

Milli Pediatriya Dərnəyinin 10/10/2026 tarixində keçirilən Gəncə Regional Konfransında Leyla Medical Center-in Pediatriya Mərkəzinin rəhbəri, uzman Pediatr – Neonatoloq Kamil Şərifov “Müasir dövrdə peyvənddən imtina halları və bunun gələcəkdə yarada biləcəyi ağır nəticələr” mövzusunda məruzə ilə çıxış edib.
120-dən çox uşaq həkiminin iştirak etdiyi konfransda Kamil Şərifov peyvənddən imtina hallarının artmasının ictimai sağlamlıq üçün yaratdığı təhlükələrə diqqət çəkib.
Şərifov bildirib ki, peyvənddən imtina hallarının qarşısını almaq üçün ilk növbədə cəmiyyətə düzgün, elmi əsaslandırılmış məlumatlar çatdırılmalıdır. Sosial mediada izləyici toplamaq naminə yayılan, elmi əsası olmayan, peyvənd əleyhinə şou xarakterli paylaşımlara qarşı fəal maarifləndirmə aparılmalı, zəruri hallarda isə belə dezinformasiyalar barədə Səhiyyə Nazirliyi, TƏBİB və digər aidiyyəti qurumlara müraciət edilməlidir.
“Peyvənddən imtina edib yoluxucu xəstəliklərin yayılmasına şərait yaratmaq sərxoş vəziyyətdə avtomobil idarə etməyə bənzəyir. Çünki siz yalnız özünüzü və öz övladınızı deyil, başqalarının həyatını da təhlükəyə atırsınız.
Təsəvvür edin, peyvənd olunmamış uşağınız qızılcaya yoluxur və sağalır. Amma həmin infeksiyanı hələ peyvənd yaşına çatmamış iki aylıq körpəyə ötürür. İllər sonra həmin körpədə subakut sklerozlaşdırıcı panensefalit (SSPE) inkişaf edə bilər.
Bu, təsdiqlənmiş effektiv müalicəsi olmayan, proqressiv və əksər hallarda ölümlə nəticələnən dəhşətli xəstəlikdir. Uşaq tədricən danışmaq, hərəkət etmək, udmaq qabiliyyətini itirir. Qidalanma zonduna, bəzən traxeostomiyaya ehtiyac yaranır. Təəssüf ki, bu uşaqların bir qismi diaqnozdan sonrakı bir neçə il ərzində həyatını itirir.
Ən ağırı isə diaqnozu qoyduğumuz gündən ailənin artıq övladını itirə biləcəyini bilməsidir. Valideynlər uşaqlarının gözlərinə çarəsizliklə baxırlar. Biz həkimlər də bəzən həmin uşaqların gözlərinə baxmaqda çətinlik çəkirik. Çünki qarşımızda tədricən həyatını itirən bir uşaq var və biz xəstəliyin gedişini dayandıra bilmirik.
İki aylıq körpənin qızılcaya yoluxmasında nə onun, nə də ailəsinin günahı var. Amma qarşısı alına bilən infeksiyaların yayılmasında hər birimizin məsuliyyəti var.
Ona görə də, əziz həmkarlar, peyvənddən imtina hallarının qarşısını almaq üçün əlinizdən gələni əsirgəməyin.
Çünki bu mübarizə sadəcə peyvənd uğrunda deyil, uşaqların həyatı uğrunda mübarizədir!”
Dr Kamil Şərifov
Uşaq Xəstəlikləri Uzmanı
Neonatologia Üst İxtisas Uzmanı


Bir cavab yazın