Bir zamanlar özünəməxsus bir padşah varmış. Onun nə zaman nə edəcəyini, fikirlərinin arxasında nə dayandığını heç kim anlaya bilməzmiş.
Hər il olduğu kimi, həmin il də padşah ölkəsini gəzib-dolaşmağa, xalqı ilə hal-əhval tutmağa çıxmış. Səfəri zamanı atlar susuz qalmış, dəvələr narazı olmuş, nəticədə karvansaralardan birində gecələməli olmuşlar. Bişəni yemiş, qaynayanı içmişlər. Ertəsi gün yola çıxmağa hazırlaşarkən padşah bir ağacın gövdəsinə söykənmiş bir evsizi görmüş. Ata minmədən həmin adamın yanına gedib bir az söhbət etmək istəmiş.
Evsiz demiş:
“Padşahım, mən bu damda dünyaya gəlmişəm, bu ağacın kölgəsində də son nəfəsimi verəcəyəm. Mənim ömür yolum o evlə bu ağac arasındakı məsafə qədərdir. Mənim nə sözüm ola bilər ki? Siz isə sərhədsiz torpaqlara hökm edən, bir işarə ilə dünyanı dəyişən, bolluq içində yaşayan birisiniz. Bu karvanda olan minik sayı qədər müdrik adamlarınız varkən, mənim kimi kasıb birindən nə öyrənə bilərsiniz axı?”
Padşah cavab vermiş:
“Haqlı ola bilərsən. İnsanı idarə etmək asandır, amma düşüncələri idarə etmək sandığın qədər asan deyil. Padşahlığın çətin tərəfi də məhz budur.”
Padşah, adamın bu etirazına qarşılıq mübahisəyə girmək əvəzinə fikrini daha yaxşı ifadə etmək üçün fərqli bir yol sınamaq qərarına gəlmiş:
“Haqlı ola bilərsən. İndi de görək, məndən nə istəyirsən. Elə et ki, sən düşün, mənim yerimə nə istədiyini qərar ver, bax gör necə həm ağlım, həm də istəyin sənin olur!”
Adam əvvəlcə çaş-baş qalıb. Padşahın onunla oyun oynadığını düşünüb. Amma padşah olduqca ciddi imiş. Evsiz deyib:
“Xəzinənizi istəyirəm.”
Padşah da qəbul etmiş. Hər kəs mat-məəttəl qalıb. Axı bu görünməmiş bir şeymiş. Hansı padşah müharibəsiz, qansız öz xəzinəsini bir başqasına vermişdi? Üstəlik də bu şəxs kimsəsiz, heç bir xüsusiyyəti olmayan bir səfillə fərqlənməyən birisi idisə! Bu nə görülmüş, nə də eşidilmiş bir şeymiş.
Padşah demiş:
“Lakin bir şərtim var.” Və davam etmiş:
“Bu gördüyün quyuya enəcəksən və oradan bir vedrə su çıxaracaqsan.”
Bu sadə istək qarşısında hər kəs donub qalıb. Hətta bir az da paxıllıq etmişlər. Evsiz adam sevinə-sevinə, ağızı qulağında quyuya enmək istəyəndə padşah deyib:
“Aman ha, ağlına kirpini gətirməyəsən!”
“İndi bu nə deməkdi? Quyu, su və kirpi nə əlaqə?” deyə düşünməyə başlamış adam. Amma o andan etibarən, bir daha kirpini ağlından çıxara bilməmiş. Bu sadə fikrə ilişib qaldığı üçün o nəhəng xəzinənin sahibi ola bilməmiş.
Padşah gülümsəyərək onun yanına gəlmiş və demiş:
“Gördünmü? Etməli olduğun tək şey, sadəcə bir vedrə su çıxarmaq idi. Əgər sən kirpini düşünmək əvəzinə, su çıxarmağa fokuslansaydın, fikrini ora yönəltsəydin, indi dünyanın ən zəngin adamı olacaqdın. Kirpini düşünməkdən suyu gətirə bilmədin. İndi anladınmı, düşüncələrə hökm etməyin çətinliyini?”
Qısası, insan beyni mənfiyə köklənib qalanda müsbəti qavramaqda çətinlik çəkir. İnsan beyni edə biləcəklərinə deyil, etməməli olduqlarına — yəni mənfiyə fokuslanaraq onu gücləndirir.
Əslində hər şeyi müsbətə çevirmək böyük qazancdır. Məsələn, xizəkçilər necə olur ki, saysız-hesabsız ağacların arasından keçərək, heç birinə çırpılmadan finiş xəttinə sağ-salamat çatırlar? İlk baxışdan bu çətin görünür, amma xizəkçilər üçün əslində olduqca asandır. Çünki xizəkçi ağaclara deyil, yola baxır. Gördüyü tək şey açıq yol olur. Amma əgər sən o xizəkçiyə “Ağaca çırpılma!” desən, gedib düz o ağaca dəyər. Çünki başqa bir şeyi görməz — gözünün önündə yalnız ağaclar olar. Amma ona “Yolu izləməlisən” desən, bu dəfə də təkcə yolu görər.
Bu, əslində hamımız üçün keçərlidir. Əgər maneələrə fokuslanarsaq, nəticə uğursuzluq olar. Bütün məsələ baxış bucağımızdadır. Və həyat — bax elə baxış bucağının özüdür.
Mehtap ŞAFAK
Yazar, Ailə və münasibətlər üzrə məsləhətçi
Bir cavab yazın