

Mustafa Salihov 1942-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1960-cı ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. İnstitutu bitirəndən sonra respublikamızın səhiyyə ocaqlarında həkim kimi çalışmış, sonra aspiranturaya qəbul olunmuşdur. Aspiranturanı 1971-ci ildə bitirən M. Salihov Azərbaycan Tibb İnstitutunun hospital terapiya kafedrasına assistent, sonra isə dosent vəzifələrinə seçilmişdir.
Gənc alimin biliklərini, praktiki təcrübəsini və fransız dilini mükəmməl bilməsini nəzərə alan SSRİ Səhiyyə Nazirliyinin rəhbərliyi onu Əlcəzair Xalq Demokratik Respublikasında işləmək üçün ezamiyyətə göndərir. Mustafa müəllim 1981-1984-cü illərdə Əlcəzairdə müvəffəqiyyətlə çalışır, Azərbaycanı bu ölkədə ləyaqətlə təmsil edir. M. S. Salihovun xəstələrə təmənnasız münasibəti, yerli əhali və işlədiyi hospitalın rəhbərliyi arasında ona böyük nüfuz qazandırmışdı. Vəzifəsinə vicdanlı münasibəti və ictimai həyatda fəal iştirakına görə o, SSRİ-nin bu ölkədəki səfirliyinin Fəxri Fərmanı ilə təltif edilmişdi. Eyni zamanda, Mustafa müəllimə Əlcəzair Xalq Demokratik Respublikası Səhiyyə Nazirliyinin təşəkkürü elan olunmuşdu.
S. Salihovun fəaliyyəti Səhiyyə Nazirliyi rəhbərliyinin diqqətini cəlb edir və o, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş terapevti vəzifəsinə təyin edilir. M. Salihov bu vəzifədə 1987-1994-cü illərdə çalışmışdır. Onu da qeyd etmək yerinə düşərdi ki, keçən əsrin yetmişinci illərində bu vəzifədə Mustafa müəllimin atası professor Salih Salihov çalışmışdır. Mustafa Salihov baş terapevt vəzifəsində çalışdığı dövrdə respublikamızın terapiya xidmətində bir sıra əlamətdar hadisələr baş vermişdi. Belə ki, onun təşəbbüsü ilə 1990-cı ildə Sovet İttifaqının aparıcı alimlərinin iştirakı ilə Azərbaycan terapevtlərinin I qurultayı keçirilmişdi. “Ümumi praktika həkimi səhiyyədə mərkəzi simadır” şüarı qurultayın ana xəttini təşkil etmişdi. Həmin il M. S. Salihov Fəxri Fərman və Terapevtlərin Ümumittifaq Elmi Cəmiyyətinin S. P. Botkin adına medalı ilə təltif edilmişdi. M. S. Salihov 1988-1993-cü illərdə terapevtlərin Ümumittifaq Elmi Cəmiyyətinin İdarə Heyətinin üzvü, Azərbaycan Tibb Jurnalının redaksiya şurasının, Səhiyyə Nazirliyinin Attestasiya və respublika çağırış komissiyalarının üzvü olmuşdur.
Mustafa müəllimin fəaliyyətinin mahiyyəti ilkin tibbi-sanitar yardımın səhiyyənin əsasını təşkil etdiyini aşılamaq olmuşdur desək, yanılmarıq. Mustafa Salihovun baş terapevt kimi xidmətlərindən biri də 1990-cı ildə Azərbaycan Tibb İnstitutunda poliklinik terapiya kafedrasının yaradılması olmuşdur.
1990-2002-ci illərdə Mustafa müəllim uğurla poliklinika terapiyası kafedrasının müdiri olmuş və yüzlərlə yüksək ixtisaslı elmi-tibbi kadrlar hazırlamışdır. 2001-ci ildə professor Mustafa Salihov “100 görkəmli Azərbaycan həkimləri” beynəlxalq layihəsinin qalibi olmuş, 2002-ci ildə isə “Ailə Təbabəti” ixtisası üzrə Beynəlxalq Ekoenergetika Akademiyasının professoru seçilmişdir. Eyni zamanda Mustafa müəllim 2003-cü ildən “Təfəkkür” elmi-tədqiqat mərkəzinin professoru kimi fəaliyyət göstərmişdir.
