Bagla

Həkimdən soruş

Hekimden sorus







Ailə həkiminin təcrübəsində andropauza

Hər kişinin həyatında elə bir dövr gəlir ki, o zaman onun orqanizmində mühüm dəyişikliklər baş verir. Orqanizm tədricən vərdişli funksiyaları icra etməyə imtina edir, müxtəlif növlü pozulmalar əmələ gəlir – yuxunun, iştahanın, əhval-ruhiyyənin və s. Bu dövr andropauza kimi təsvir edilir, qadınların menopauza adlanan vəziyyətinə analoji olan vəziyyət kişilərdə yaranır.
Andropauza müxtəlif yaşda (45-60 yaş) başlayır və onun müxtəlif gedişatı ola bilər. Andropauza, ilk növbədə, kişi orqanizmində bir çox metabolik proseslərə məsuliyyət daşıyan testosteronun az ifrazı ilə bağlıdır. Testosteron, həmçinin digər orqanların normal fəaliyyət göstərməsi üçün də vacibdir.
Orqanizm qocaldıqca hormonlar da az ifraz olunur. Reproduktiv orqanlar qocalır və yumurtalıqlarda cinsi vəzilərin toxumaları piy və birləşdirici toxuma ilə əvəz olunur. Əgər buna ateroskleroz, hipertoniya, ürəyin işemik xəstəliyi (ÜİX) və digər yaşla bağlı xəstəliklər əlavə olunursa, onda bunların hamısı kompleksdə kişi klimaksının şəklini formalaşdırır.
Andropauza başlandıqca ürək-damar sistemində də pozulma baş verir.
Hipotalamik krizlər, taxikardiya tutmaları, arterial təzyiqin və nəbzin labilliyi qeyd olunur. Testosteronun səviyyəsinin azalması ilə, eyni zamanda qanda aterogen lipidlərin və xolesterinin konsentrasiyasının artması qeyd olunur.
Laborator diaqnostikada testosteronun səviyyəsinin müəyyən edilməsi əsas rol oynayır. Yaşla əlaqəli androgen çatışmazlığı diaqnozu ümumi testosteronun 8 mmol/l aşağı düşməsində qeyd olunur. 8-12 mmol/l səviyyə sərhəd səviyyəsi sayılır.
Kişilərdə cinsi konstitusiyadan asılı olan andropauzanın başlanma müddətində mühüm fərdi fərqlər müşahidə edilir. Belə ki, 20-30 yaşlı kişidə testosteronun səviyyəsinə görə yaşla əlaqəli androgen çatışmazlığın təqribi başlanmasını müəyyən etmək olar. Cinsi konstitusiyadan başqa, kişilərdə andropauzanın başlanma müddətlərinə ağır somatik xəstəliklər mühüm təsir edir, çünki onlar testosteronun sekresiyasının fizioloji azalma müddətini orta hesabla 5-7 il geriyə çəkir.

 

Bəs nə zaman kişi başa düşə bilər ki, onda andropauza başlayıb?
Aşağıda “kişi klimaksının” ən tez-tez rast gəlinən əlamətləri təqdim edilir:
1) Əzələ kütləsinin itirilməsi və piy toxumasının inkişafı (xüsusən, qarın nahiyəsində
2) Orqanizmin ümumi zəifləməsi
3) Sümük kütləsinin itirilməsi
4) Özünə qiymət vermə və həyatdan razılığın azalması
5) Yüksəlmiş qıcıqlanma
6) Ağrı sindromu
7) Yaddaşla bağlı problemlər
8) Soyuğa qarşı yüksək həssaslıq
9) Prostat vəzi ilə problemlər
10) Zəifləmiş cinsi istək
Yuxarıda sadalanan simptomlardan hansı­nın əmələ gəlib-gəlməməsi, əsasən, genetik meyillikdən asılıdır, lakin həyat tərzi, pis vərdişlərin olması, hərəkət aktivliyi və pəhriz az rol oynamır.
Kişi klimaksının başlanmasında psixoloji aspektlər mühüm rol oynayır. Andropauza zamanı orqanizmdə baş verən dəyişikliklərə düzgün reaksiya vermək çox vacibdir. Bütün təzahürləri və vəziyyətin pisləşməsini təbii qanunauyğunluq kimi qəbul etmək lazımdır. Lakin çox vaxt kişilər öz sağlamlığının zəiflə­mə­sinə çox pis reaksiya verirlər. Bu hallarda onlar, ilk növbədə, özlərinə və həyat yoldaşlarına sübut etmək istəyirlər ki, onlar hələ də nəyəsə qadirdir və bununla da öz sağlamlıqları ilə risk edirlər. Bu səbəbdən, bəzən kişilərin avantür davranması, yeni məhəbbət münasibətlərinin axtarışı müşahidə olunur və bu atalar sözundə öz əksini yaxşı tapıb: “Qocalıqda yorğalıq”.
Andropauza vəziyyəti nadir hallarda tibbi müdaxilə tələb edir. Prostatit, şəkərli diabet kimi müşayiət edən xəstəliklər ehtiyat doğura bilər. Ağırlaşmaların qarşısını almaq məqsədilə, ilkin əlamətlər başlandıqda həkimə müraciət etmək, müayinə, keçmək və müvafiq müalicə almaq lazımdır. Testosteronun azalmış səviyyəsinin müalicəsi əvəzedici terapiyanın köməkliyi ilə aparılır, hormonal həblər və xüsusi inyeksiyalar istifadə edilir. Müalicə pasiyentin kamil həyat tərzinin uzadılmasına yönəlib. Hormonoterapiya testosteronun miqdarını normal səviyyəyə qədər artırmağa imkan verir. Müalicə pasiyentin fərdi xüsusiyyətlərindən asılı təyin edilir.

 

Kişi klimaksının başlanmasını necə gecikdirmək olar?
Ən yaxşı müalicə-profilaktikadır. Andropauzanın mümkün qədər gec başlanması üçün sağlam həyat tərzi sürmək vacibdir.
Eyni vaxtda əgər kişi andropauza əlamətlərinin tez və ağrılı proqressiyasını qeyd edirsə, onda mütəxəssis-androloqun məsləhəti vacibdir.
Əgər insan çox hərəkət edirsə, məşq zalına və üzgüçülüyə gedirsə, klimaks o qədər də bilinmir. 50 yaşdan sonra çəkiyə nəzarət etmək, düzgün qidalanmaq vacibdir. Qida rasionuna sıyıqlar, süd məhsulları, yaşıl çay, təzə meyvələr və tərəvəzlər daxil olunmalıdır. İçki və siqaretdən imtina etmək lazımdır, çünki pis vərdişlər testosteronun ifrazını azaldır. Hər il tam tibbi müayinədən keçmək lazımdır.

 

Mustafa Salihov
ATU-nin Ailə təbabəti
Kafedrasının müdiri

 

Musa İbrahimov
Çingiz Rüstəmzadə
Kafedranın assistentləri


 84    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *