Bagla

Həkimdən soruş

Hekimden sorus







Qadınlıq vərdişləri

Özünə qulluq qaydaları qadının yaşından asılıdır. 20, 30 və 50 yaşlarında hansı incəlikləri nəzərə almaq lazımdır?

 

Balaca qadınlar – 20 yaşına qədər
Anadangəlmə vərdiş
Nə qədər bayağı səslənsə də, qızları lap körpəlikdən gigiyenaya alışdırmaq lazımdır. Körpəlik dövründə hər gün çimdirmək, həftədə bir-iki dəfə duş və bir yaşından yuxarı gündəlik yuyunmalar mütləqdir – bu, gələcək qadının da riayət etməli olduğu qızıl qaydalardır.
Orqanizmdə çoxlu miqdarda həm faydalı, həm də nisbətən zərərli bakteriyalar məskunlaşmışdır. Normada onların miqdarı çox deyil. Orqanizmdə mövcud olan mikroiqlim onlara inkişaf etməyə imkan vermir. Lakin şəraitin cüzi dəyişməsinə onlar dərhal gur artımla cavab verir. Bakteriyaların miqdarı həddən artıq çoxaldıqda xəstəliklər inkişaf edir. Misal üçün, müxtəlif vaginozlar və vaginitlər. Gigiyena mikroiqlimin qorunub saxlanılmasına və bakteriyaların tüğyan etməməsinə şərait yaradır. Gündəlik proseduralar bir növ qadın xəstəliklərinə qarşı peyvənddir.

 

Fərdi məkan
Bəzi psixoloqların tövsiyələri bu gün çox xoşagəlməz bir təmayül formalaşdırmışdır. Belə ki, bir çox valideynlər uşaqları öz yataqlarında yatırır. Onların fikrincə, belə olduqda uşaqlar psixoloji cəhətdən rahat olur. Əksər hallarda, bu müddəaların uşağa az aidiyyəti var. Sübut olunmuşdur ki, uşaqlıqdan öz məkanına öyrəşən uşaqlar xasiyyətcə daha sakit və təmkinli olur.
Fiziologiyaya gəldikdə isə, mübahisəyə əsas yoxdur. Tibbi baxımdan uşaq valideynləri ilə bir yataqda yatmamalıdır, çünki bu zaman doğma övladını yoluxdurma ehtimalı böyükdür. Qız uşağı doğulan andan yalnız öz çarpayısında yatmalı və onun özünə məxsus gigiyena əşyaları olmalıdır: dəsmallar, süngər, sabun və s.

 

Diqqət, allergiya!
İntim gigiyena vasitələrini ehtiyatla seçmək lazımdır. Məktəbəqədər və erkən məktəb yaşlarında adi uşaq sabunundan istifadə etmək lazımdır. Tərkibinə müalicəvi bitkilər əlavə olunmuş sabunlar da yarayar: çobanyastığı, dəmrovotu və ya pişikdili otu. Amma otlarla son dərəcə ehtiyatla davranmaq lazımdır. Müxtəlif bitki və aromatik əlavələrə qarşı həssas olan uşaq orqanizmi qızartı, qıcıqlanma, hətta allergik reaksiya ilə cavab verə bilər. Xüsusən, qızcığaz pollinozdan (Bitki mənşəli tozcuqlar allergiyası) əziyyət çəkirsə.

 

Problemsiz böyüyürük
Cinsi yetkinlik dövrünə qədəm basmış və ilk menstruasiyaların başlandığı yaşda olan qızlar anaların xüsusi diqqəti və nəvazişinə ehtiyac duyur. Belə günlərdə gigiyena qaydaları xüsusi əhəmiyyət kəsb edir. Gündə bir-iki dəfə duş qəbul etmək, mütləq qaydada gündüz 4 saatdan bir, gecə saatlarında isə 8-9 saatdan sonra bezləri dəyişmək lazımdır.

 

Gələcəyin və bu günün anaları – 20-50 yaş
Gündəlik mərasİm
Gigiyena məsələləri yaş keçdikcə öz əhəmiyyətini itirmir. İyirmi yaşdan sonra gigiyena vasitələrinin seçim imkanları daha genişdir.
İlk növbədə, keyfiyyətə diqqət yetirmək lazımdır. Gigiyenik vasitələri metro keçidlərindən deyil, aptek şəbəkələrindən almaq məsləhətdir. Bununla özünüzü saxta və keyfiyyətsiz, bəzi hallarda isə, sağlamlıq üçün zərərli mallardan qorumuş olarsınız. İstehsalçını da nəzərə almaq pis olmazdı. Nəhayət, vasitəni almazdan əvvəl istifadə qaydası ilə tanış olun. Ola bilər ki, həmin vasitənin tərkibinə sizə yaramayan və ya əks-göstəriş olan komponentlər daxil olsun.
Yaşa dolduqca əks-göstərişlərin də sayı artır, odur ki, gigiyena məsələlərinə görə həkimlə məsləhətləşmək lazım gəlir. O, xüsusi proseduralar, misal üçün, şırınqa ilə yuyunma təyin edə bilər. Hələ bir neçə il əvvəl onlardan demək olar ki, hər qadın istifadə edirdi, indi isə yalnız göstərişə görə və qısa müddətə. Daimi şırınqalar uşaqlıq yolunun mikroflorasını pozur, nisbi zərərli bakteriyaların artması üçün şərait yaradır.

 

Riskli gözəllik 

Bu gün dəb yenidən üzünü qadına çevirmişdir. Xanımlar daha çox don və yubka geyinməyə üstünlük verirlər. Lakin sağlamlığı da unutmaq olmaz. Soyuqlama xəstəliyin ən çox yayılmış kəskinləşmə və ya yaranma səbəblərindən biridir.
Dar alt paltarı, strinqlər da öz təsirini göstərir. Alt tumanının nazik bağları cinsi orqanların zərif dərisini zədələyir. Həddindən artıq dar alt paltarı isə kiçik çanaqda qan dövranını pozur və durğunluq yaradır ki, bu da ginekoloji problemlərin yaranması üçün zəmindir.
Məhz reproduktiv yaşda yarım ildə bir dəfə ginekoloqun müayinəsindən keçməyi vərdiş halına salmaq lazımdır. Ginekoloji xəstəliklərin qarşısını almaq üçün planlı müayinə və standart analizlər də gigiyena qədər vacibdir.

 

“Kritik” günlər
Yaş və cinsi yetkinlik tamponlardan istifadəyə məhdudiyyəti aradan qaldırır. Amma hər halda tamponlar gündəlik istifadəyə yararlı deyil. Onlar ezamiyyət, ziyafət gecəsi zamanı, hovuza getdikdə yararlıdır. Qalan günlərdə bakteriyaların artması üçün şərait yaratmayan və bu sarıdan daha təhlükəsiz olan adi bezlərdən istifadə etmək məsləhətdir.

Mən hamiləyəm
Hamiləlik dövründə dərinin həssaslığı artır. Odur ki, gələcək analar intim gigiyena məqsədi ilə təbii komponentli, az allergenli vasitələrdən istifadə etməlidir. Duş qəbul edərkən nəmləndirici gellərdən istifadə etmək yaxşıdır.
Qadın hormonlarının təsiri altında ifrazat artır. Bu səbəbdən, gündəlik bezlərə olan tələbat da artır. Onları gündə 3-4 dəfə dəyişmək lazımdır. Demək, su proseduralarından daha çox istifadə etmək lazım gəlir. Hamilə qadınlar səhər və axşam yuyunmalı və ya duş qəbul etməlidir.
Hamiləliyin 6-8 həftəsindən sonra şırınqa etmək qəti qadağandır. Üçüncü üçaylıqda isə süd vəzilərinə xüsusi qayğı göstərmək lazımdır. Adətən, bu dövrdə əmizdirməyə hazırlıq olaraq ağız ifraz olunur. Gigiyenik proseduralara daha çox diqqət yetirmək lazımdır.

 

Üçüncü yaş qadınlar – 50 və 50-dən yuxarı
Hormonal eniş
Yaşa dolmuş qadınlar çox vaxt klimaksı hər ay yaşadıqları problemlərdən xilas olma kimi qəbul edirlər. Aybaşılar bitdisə, demək, yaşamaq da asanlaşır.
Əslində isə, bu belə deyil. Bəli, qadınlar nəhayət ki, “kritik” günlərdən azad olur, amma bununla belə, başqa problemlərlə üzləşirlər. Hormonal eniş istilik hissi, baş ağrıları, əsəbilik və tez qıcıqlanma ilə müşayiət olunur. Sırf fizioloji dəyişikliklər də baş verir. Belə ki, uşaqlıq yolunun daxili qişası nazilir və həssaslığı artır ki, bu da ağrılı hissiyyatların yaranmasına səbəb olur. Bəzən qadınları qaşınma və qıcıqlanma əlamətləri narahat edir. Cinsiyyət sistemi, onunla yanaşı isə bütün orqanizm dəyişir.
Məhz bu səbəbdən menopauza və klimaks dövründə gigiyena öndə dayanmalıdır. Ev şəraitində hazırlanmış vasitələrdən istifadə etməklə, sağlamlıq hesabına qənaət etməyə dəyməz. Qadın orqanizminin yaş xüsusiyyətləri nəzərə alınmaqla hazırlanmış intim gigiyena vasitələrindən yararlanmaq lazımdır. Belə ki, adi sabunla yuyunmaq olmaz, çünki o, quruluq, qıcıqlanma və qaşınmaya səbəb olur.

 

Özfəaliyyət yolverilməzdir!
Çoxları səmimi olaraq hesab edir ki, aybaşılarla bərabər qadın problemlərinin yaranma ehtimalı da yox olur. Cinsiyyət sisteminin fəaliyyəti azalırsa, demək, narahatlığa da səbəb yoxdur. Lakin əksər hallarda bu, belə deyil. Misal üçün, 50 yaşdan sonra uşaqlıq boynu və yumurtalıqların xərçəngi, kondiloma kimi şiş xəstəlikləri inkişaf edə bilər. Bəzən genital herpes kimi yoluxucu proseslər də kəskinləşir.
Klimaks – rahatlanmaq və özünü unutmaq üçün səbəb deyil. Bu, qadın ömrünün yalnız bir mərhələsidir və ona hörmətlə yanaşmaq lazımdır.


 92    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *