

Türkiyənin beynəlxalq səhiyyə xidmətləri və sağlamlıq turizmi sahəsində ilklərə imza atmış “Globaly Health” Şirkətinin yeni məhsulunun – dünyada bir ilk olan “Qlobal sağlamlıq kartı”nın təqdimat mərasimi keçirildi.
“Baku Marriott Hotel Boulevard”da baş tutan təqdimat mərasiminə millət vəkilləri, Türkiyə və Azərbaycandan iş adamları, ictimaiyyət nümayəndələri və digər tanınmış şəxslər qatılıblar.

“Globaly Health” şirkətinin icraçı direktoru Fədakar Günsili çıxışına iştirakçılara dəvətlərini qəbul edib gəldikləri üçün təşəkkür etməklə başlayıb. Günsili qeyd edib ki, Azərbaycan vətəndaşlarının yüksək keyfiyyətli səhiyyə xidmətlərinə təhlükəsiz şəkildə çıxışı üçün sağlamlıq kartı unikal vasitədir. Direktor bildirib ki, bir sağlamlıq kartının təklif etdiyi üstünlüklərdən bir ailə yararlana bilər. Günsili sağlamlıq kartının müxtəlif əməkdaşlıq imkanları təmin edəcəyinə ümid etdiyini də qeyd edib.

Tədbirdə çıxış edən “Azərbaycan Qadınları” Mədəniyyət Mərkəzinin sədri Cəvahir Əhmədova Türkiyə ilə Azərbaycan arasındakı əməkdaşlığın bütün sahələrə yansıdığını, səhiyyə sahəsində işbirliyinin müsbət nəticələr verəcəyini bildirib.

Azərbaycan Türkiyə Evinin (ATEV) sədri Tənzilə Rüstəmxanlı çıxışında vurğulayıb ki, Türkiyə ilə səhiyyə sahəsində aparılacaq təcrübə mübadiləsi Azərbaycanda bu sahənin inkişafına geniş töhfə verəcək. ATEV sədri “Globaly Health” şirkətinin sözügedən kartının Türkiyəyə səfər edəcək Azərbaycan vətəndaşları üçün geniş imkanlar açacağını qeyd edib.

Azərbaycan-Türkiyə İş Adamları Birliyinin İdarə Heyətinin sədri Camal Yangın, millət vəkilləri Arzu Nağıyev və İlham Məmmədov da çıxışlarında “hər şeydən əvvəl sağlıq” tezisinə uyğun olaraq iki ölkənin səhiyyə sisteminin dünya standratlarına uyğunlaşdırılması üçün əməkdaşlığın önəminə diqqət çəkiblər.

Daha sonra “Globaly Health” Sağlamlıq Kartının təqdimatı həyata keçirilib. Kart haqqında şirkət partnyorlarından Mərve Can geniş məlumat verib.
Tədbirin rəsmi hissəsindən sonra qonaqlar üçün iftar yeməyi verilib.

Bir cavab yazın