Bagla

Həkimdən soruş

Hekimden sorus







İki nəfərlik səyahət

Yay mövsümü başlar-başlamaz bir çoxları Bakının istisindən, tozlu və səs-küylü hə­yatından uzaqlaşmaq üçün səyahət planları qurmağa başlayır. Bu minvalla da bəziləri Azərbaycanın sərin rayonlarına, bəziləri isə xarici ölkələrə üz tuturlar.
Amma digərlərindən fərqli olaraq, hamilə qadınlar uzaq yola çıxmağın gələcək körpələri üçün zərərli ola biləcəyini düşünərək istirahətə getməkdən çəkinirlər. Əslində isə hamiləlik səyahət etməyi və hərəkəti əngəlləyən bir müddət deyil. Hamilələr də digər insanlar kimi səyahət edə bilərlər. Üstəlik hamilələrin səyahətə çıxmaları onların əhval-ruhiyyəsinin yüksəlməsi baxımından da əhəmiyyətlidir.
Bəzi qaydalara riayət etmək şərtilə hamilə vaxtı da səyahətdən zövq almaq, dincəlmək olar.
Beləliklə, uzaq yola çıxmazdan əvvəl:
– Həkiminizlə görüşüb, müayi­nədən keçin və onun məsləhət­lərinə əməl edin.
– Getdiyiniz rayon və ya ölkə ilə bağlı sağlamlığa aid məlumatlar əldə edin, həmin yerdəki xəstəxa­naların ünvanlarını öyrənin.
– Həddindən artıq uzaq yerlər, həmçinin hava dəyişikliyi sizi və körpənizi yora bilər. Ona görə də istirahət məqsədilə yaxın yerlər seçməyə çalışın.
Təbii ki, digərləri kimi hamilə qadınlar da səyahət edərkən müxtəlif nəqliyyat vasitələrindən istifadə etməli olurlar.
Bu zaman mütəxəssislər bəzi qaydalara riayət etməyi vacib sayırlar.
Məsələn, avtomobil və dəmir yolu ilə səyahət zamanı ən əsas problem uzun müddət hərəkətsiz qalmaqdan dolayı aşağı ətraflarda qan dövranın pozulmasıdır. Bu zaman ayaq və topuqlarda şişmələr ola bilər. Ona görə də uzun müddətli səfərlərdə hər 1,5-2 saatdan bir fasilə verərək yüngül gəzişməli və qan dövranını sürətləndirməlisiniz. Həmçinin yüngül qidalar yeyib, bol maye qəbul etmək, rahat paltarlar geyinmək lazımdır. Səfər marşurutu boyunca yerləşən tibb ocaqları haqqında qabaqcadan məlumat almağınız da yerinə düşər, gözlənilməz hadisə zamanı çətin vəziyyətdə qalmazsınız.
Səfər zamanı təhlükəsizlik kəmərini mütləq taxmaq lazımdır. Bu sarsıntılar zamanı körpənin zərər çəkməsinin qarşısını alar. Yola çıxmazdan əvvəl həkimlə məsləhətləşərək, ürəkbulanmasına qarşı da dərmanlar götürmək olar.
Avtomobil və dəmir yolundan fərqli olaraq, təyyarə daha əlverişli nəqliyyat növü sayılır. Bu da onun mənzil başına tez çatması ilə bağlıdır. Ancaq hamiləliyin yeddinci ayından sonra təyyarə ilə səfərə çıxmaq təhlükəli hesab olunur. Məsələ burasındadır ki, hamilə vaxtı təyyarə ilə səyahət etmək bir neçə saat narahat vəziyyətdə hərəkətsiz oturmağınıza səbəb olur. Bu da tromboz riskini artırır. Təyyarə ilə səyahət edərkən də bol miqdarda maye qəbul etmək lazımdır.
Dəniz yolu ilə səyahət isə daha etibarlı sayılır. Ancaq hamiləlikdən doğan ürəkbulanmalar və qusma halları bir qədər çətinlik yaradır. Əgər hamiləliyiniz kəskin ürəkbulanmalarla müşayiət olunursa, gəmi ilə səyahətdən uzaq olun. Yüngül ürəkbulanması olanlar ürəkbulanmaya qarşı dərmanlar götürsələr, yaxşı olar.
Hamilə vaxtı qadınlar tropik bölgələrə səyahət fikrindən daşınsalar, gələcək körpələri üçün daha xeyirli olar. Çünki bu bölgələrə səyahət hamilə qadınların malyariya, qızdırma kimi xəstəliklərə tutulma riskini artırır. Bu da həm ana, həm də uşaq üçün təhlükəlidir. Çünki şiddətli qızdırmalar ananın dünyaya ölü və ya şikəst uşaq gətirməsi ilə nəticələnə bilər.
Bundan başqa hamilə qadınlar digərlərindən fərqli olaraq, özlərini gündən qorumalı, günəş şüalarının özlərinə və körpələrinə zərər verməməsinə çalışmalıdırlar. Çünki günün təsiri nəticəsində hormonların konsentrasiyası çoxalır, qadının üz dərisində, əsasən də, alnında və burnunda tünd ləkələr əmələ gəlir. Bəzi hallarda doğuşdan sonra bu ləkələr yox olur, bəzi hallarda isə həmişəlik qalır. Digər tərəfdən günəşin altında çox qaldıqda daxili orqanlar qızır, bu da öz növbəsində dölün hərarətinin artmasına gətirib çıxarır. Əgər döl uzun müddət yüksək hərarət altında qalarsa, bu onun beyninin zədələnməsinə səbəb ola bilər. Həmçinin bəzi tədqiqatçılar ultrobənövşəyi şüalar ilə sinir sistemi arasında əlaqə olduğunu bildirirlər. Ona görə də şüalanmanın uşaqların onurğa sütununa təsir göstərdiyini iddia edirlər. Bu da körpənin qüsurlarla dünyaya gəlməsinə səbəb olur.
Həkimlər qadınlara solyaridən istifadə etməməyi də tövsiyə edirlər. Çünki süni qaralma zamanı yanma riski aşağı düşsə də, şüaların təsirindən başqa problemlər yaranır.
Ümumiyyətlə, gələcək körpəsini düşünən analar günəşdə çox qalmamlıdır. Uzun müddət günəşdə qalmaq vücudun su itirməsinə səbəb olur, bu hal isə hamiləliyi təhlükə altına alır.


 39    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *