Bagla

Həkimdən soruş

Hekimden sorus







Ramazan ayı və şəkərli diabet

Dr. Hİdayət Məmmədzadə Baku Medical Plaza Klinikasının Endokrinologiya şöbəsinin müdiri, həkim-endokrinoloq Türkiyə, Avropa Endokrinoloqlar Cəmiyyətinin həqiqi üzvü.

Oruc tutmaq —İslamın beş şərtindən biri, dini vəzifəmizdir. Eyni zamanda orucluq dini və mədəni adətlərlə əlaqədar olan ümumdünyəvi bir təcrübə, əsrlər boyu milyonlarla insanın həyat tərzi və əqidəsidir. Hər il Ramazan ayı boyunca sağlam və yetkinlik yaşına çatmış dünya müsəlmanları 29-30 gün müddətində gün çıxandan gün batana qədər oruc tutaraq yemək, maye və ya dərmanların qəbulundan imtina edir. Oruc ibadəti zamanı riskli qruplardan biri də şəkərli diabeti olan insanlardır. Şəkərli diabet qan şəkərinin yüksəlməsinə bağlı bütün mübadilə proseslərinin pozulması ilə gedən, ciddi ağırlaşmalara səbəb olan xroniki mübadilə xəstəliyidir. Bütün diabetlilərin 85–90%-ni isə 2-ci tip şəkərli diabet xəstələri təşkil edir. Dünyada 1,6 milyard insanın İslam dininə sitayiş etdiyi və 100 milyondan artıq müsəlmanın 2-ci tip şəkərli diabet xəstəsi olduğu qeyd olunur. Təxminən 20 milyona yaxın diabet xəstəliyi olan insanların Ramazan ayında oruc tutduğu və ya tutmağa çalışdığı hesab edilməkdədir. Son zamanlar şəkərli diabet, eyni zamanda Ramazan ayında da oruc tutan diabetli xəstələrin sayında artma müşahidə olunmaqdadır.

 

Oruç tutmanı biz Allahın əmri olaraq yerinə yetirdiyimizi unutmamalıyıq, amma uyğun qaydalara riayət etməklə tutulan orucda sağlamlığımız üçün də faydalar vardır. Belə ki, xəstələr oruc ibadəti zamanı çəki itirərək müəyyən qədər arıqlayır. Qanın lipid spektri yaxşılaşır, arterial təzyiq nisbətən aşağı enir, insulin müqaviməti azalır, insanların psixoloji halı, həyat keyfiyyəti düzəlir, özünə inam hissi artır. Oruc tutmaq siqareti, alkoqolizmi buraxmaq, bu kimi zərərli vərdişlərdən uzaqlaşmaq üçün də bir fürsət ola bilər. Oruc ibadəti zamanı şəkərli diabeti olan xəstələrin riskli qrup olma səbəbi, xəstəliyin gözlənildiyi kimi, yemə-içmə, dərman qəbulu ilə çox əlaqədar olmasına bağlıdır. Qəbul edilmiş qaydalara görə, oruc tutmağı planlaşdıran xəstə Ramazan ayından 1-2 ay qabaq həkimi ilə bu barədə məsləhətləşməlidir. Diabet xəstələrimizi oruc tutması baxımından 4 risk qrupuna bölürük:
Aşağı risk – oruc tuta bilərlər
• Orta risk– məsləhət deyil
• Yüksək risk – oruc tutmaları risklidir, məsləhət deyil.
• Çox yüksək risk – oruc tutmaları çox risklidir, həyati təhlükəsi vardır.

 

Yüksək riskli qruplar, adətən, insulin qəbul edən, yaşlı, bir çox dərman qəbul etmək məcburiyyətində qalan xəstələri əhatə edir.Xəstənin diabetinin tipi, aldığı müalicələr, iş perfomansı, sosial aktivliyi, son qan analizləri, mövcud ağırlaşmaları, HbA1C səviyyəsi, hipoqlikemiya varlığı və bunun fərqində olub-olmaması, daha əvvəllər oruc tutma vərdişləri müəyyən olunacaq risk qrupuna böyük təsir edir. Diabetli pasiyentlərin Ramazandan əvvəl hansı risk qrupunda olmasının müəyyən edilməsi və uyğun tövsiyələr alması ibadətini rahat şəkildə keçirə bilməsi üçün müstəsna əhəmiyyət kəsb edir. Xəstələrin aldığı müalicələr, pəhriz rejimi, qəbul etdiyi dərmanlar, insulin dozaları görüş zamanı hərtərəfli müzakirə olunur. Bundan başqa, Ramazan ayının ortalarında təkrar baxış və ayın sonunda Ramazandan əvvəlki müalicəyə dönüş, bayram tövsiyələri üçün xəstələr həkimlərinə bir neçə dəfə müraciət etməlidirlər. Ramazan ayında qlükoza təqibi unudulmamalıdır. Pasiyentin bu baxımından məlumatlandırılması vacibdir. Oruc, adətən, karbo­hidratlar və yağlarla zəngin qidaların qəbulu ilə açılır. Bütün bunlara iftarda da çox diqqət olunmalıdır.
Ramazan bayramı sonrası xəstə müqəddəs aydan əvvəlki müalicə rejiminə dönə bilər.

 

Pəhriz rejiminə əməl etməmək, sahuru unut­maq, iftarı gecikdirmək, yaxud iftarda artıq qida qəbul etmək, az su içmək, qan şəkərini təqib etməmək, dərman qəbulunu öz bildiyi kimi tənzimləmək və s. Ramazan ayı boyunca ən çox buraxılan xətalardandır.

 

Həkim olaraq oruc üçün ”tuta bilməzsiniz”, ”əks-göstərişdir ”, “olmaz” kimi kəlmələri biz işlədə bilmərik. Çünki oruc tutma qulun Allahla bir irtibatı olub, həkim bu əlaqəni kəsə bilməz, araya girməməli, sadəcə tövsiyə tərzli məsləhətlər verə bilər. Oruc xəstələrin həkimlərdən, din alimləri, imamlar, böyüklərimizdən aldığı uyğun tövsiyələrdən sonra özlərinin verəcəyi bir qərardır.
Hər kəsə xeyirli Ramazanlar arzusu ilə…


 3193    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *