Bagla

Həkimdən soruş

Hekimden sorus







Sağlam qidalanma: vacib məqamlar

Sağlam qidalanma prinsiplərini gözləmək istəyi çox vaxt bizi stereotiplərə uymağa vadar edir. Ənənəvi olaraq zərərli saydığımız ərzaq məhsullarının çoxu müsbət keyfiyyətlər daşıyır. Əksinə də olur.

İç piyi – ən zərərli məhsullardan biridir. Onun istifadəsi yalnız qanda xolesterini və çəkini artırır.

İç piyi
Bəli, iç piyində xolesterin az deyil. Amma onun zərəri faydalı lesitinlə tarazlaşır. “Xolesterin-lesitin” dueti olmadan hüceyrələrin təzələnməsi, hormonların ifraz edilməsi prosesləri pozulur, qaraciyər zədələnir və əqli fəaliyyət ləngiyir. İç piyinin tərkibində immun sisteminin işini yaxşılaşdıran və qocalmanı ləngidən faydalı selen mikroelementi, yağda əriyən A və D vitaminləri var.
İç piyindən tam imtina etməyə əsas öd ifrazı yolları xəstəlikləri və pankreatitdir. Artıq çəki varsa, iç piyinin kaloriliyi nəzərə alınaraq az-az, həftədə 1-2 dəfə, tərəvəz və göyərti ilə yeyilir. Başqa hallarda keyfiyyətli təzə iç piyi yalnız fayda verir. Amma qızardılmış, hisə verilmiş iç piyinin sağlam qidalanmaya aidiyyatı yoxdur.

Yumurtada xolesterin çoxdur. Ürək və damar xəstəlikləri zamanı az miqdarda istifadə etmək gərəkdir.

Yumurta
Yumurtanın da tərkibində xolesterin lesitinlə birlikdə mövcuddur. Yumurtada B qrup vitaminləri, A,D, və E vitaminləri var. Yumur­ta xolinin vacib mənbələrindən biridir. Həmin maddə beyinin işini yaxşılaşdırır və yaddaşı gücləndirir. Yumurtanın tərkibi, həmçinin fosfor, kükürd və mislə zəngindir.
Son illərin tədqiqatları göstərir ki, mütəmadi olaraq yumurta yeyən qadınlar arasında süd vəzi xərçəngi halları azalır. Qanında xolesterin səviyyəsi yüksək olanlar üçün yumurtadan tam imtina etmək mənasızdır. Pozulmuş yağ mübadiləsini həyat tərzini tam dəyişməklə, o cümlədən müntəzəm fiziki aktivliklə tarazlamaq olar. Hərçənd ki, bu halda da xolesterin qaydaya düşməyə bilər. Ən təsirli vasitə dərman preparatlarıdır.
Yumurtaya allergiyanız yoxdursa, onu əminliklə rasiona daxil edin. Həftədə 7-10 yumurta orqanizmi faydalı maddələrlə təmin edir və xolesterini artırmır. Səhər yeyilən yumurta uzun müddət toxluq hissi yaradır və beyni enerji ilə təmin edir.
Mədə, mədəaltı vəzi və öd kisəsi xəstə olanlar üçün qayğanaq və qaynadılmış yumurta çox “ağır” qidadır. Yaxşı olar ki, yeməklərin tərkibinə qatılsın.

 

Yencək çöpləri çox zərərlidir, çünki bilinmir nədən hazırlanır və tərkibində əsl ət yoxdur.

Yencək çöplərİ
Onların əsasını surimi məhsulu təşkil edir. Yapon dilindən tərcümədə surimi “döyülmüş və xırda doğranılmış balıq əti” deməkdir. O, mintay və digər treska növ balıqların filesindən hazırlanır.
Deyilənə görə, surimi balıq tullantılarından hazırlanır. Amma bu belə deyil. Balığın dərisi, başı və sümükləri balıq unu istehsalına göndərilir. Surimi isə doğranılmış və dəfələrlə təmiz soyuq su ilə yuyulmuş filedən hazırlanır. Yəni, əslində, yencək çöpləri balıqdan hazırlanır. Demək, balıq məhsullarına xas olan bütün müsbət keyfiyyətlərə malikdir. Tərkibi B qrup vitaminləri, dəmir, sink, fosfor, yod, asan mənimsənilən zülal ilə zəngindir.
Yencək dadı xüsusi dad maddələri və aromatizatorların köməyi ilə əldə edilir, rəngi isə boyaq maddələri ilə yaradılır. Bu kimyəvi maddələr fayda verməsə də, az miqdarda sağlamlığa zərər yetirmir.
Keyfiyyətli yencək çöpləri zahirən səliqəli, bərk, dadı isə şirəli olmalıdır. Seçərkən inqrediyentlər siyahısında suriminin birinci olmasına diqqət yetirin. Boyaq maddələri təbii mənşəli olsa, daha yaxşıdır. Belə ki, bəzən qırmızı rəng paprika əlavə edilməklə alınır.

 

Toyuq döşü əti arıqlamaq istəyənlər üçün ən faydalı ət növlərindən biridir. Asan mənimsənilir və az kalorilidir.

Toyuq filesi
Kənddə təbii qida ilə bəslənmiş quş əti filesi pəhriz məhsuludur. Tərkibində çoxlu zülal, vitamin və başqa faydalı maddələr var. Amma mağazadan alınmış toyuq filesində “artıq” və faydasız maddələr ola bilər: antibiotik və hormon qalıqları, çəkisini artırmaq və yumşaltmaq üçün əlavə edilən xüsusi aşqarlar. Ona görə də toyuq filesi mal və donuz ətindən xeyli ucuzdur. Mağazadan alınmış toyuq filesini həftədə 1-2 dəfə yemək olar.

 

Şirələr son dərəcə faydalı məhsuldur, çünki təbii vitaminlərlə zəngindir.

Təzə sıxılmış şirələr
Təzə şirələr vitamin və digər bio­loji aktiv maddələrin mənbəyidir. Amma 15-20 dəqiqədən sonra C vitamini qismən azalır. Şirələrin tərkibində hazırlandıqları meyvə və tərəvəzlərə nisbətən daha az faydalı sellüloz var.
Təzə sıxılmış şirələr ya çox şirin, ya çox turşdur. Bir stəkan şirə içdikdən sonra qanda insulin səviyyəsi “sıçrayır”. İştaha daha da artır. Acqarına içilən şirələrin turşluğu mədə xəstəliklərini kəskinləşdirir və diş minasına zərər yetirir. Təbii meyvə və tərəvəzlərə üstünlük verin. Təzə sıxılmış şirəni qaynanmış soyuq su ilə qarışdırıb için. Şirin meyvə-giləmeyvə deyil, lətli tərəvəz şirələri daha faydalıdır.

 

Soya çox faydalıdır, çünki zülal ilə zəngindir. Vegeta­rianlar və oruc saxlayanlar üçün soya ətin mükəmməl əvəzidir.

Soya məhsulları
Soyanın tərkibində E vitamini, qaraciyər və beyin üçün faydalı lesitin var. Zülal da az deyil. Amma çox da yaxşı mənimsənilmir deyə, ət, balıq və yumurtanı əvəz edə bilməz.
Soyanın daha ciddi mənfi cəhəti odur ki, tərkibində qadın hormonları-estrogenlərə bənzər izoflavonlar var. Klimakterik dövrü yaşayan xanımlar üçün bu maddələr faydalı ola bilər, soya məhsullarından çox istifadə edən oğlan və qızlarda isə endokrin sisteminin işi pozula bilər.
Soyanın tərkibindəki kimyəvi maddələr qalxanvarı vəzi hormonları ilə birləşir. Odur ki, soya əsasında hazırlanmış qarışıqlarla bəslənən körpələrdə qalxanvarı vəzi funksiyası daha çox pozulur. Təbii soya məhsulları satışda azdır. Ölkəyə gətirilən bütün soya unu genetik dəyişikliyə məruz qalıb, yəni tərkibində QMO maddələri mövcuddur. Bu məhsulların orqanizmə təsiri gözlənilməz fəsadlarla nəticələnir. Hər halda, heyvanlar üzərində aparılmış bəzi təcrübələrin nəticələri belə deməyə əsas verir.
Soya və soya məhsullarını mümkün qədər az istifadə edin. Bitki mənşəli zülal qoz-fındıq, paxla, mərcinin tərkinidə də çoxdur. Mümkün qədər qidanızda onlardan bol istifadə edin.


 4355    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *