

Kovid quyruğu yeni termin olaraq, hətta infeksiyanın tam müalicəsindən sonra da insanın əziyyət çəkdiyi müəyyən bir sindromdur. Yeni xəstəliyin bu paradoksal xüsusiyyəti artıq uzun müddətdir ki, həkimləri narahat edir. Postkovid sindromunun səbəblərinə gəldikdə, bir-birinə zidd olmayan bir neçə fərziyyə irəli sürülür. Belə ki, triqqer kimi infeksion proses və onunla bağlı toxuma zədələnməsi, virusun törətdiyi autoimmun reaksiyalar, damarların zədələnməsi və tromblaşmaya meyllilik göstərilir. Mütəxəssislərin fikrincə, sadalanan proseslər nəzəri cəhətdən postkovid sindromun formalaşmasına təsir edə bilər. Postkovid sindromun inkişaf etməsinə səbəb olan orqan zədələnməsi birbaşa virus təsiri ilə yanaşı, ağır gedişatlı xəstəliyin müalicəsində tətbiq olunan reanimasiya tədbirlərinin nəticəsi də ola bilər. Şəkərli diabet, venoz çatışmazlıq, arterial hipertoniya, bronxial astma və s. kimi xəstəliklərin kəskinləşməsi də təsir edir.
Yeni koronavirus infeksiyasının damar endoteliumunda inkişaf etməsi koaqulyasiya pozulmasına səbəb olur. Qanla intensiv təchiz olunan orqanlar – qalxanvarı vəzi, böyrəküstü vəzilər, böyrəklər və s. mikrotrombların əmələ gəlməsi səbəbindən normal işləyə bilmir. Tromblar və onların lizis məhsulları orqanizmdə toplanaraq iltihablaşmaya səbəb olur.
Risk qrupu
“Kovid quyruğu” riskinə başqalarından daha çox məruz qalan şəxslər var. Buraya aiddir:
• 65-dən yuxarı yaşlı adamlar;
• piylənmədən əziyyət çəkənlər, xüsusən, Pikvik sindromu olduqda;
• qandövranı xəstəlikləri olanlar;
• şəkərli diabeti olanlar;
• xroniki ağciyər-bronx xəstəlikləri olanlar;
• qaraciyər sirrozu olanlar;
• autoimmun xəstəlikləri olanlar;
• onkoloji profilli xəstələr;
• hematoloji xəstəlikləri olanlar;
• dərman anamnezi olanlar.
Bu qrup şəxslərdə postkovid sindromu psixoloji/psixiatrik və ya nevroloji simptomlarla təzahür olunur, skelet-əzələ problemləri, dermatoloji problemlər, ürək-damar pozuntuları, mədə-bağırsaq əlamətləri ilə müşayiət olunur.
Tənəffüs sistemi: təngnəfəslik, üzücü quru öskürək, döş sümüyü arxasında ağırlıq, dərindən nəfəs ala bilməmək, apnoye.
Ürək-damar sistemi: döş qəfəsində ağrı və sıxıntı hissi, ürək ritminin pozulması. Yorğunluq hissi və bədən hərarətinin artması.
Mədə-bağırsaq sistemi: ağrı, ürəkbulanma, qarın işləməsi, iştahasızlıq.
Oynaq və əzələ ağrıları
COVID-19-un ən təhlükəli fəsadları ürəklə bağlıdır: aritmiya, ürək çatışmazlığı, kardiomiopatiya, kəskin koronar sindrom, miokard infarktı, kardiogen şok və miokardit.
Sinir sistemi tərəfindən koronavirus sindromu ruhi pozuntu ilə təzahür olunur, belə ki, kəskin psixi pozuntu, posttravmatik sindrom, depressiya, nevrotik pozuntular bu sıradandır.
Virus qoxu reseptorlarından sürətlə sirayət edərək baş-beyin strukturlarını zədələyir: limbik sistemi, hipotalamus, beyincik, tənəffüs mərkəzi. Azan sinir kimi iri bir sinirin zədələnməsi çoxlu sayda dalğavari xarakterli simptomların yaranmasına səbəb olur ki, bu da həm parasimpatik, həm simpatik vegetativ sinir sisteminin fəaliyyətinin pozulması ilə bağlıdır. Nəticə olaraq, ürək ritminin pozulması, həyəcan, başgicəllənməsi, baş ağrısı, yuxu pozulması, qulaqlarda küy, dad və iybilmənin itməsi, keyləşmə kimi əlamətlər əmələ gəlir.
Nə etmək?
Problemi vaxtında aşkar edib qarşısını almaq üçün lazımi müayinələr aparılmalıdır:
• qanın ümumi və biokimyəvi analizi;
• koaquloqramma göstəricilərinə nəzarət;
• qalxanvarı vəzi hormonlarına nəzarət;
• fiziki yükə qarşı tolerantlıq testləri, misal üçün, 1-dəqiqəlik “oturaq-duraq” testi;
• davamlı öskürək zamanı ümumi IgE, eozinofil kation zülal yoxlanılır və spiroqrafiya aparılır.
Bəzi hallarda COVID-19-un kəskin mərhələsindən 12 həftə sonra döş qəfəsinin rentgeni tələb oluna bilər, əgər əvvəl bu müayinə aparılmayıbsa.
Ürək fəsadları inkişaf etdikdə aşağıdakı müayinələr aparılır:
• EXO-KQ;
• EKQ;
• xolter monitorlaşması;
• qanda C-reaktiv zülal, qanın ümumi analizi.
Koronavirus keçirmiş pasiyentlərin reabilitasiyası hələ hospitalizasiya mərhələsində başlanmalıdır. Orqanizmin tam bərpa olunması üçün ən vacib dövr yeni koronavirus infeksiyasının kəskin mərhələsindən sonrakı ilk səkkiz həftədir.
Reabilitasiya məqamları:
• qida tərzinin dəyişməsi;
• münasib fiziki yükün seçimi;
• tənəffüs gimnastikasının aparılması;
• vitaminlərin istifadə olunması.
Dolğun yuxu, zərərli vərdişlərin tərgidilməsi, sinir problemlərinin profilaktikası, yaxınlarla ünsiyyətin də əhəmiyyəti böyükdür.
Bir cavab yazın