.
Mutasiyalar və bu virusun müxtəlif növlərinin olması səbəbindən xəstəliyin simptomları daha çox dəyişdi. Çoxlarında xəstəlik özünü heç bir simptomla aşkar etmir, digərləri onu yüngül, soyuqlama əlamətləri ilə keçirir (boğaz ağrısı, iybilmənin itməsi, öskürək və asqıraq, ümumi zəiflik), orta ağır formalarda açıq KRVİ əlamətləri, saturasiya dəyişməyən rentgenoloji təsdiqlənmiş pnevmoniya(Sat O2) və ağır formada müxtəlif simptomlar təsviri yaranır: quru öskürək, süstlük, iybilmənin və dadbilmənin itməsi, əzələ və oynaq ağrıları, üzücü qızdırma və diareya, ürəkbulanma, iştahasızlıq, çətinləşmiş tənəffüs, təngnəfəslik, saturasiyanın azalması (Sat O2<89-93%), hətta ASV aparatına qoşulma zəruriyyəti.
Çox ağır formalı gedişat ağır tənəffüs çatışmazlığı, Sat O2<88% , septik şok, KRDS (kəskin respirator distress-sindrom), limfositopeniya, IL-6 qatılığının artması, tromboz və tromboemboliya ilə müşayiət olunur.
İstənilən halda, həm yüngül, həm də ağır gedişat üçün ümumi əlamətlər zəiflik, əzələ ağrıları, tərləmə, saç tökülməsi və depressiyadır. Hətta yoluxmadan altı ay sonra da əzələ ağrısı, yorğunluq və psixi problemlər qalır. Laborator göstəricilərdən C-reaktiv proteinin artmasını qeyd etmək olar, ümumi qan analizinin göstəricilərində dəyişiklik.
Xəstəliyin ağır keçməsini şərtləndirən amillərdən biri xəstə adamla təmas zamanı alınan virus dozasıdır. Minimal yoluxma dozası 1000 virus almış adam xəstəliyi yüngül və fəsadsız keçirir, milyon virusu almış adam isə daha ağır keçirir. Mütəxəssislər bunu virus yükü adlandırırlar.
Xəstəliyin ağırlıq dərəcəsi bir çox hallarda immun sisteminin patogenə qarşı reaksiyasından asılıdır. Xroniki somatik fon, xəstəliklərin əhəmiyyəti də az deyil. Risk qrupuna aid olan pasiyentlər: arterial hipertenziyalı, hiperlipidemiyalı, kəskin koronar çatışmazlığı olanlar, şəkərli diabet, ağciyərlərin xroniki obstruktiv xəstəliyindən, bronxial astmadan, xroniki böyrək xəstəliklərindən əziyyət çəkənlər, xərçəng, sirroz, QİÇS xəstələri.
Ağır kəskin respirator SARS-Cov-2 sindromun inkişaf etməsinə səbəb olan koronavirus ümumi koronavirus ailəsinə aid və bəşəriyyətə əvvəllər məlum olmayan beta-növ virusdur. Virus ilk dəfə hələ 2019 ilin dekabrında Uhan şəhərində (Çin) pnevmoniyalı pasiyentlərin bronxoalveolyar lavaj nümunələrində aşkar olunmuş və koronavirusun bu növü COVID-19 adlandırılmışdır. Bu, insanın yoluxa biləcəyi məlum koronavirusun 7-ci növüdür.
Virusun strukturu birzəncirli, iri qişalı RNT-tərkiblidir. Selikli burun, qırtlaq qişasından və bronxial ağacdan periferik qana keçərək virus sonradan hədəf orqanlarını zədələyir: ağciyərləri, həzm traktını, ürəyi, böyrəkləri, hüceyrələri angiotenzinçevirən ferment 2 ekspressiya edən (angiotenzin-conventing enzyme 2- ACE 2). Ferment sinkasılı peptidaza olmaqla renin-angiotenzin sistemi fermentlərinə aiddir və arterial təzyiqin tənzimlənməsində həlledici əhəmiyyət daşıyır. Ağ ciyərlərin alveolyar hüceyrələri və nazik bağırsaqın epitelial hüceyrələri fermentin yüksək ekspressiyası ilə fərqlənir ki, əsasən, aşağı tənəffüs yollarının zədələnməsi və diareya ilə keçən abdominal sindromun yaranması bununla izah olunur. Selikli burun, ağız boşluğu, dil qişasında da ASE 2 mövcuddur, odur ki maskanın taxılması vacibdir.
SARS-Cov-2 virusu, ilk növbədə, çıxıntıları ilə məhz bu xain ASE 2 zülalı ilə birləşir. Sonradan virus öz RNT-nu zədələnmiş hüceyrənin daxilinə yeritməklə replikasiya olunur və yoluxmuş hüceyrədən azad olunan özünə bənzər virionlarla target orqanları zədələyir. Nəticədə, yerli və sistemli iltihab cavabı inkişaf edir.
İnsanın anadangəlmə immun sistemi viruslu patogenin S- zülalını aşkar edir. T- hüceyrəli immunitet aktivləşir, çoxsaylı iltihabönü sitokinlər hasil olunur, belə ki, COVID-19 zamanı onların hasilatı izafi dərəcədə çoxdur, odur ki, sitokin reaksiyası “sitokin qasırğası” adlanıb. Sitotoksik (CD8+) T- hüceyrələrin səviyyəsi xəstəliyin 7-ci günündən kəskin dərəcədə artır və yalnız üç həftədən sonra azalır.
Mövsümi KRVİ xəstəliyinə səbəb olan digər patogen koronaviruslardan fərqli olaraq, COVID-19 əvvəlcədən aydın bir kliniki simptomları olmadan yuxarı tənəffüs yollarında replikasiya olunur. Latent dövrün sonunda alveositlərin apoptozu (məhv olması) baş verir, ventilyasiya və perfuziya proseslərinin tarazlığı pozulur. Ventilyasiya funksiyası və bronxial mənfəz drenajı pozulmaqla ödem inkişaf edir, hipoksemiya yaranır (distress-sindrom).
Bu xəstəliyin qarşısını effektiv almaq üçün immunitet sistemini gücləndirilməsi vacibdir. Və bunun üçün adekvat qidalanma və normal qələvi-turş tarazlığı lazımdır. Bu barədə vaxtılə Xərçəngin aşkarlanmasına görə 1931 Nobel Mükafatı laureatı Otto Warburg, “Heç bir xəstəlik, o cümlədən xərçəng qələvi bir mühitdə mövcud ola bilməz” demişdi. Stres və gərginlik fonunda ümumi öd axarı sıxılır və qələvi mühitli öd durğunlaşır. Metabolik asidoz vəziyyəti yaranır. Turşu mühiti qan dövranı simmetrikliyini pozur, daxili orqanların qan təchizatı pozulursa, orada durğunluq yaranır. Üstəlik, antibiotiklərin qəbul edilməsi bağırsaq mikroflorasını dəyişir və yüksək bağırsaq keçiriciliyi sindromu inkişaf edir. Mikrob, göbələk, virus və ya iltihab məhsulları olsun, istənilən patogen asanlıqla qana və limfaya sirayət edə bilir. Əvvəl immun sistemi patogeni “görürdürsə”, antibiotik qəbul edilən kimi immun hüceyrələri “ovlamağı” yadırğayır, mikroorqanizmə yaxınlaşır, dönür və geri çəkilirlər. Onlar patogeni tanımırlar.
Mədə-bağırsaq traktının selikli qişasının xroniki iltihab prosesi fonunda mədə daxilində göbələk florası artır və inkişaf edir.
Mədənin hipertonik mövqe variantı var ki, bu zaman mədə sanki diafraqmaya sıxılır, ağciyər və ürəyə təzyiq edir. Mədənin bu mövqedə yerləşməsi viruslar üçün giriş qapısıdır. Böyümüş diafraqmaaltı limfa düyünləri vəziyyəti daha da ağırlaşdırır, nəticədə, diafraqmanın yüksək dayanışı qeyd olunur. Pasiyentləri diafraqmal tənəffüsə öyrəşdirmək lazımdır ki, diafraqmanın hündürlüyü ensin, ürəyin işi və ağciyərlərin funksiyası asanlaşsın. Diafraqmal tənəffüs ödün durğunluğunu aradan qaldırmağa kömək edəcəkdir. Beləliklə, asidləşmə problemi də həll ediləcəkdir.
Profilaktika məqsədlə Siqun hərəkətləri, limfodrenaj texnikası və masajı da tövsiyə etmək olar. Bədənin adi ovxalanması immuniteti aktivləşdirir, çünki immun hüceyrələri limfa düyünlərində yerləşir və limfosistem bütün bədəni əhatə edir. Böyümüş limfa düyünlərinin damarları mexaniki sıxması, sirkulyasiyanın pozulması, durğunluq, turşu-qələvi tarazlığının, bağırsaq mikroflorasının pozulması, göbələk və iltihab prosesləri orqanizmi həssas edir. Çoxlarının immun sisteminə aid dalaqla bağlı problemi də var. Dalaq zəifdirsə, xəstələr Covidi çox ağır keçirir.
Koronavirus infeksiyasına yoluxmuş pasiyentlərin müalicəsinə gəldikdə, ölkəmizdə TƏBİBin təsdiq etdiyi yeni təkmilləşdirilmiş tövsiyələr tətbiq olunur. Yeni elmi məlumatlar əsasında patogenetik müalicəyə dəyişiklikilər olunmuşdur. Gen injeneriyası bioloji preparatlarının təyini meyarları dəqiqləşdirilib. Müalicə protokoluna iltihab əleyhinə, antivirus, antitrombotik vasitələr, vitaminlər daxil olunub. Xəstəliyin ağırlığından asılı olaraq, müalicə sxemləri və kəskin tənəffüs çatışmazlığı olan pasiyentlərin intensiv terapiya yanaşması təkmilləşdirilib.
Xəstəliyin fəsadlaşması zamanı həkimlər ftorxinolonlar qrupuna aid, kombinə olunmuş (Sefoperazon – Sulbaktam), karbapenem qrupuna aid parenteral yeridilən antibakterial preparatları istifadə edirlər. İlk vaxtlar təsirli hesab olunan malyariya əleyhinə hidroksilxlorokin preparatının tətbiqi əsassızdır və yarım ildən çoxdur ki, təyin edilmir.
Maraqlıdır ki, koronavirusun müalicəsində effektivliyini göstərən preparatlar sırasında hipertenziya və aritmiyaya qarşı istifadə olunan beta-blokatorlar da vardır. Sadə lidokain belə çox effektiv nəticə verdi. Bu preparatlar fosfolipidlərin hidrolizində iştirak edən fosfolipaza A2 fermentini inhibə edir. Məlumdur ki, alveolların daxili qatını bürüyən və tənəffüs zamanı alveol divarlarını yapışmağa qoymayan səthi-aktiv surfaktant maddəsinin tərkibi 85% fosfolipidlərdən ibarətdir. Hərarət 38ºC dərəcəyə qədər olduğu halda nebulayzerlə yarıya qədər natrium xlorid məhlulu ilə həll olunmuş lidokain inhalyasiyası təyin edilir.
Sərbəst nəfəs alınca pasiyent oksigen alır, tənəffüs aparatlarına qoşulmur. Hazırda intubasiya yalnız fövqəladə vəziyyətlərdə istifadə olunur. Stasionarlarda kamfora spirtinin masaj hərəkətləri ilə sürtülməsindən sonra kürəyin ovxalanması və “çırpma” metodundan geniş istifadə edilir (ağciyərlərin proyeksiya sahəsi).
Koronavirus sinir sisteminədə təsir edir, vegetativ sinir sistemi basqılanır, nəticədə nəfəs almaqda çətinlik yaranir. Buna görə Siqun praktikasından məşqləri gündə bir neçə dəfə etməyinizi məsləhət görürəm. Bu sakit, zərif, sərbəst məşqlər pasiyentləriə sürətlə bərpa olunma imkanı verir. Covid palatasındaykən mütəmadi olaraq Siqun hərəkətləri edilə bilər.
Gün ərzində bir neçə dəfə tənəffüs gimnastikası etmək, hava şarı doldurmaq, qarını sıxıb –boşaltmaq, beli dartmaq, əlləri yuxarı qaldırmaq vacibdir,- bunu etməklə, bir şəkildə meridianların daxili gedişatına təsir göstəririk və bununla da bu meridianların keçdiyi orqanları stimullaşdırırıq.Belə ki, əlləri qaldırmaqla ağciyər meridianlarını dartırıq ki, bu da orqanı sağlamlaşdırır.
Simptomlar az da olsa, qorxub evdə oturmaq daha yaxşıdır ki, infeksiya mənbəyinə çevrilməyəsən. Test mənfi də ola bilər. Bütün məqamlar nəzərə alınmalıdır: xəstə ilə təmas olubmu, xəstəliyə oxşar əlamətlər varmı? Kompüter tomoqrafiyası qeyri-xarakterik pnevmoniya göstərirsə (“buzlu şüşə”), test nəticəsi mənfi olsa da, bu “korona” əlamətidir.
Bəzi xəstələr reanimasiya şəraitində olsalar da, SVA qoşulsa da, sağ qalmır. Oksigenasiya durmadan enir. Səbəb budur ki, ödemli ağciyərdəki “köpük” oksigeni aşağı paylara çatmağa qoymur. Pasiyentin saturasiyası enir, onun əvəzinə “nəfəs almaq” lazımdır, amma ağciyərlər tıxanıb!
Hələ yüz il əvvəl ağciyər ödemi vəziyyətində xəstəyə qanını qələviləşdirmək məqsədi ilə venadaxili natrium bikarbonat köçürülürdü. Yəni soda, bəlğəmi də durulaşdıran soda. Gündə bir neçə dəfə üzərinə spirt çilənmiş maska ilə yarım dəqiqə nəfəs almağı məsləhət edirəm ki, qabarcıqların səthi gərginliyi boşalsın və onlar partlasın. Bunu bütün vasitələrdən yaxşı köpüksöndürücü spirt edə bilər.
Profilaktika məqsədi ilə bayırdan evə qayıdarkən və ictimai yerlərdə olarkən, maskanı qaldırıb, spirtlə burun yollarını silin. Burun boşluğunda virusun qatılığını azaltmaq həyati vacib məsələdir. Xüsusi nazal spreylər virusu nazal divara yapışmağa qoymur.
İntensiv terapiya almış və sağalmış pasiyentlər xəstəliyin fəsadlarını aradan qaldırmaq üçün mütləq reabilitasiya keçməlidir. Reabilitasiya İnstitutunun elmi işçisi olaraq yaxın zamanlarda koronavirus keçirmiş pasiyentlərin reabilitasiyasına dair müfəssəl praktiki rəhbərlik yazmağı planlaşdırıram.
Dr. Samira Babayeva,
Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu, Bakı
Bir cavab yazın