“Bu dövrdə atana belə güvənməyəcəksən…”
Bu söz nəsillərin ağzında yuvarladığı bir paranoya küftəsi kimidir.
Mən bu sözü babamdan eşitmişəm. Yəqin onun atası da demişdi. Nəsildən-nəsilə ötürülən bir qorxu mirası kimi… Biz bu sözlə təkcə qorunmadıq, eyni zamanda içinə qapanmağı, məsafəli olmağı, hətta sevgini belə ehtiyatla yaşamağı öyrəndik.
Uşaq doğulan andan başlayaraq deyilən “heç kimə güvənmə” nəsihətləri zamanla insanın içinə hopur və ömür boyu davam edəcək bir təklik hissinə çevrilə bilər. Amma bu nəsihətin altında gizlənmiş əsas mənanı çox vaxt gözdən qaçırırıq: bu sözləri deyən şəxs, əksər hallarda bir valideyndir. Və fərqinə varmadan əslində belə deyir: “Mən də daxil olmaqla, heç kimə güvənmə”. Beləcə, uşaq ən çox ehtiyac duyduğu insana — yəni öz valideyninə belə tam güvənə bilmir. Güvən çatışmazlığı birdən deyil, asta-asta, məhz sevginin mərkəzində başlayır. İnsan ən çox sarılmalı olduğu qoldan belə çəkinməyə başlayır.
Zamanla bu zehni proqram bu cümləyə çevrilir: “Güvənmə ki, inciməyəsən”. Qulağa məntiqli kimi gəlir, amma insanı həm sevilməkdən, həm də sevməkdən uzaqlaşdırır. Çünki güvən yalnız qarşı tərəfə deyil, eyni zamanda özümüzə verdiyimiz bir qərardır. Və güvən duyğusu, sadəcə münasibətlərin deyil, insan olmağın da təməlidir.
Azərbaycan atalar sözündə deyildiyi kimi:
“Etibarını itirmiş insan, pulunu itirmiş kəsdən daha kasıbdır”.
Çünki insan heç kimə güvənmədikdə, yalnız xarici dünyadan deyil, eyni zamanda öz daxili səsindən də uzaq düşür. Qəlbi ilə təmas qura bilmir. Sevdiyini ifadə etməkdən çəkinir, incidilməkdən qorxur. Bu isə özü ilə tamam başqa bir təkliyi gətirir: İnsanların içində tək qalmaq…
Unudulan başqa bir həqiqət də var: güvən yalnız qan bağlılığı ilə qurulmur. Elə insanlar olur ki, nə qardaşındır, nə anan, nə atan… Amma sən çiynini ən çox onlara söykəyirsən. Elə dostluqlar, elə müəllimlər, elə sevgilər var ki, səni ilk dəfə anlayan məhz onlardır. Bu səbəbdən güvənin əsas meyarı “qohumluq” deyil, “əxlaqi yaxınlıq”dır. Əsas olan kim olduğu deyil, kimin yanında özünü necə hiss etdiyindir.
Həyat qulağımıza belə pıçıldayır:
“Güvən, sənə pislik edənin deyil, sənə yaxşılıq edənin haqqıdır”.
Bəli, hər kəsin etibarlı olmadığını bilirik. Amma heç kimə güvənməmək, yaxşılığa da qapını bağlamaq deməkdir. “Atana belə güvənmə” sözü, zənn edildiyi kimi qoruyucu deyil, əngəlləyicidir. Qapını bağlayar, qəlbini bağlayar. Və bəzən biri gələr, sənə yaxşılıqla yaxınlaşar, səni sağaltmaq istəyər… amma sən onu yaxınına buraxa bilməzsən. Çünki o köhnə söz artıq sənin andına çevrilmişdir: “Güvənməyəcəyəm”.
Halbuki insan təkcə ayaqda qalmaq üçün yox, söykənmək üçün də yaşayır.
Güvən, əgər istismar olunarsa, incidər, amma heç qurulmazsa, çürüdər.
İçimizdəki işığı yandıran təkcə ağıl deyil, o işığın başqasına da toxuna biləcəyinə olan inamdır.
Bu səbəbdən gəlin geridə yeni bir söz buraxaq:
“Bu dünyada hər kəsə güvənmə, amma güvənəcək birini tapmaqdan da
əsla vaz keçmə”.
Mehtap ŞAFAK
Yazar, Ailə və münasibətlər üzrə məsləhətçi
Bir cavab yazın