2002-ci ildə ATU-nun Böyük Elmi Şurasının qərarı ilə poliklinik terapiya kafedrasının bazasında Azərbaycanda ilk dəfə “Ailə təbabəti kafedrası” təşkil olundu. Səhiyyəmizin gələcək inkişafının əsas istiqamətlərindən birini müəyyən edən bu kafedraya 1990-cı ildən M. S. Salihov rəhbərlik etmişdir.
Mustafa müəllimin Ümumdünya Səhiyyə Təşkilatının tədbirlərində, Rusiyada, Almaniyada, Fransada, Belorusiyada, Ukraynada, Türkiyədə keçirilən qurultaylar və simpoziumlarda ölkəmizi təmsil etmişdir. Bununla yanaşı, Mustafa müəllim ATU-nun TEC-nin işində fəal iştirak etmişdir, gənc alimlərin yetişdirilməsinə öz töhfəsini vermişdir.
2008-ci ildə Kanadada ilkin səhiyyə xidməti ilə bağlı elan olunmuş tenderdə M. S. Salihovun namizədliyi təqdim olunmuş və layihənin Azərbaycanda həyata keçirilməsi qərarı qəbul edilmişdir. Bundan sonra Mustafa müəllim Kanadadan gələn mütəxəssislərlə birlikdə respublikada ilkin səhiyyə xidmətinin problemləri və perspektivləri proqramında məsləhətçi kimi iştirak etmişdir.
2010-cu ildə tibbi kadrların hazırlanması və Azərbaycanda tibb elminin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə M. S. Salihova “Azərbaycanın əməkdar həkimi” fəxri adı verilmişdir. Onun Azərbaycan Respublikasının Əməmkdar həkimi adına layiq görülməsi, ölkə Prezidenti Cənab İlham Əliyev və ictimaiyyət tərəfindən onun şübhəsiz xidmətlərinin tanınması, tibb və səhiyyənin inkişafı sahəsində çoxşaxəli fəaliyyətinin yüksək qiymətləndirilməsində bariz göstəricidir.
2010-cu ildə M. S. Salihov “Xalqın nüfuzlu ziyalısı” diplomu ilə təltif olunur. Bu insanların ona olan dərin məhəbbətinin rəmzi olaraq, onun insanlığının və humanistliyinin səciyyəsidir.
S. Salihov Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin terapiya üzrə sertifikasiya komissiyasının və “Ailə həkimi” jurnalının redaksiya heyətinin üzvü, Azərbaycan Terapevtlər Cəmiyyətinin sədr müavini, Azərbaycan Respublikası Təhsil Nazirliyinin elmi ekspertiza komitəsinin üzvü olmuşdur. Elmi tədqiqatları – ilkin tibbi yardıma, Azərbaycanda ailə təbabətinin inkişafı problemlərinə, tez-tez rast gəlinən xəstəliklərin profilaktikası və diaqnostikasına həsr olunmuşdur. Mustafa müəllim respublikamızda və xaricdə çap olunmuş 200-dən artıq elmi əsərin müəllifidir. 2011-ci ildə M. S. Salihovun “Ailə təbabəti” adlı dərslik-monoqrafiyası işıq üzü görmüşdür.
S. Salihov 2022-ci ilin mart ayında uzun sürən xəstəlikdən sonra vəfat etmişdir. Mustafa Salih oğlu Salihov şəxsiyyətində vətənpərvərlik, xeyirxahlıq, xalqına xidmət, yüksək peşəkarlıq kimi xüsusiyyətlər öz əksini tapmışdır. Mustafa müəllim tanınmış alim- pedaqoq, səhiyyə təşkilatçısı, gözəl ailə başçısı idi. Bu il onun elmi-pedaqoji fəaliyyətinin 50 illiyi tamam olmalı idi.
Bu gün biz “Ailə həkimi” jurnalının kollektivi olaraq, sabiq məsləhətçimiz, dəyərli insan, tanınmış professor Mustafa Salihovun 80-illik yubileyi və elmi-pedaqoji fəaliyyətinin 50 illiyini qeyd edirik. Ona Ulu Tanrıdan rəhmət diləyirik. Hörmətli və səmimi insan olan Mustafa müəllimin şərəflə addımladığı 80 illik ömür yolunda əldə etdiyi uğurlar tibb elminin, ailə həkimliyinin inkişafında böyük nailiyyətlərə zəmin yaratmışdır.
Allah rəhmət eləsin!
Bir cavab yazın