Bagla

Həkimdən soruş

Hekimden sorus







12 tipik pasiyent

Sirr deyil ki, müalicənin effektivliyi bəzən həkimin pasiyentə yanaşmasından, onunla dil tapmağından asılıdır. Təqdim etdiyimiz 12 tipik pasiyentlə dil tapmağın yolunu göstərib, məsləhət vermək istədik.

 

Məşhur sovet terapevti, professor Roman Luriya uzaq 1935-ci ildə klinik təbabətə “xəstəliyin daxili təsviri” anlayışını gətirdi. Bu anlayış pasiyentin keçirdiyi bütün emosiyaları, durumunu və bütövlükdə xəstəlik haqqında təsəvvürünü birləşdirir. Sonralar, 1980-ci ildə Leninqrad elmi-tədqiqat psixonevroloji institutunun həkimləri Andrey Liçkonun rəhbərliyi altında 12 pasiyent psixotipini təsvir etmişdir. Bu konsepsiya indi də tibbi psixologiyada aktiv istifadə edilir.

 

RASİONAL
1. Harmonik psixotip — xəstəliyin ağırlığını doğru qiymətləndirən, durumunu şişirtməyən və kiçiltməyən pasiyentlər. Onlar müalicəyə tabedir və xəstəliklə uğurlu mübarizə aparmaq üçün həkimə yardımçı olmağa çalışır.

 

2. Erqopatik (stenik) psixotip. Bu pasiyentlər, adətən, xəstəlikdən qaçmaq üçün işləməyə can atır. Onlar üçün peşəkarlıq statusunu itirməmək vacibdir, ona görə də diaqnostika və müalicə ikinci plana keçir.

 

3. Anozoqnozik (eyforik) psixotip. Pasiyent xəstəliyi inkar edir, onun fəsadları haqqında düşünmək istəmir. Belə adamlar çox vaxt müayinədən və həkimə getməkdən imtina edir, xəstəliyin öhdəsindən təkbaşına gəlməyə çalışır, yaxud “özü keçəçəyinə” ümid edirlər.
Həkimə tövsiyə:
Bu üç tipli pasiyentlər “rasional” qrupa aiddir: onların sosial adaptasiyası pozulmayıb, öz psixo­loji problemlərinin öhdəsindən sərbəst gələ bilirlər. Ümumən, bu pasiyentlərlə işləmək asandır. Həkim təkcə onu nəzərə almalıdır ki, erqopatik və anozoqno­zik tiplər həkimlə həmişə həvəslə əməkdaşlıq etmir. Çox vaxt yaxşılaşdıqdan sonra növbəti kəskinləşməyə qədər müalicəni dayandırırlar. Belə pasiyentlərlə işləyərkən qohumlarını da cəlb etmək, xəstənin müalicəsinə özünüz nəzarət etməyiniz yaxşı nəticə verir.

 

HƏYƏCANLI
4. Həyəcanlı (həyəcan- depressiv və obsessiv-fobik) psixotip — xoflu xəstələrdir. Analizlərin nəticələrinə və həkimlərin rəyinə güvənərək onlar müalicənin səmərəsiz olacağından, fəsadlarından və ya təhlükəsindən həddən artıq narahatdırlar. Belə pasiyentlər çox vaxt eyni problemlə bir neçə həkimə müraciət edirlər.
Həkimə tövsiyə:
Pasiyentə əsl mənada, “analıq” qayğısı ilə yanaşmaq gərəkdir. Xəstəlik, müalicə və reabilitasiyaya dair ətraflı məlumatdan başqa, pasiyent həkimdən ürək-dirək almaq, arxayın olmaq istəyir.

 

5. İpoxondrik psixotip — öz xəstəliyinə həddən artıq, izafi diqqət ayıran, ona aludə olan pasiyentlərdir. Çox vaxt simptomları şişirdirlər və ya olmayan xəstəlikləri uydururlar. İpoxondriklər daim öz şikayətlərini həkimlə və qohumlarla bölüşməyə can atırlar.
Həkimə tövsiyə:
Pasiyent xəstəliyi və müalicəsi barədə adekvat məlumat almalıdır. İmkan daxilində ipoxondrikin qohumlarını xəbərdar edin ki, o öz bitməz-tükənməz şikayətləri ilə ailə üzvlərini bezdirə bilər. Həkimlər bu pasiyentlərə səbrlə yanaşmalı, amma yeri gəldikdə sərtlik göstərib “artıq həkimə getməyə ehtiyac yoxdur siz sağlamsız” deməlidir. İpoxondrikə həyat tərzini dəyişməyi, özünə bir məşğuliyyət tapmağı tövsiyə etmək olar ki, öz naxoşluğuna qapanmasın.

 

6. Nevrastenik psixotip — belə pasiyentlər naxoşladıqda, yaxud müalicə nəticə vermədikdə çox qıcıqlanır, əsəbiləşirlər. Onlar ağrıya davamsızdır, müayinə və müalicə vaxtı səbirsizdir, hər yerdə qüsur axtarırlar.
Həkimə tövsiyə:
Bu pasiyentlərlə dialoq “böyük-böyüklə” formatında qurulmalıdır. Pasiyentin əsəbiliyi sizə toxunmasın, ittihamlara reaksiya verməyin, mübahisəyə qoşulmayın. Ən yaxşısı pasiyentlə razılaşıb sonra söhbətin istiqamətini dəyişmək, rasional tövsiyələri israrla və sərt tərzdə verməkdir.

 

7. Melanxolik (vital-xiffət) psixotip. Pasiyent xəstəliyindən məyusdur, hətta müalicədə obyektiv yaxşılaşma olanda belə, sağalacağına inanmırlar.

Həkimə tövsiyə:
Belə adamlar söhbətə, müalicəsində əldə olunan uğurlara görə tərifə ehtiyac duyurlar. Ən kiçik diqqət işarəsi, təbəssüm belə onlar üçün əhəmiyyətlidir.

 

8. Apatik psixotip — bu pasiyentlər xəstəliyin aqibətinə, müalicənin nəticələrinə qarşı tam etinasızdır, təşəbbüs göstərmir, tam passivdirdirlər.
Həkimə tövsiyə:
Təşəbbüsü öz əllərinizə götürün! İmkan daxilində belə xəstələrin müalicəsinə özünüz nəzarət edin, pasiyentin qohumlarının dəstəyindən faydalanın.

 

9. Sensitiv psixotip. Pasiyentlər həssasdır, əhvalı dəyişikdir, xəstəliklərinin yaxınlara və ətrafdakılara ağır təsir göstərəcəyindən narahatdır. Yük olacaqları, yazıq və dəyərsiz olacaqları onları qorxudur.
Həkimə tövsiyə:
Belə pasiyentləri söhbətə dəvət edin, əhvalını soruşun, müalicənin səmərəsinə inandırın.

 

10. Eqosentrik (isteroid) psixotip. Bu pasiyentlər xəstəliyi nəinki qəbul edir, ondan bəhrələnməyə də çalışır, müstəsna hesab etdiyi hallarını ətrafdakılara nümayiş etdirir, emosional cəhətdən qeyri-sabitdirlər.
Həkimə tövsiyə:
Bir tərəfdən, səbrli olmalı, digər tərəfdən sərtlik göstərməlisiz. Pasiyentə sizi idarə etməyə icazə verməyin, pasiyentin heç də bütün istəklərini yerinə yetirməyə dəyməz. Münasibətlər “böyük-böyüklə” tipində qurulmalıdır.

 

11. Paranoyal psixotip. Bu tipli adamlar əmindir ki, xəstəlikləri xarici səbəblərin nəticəsidir, onlar gözə gəlib, pis nəfisə məruz qalıb. Onlar bədgümandır, müalicəyə inamları yoxdur, dərmanların mümkün əlavə təsirini həkimlərin səhlənkarlığına və qərəzinə aid edirlər. Türkəçarəyə, falçılara, sınıqçılara inanırlar.
Həkimə tövsiyə:
Mühakimə etməkdən çəkinin və belə pasiyentlərlə ünsiyyətdə yumor hissini “söndürün”. Nəsihət tonundan əl çəkin.

 

12. Disforik (aqressiv) psixotip — belə pasiyentlər qəzəblidir, narazıdır və qaşqabaqlıdır. Onlar aqressiv­dir, zülmkardır, özünə qarşı yüksək diqqət tələb edir, sağlam adamlara paxıllıq edir, tez-tez qəzəblənirlər.
Həkimə tövsiyə:
Pasiyentlə münasibətləri “böyük-böyüklə” tərzində qurun. Pasiyentə yığılmış qəzəbdən və qıcıqdan azad olmaq imkanı yaradın, təhqiramiz ifadələrinə məhəl qoymayıb onu dinləyin. Bu, aqressiyanı kənarlaşdırır və pasiyentlə səmərəli dialoq qurmaq imkanı yaradır.

 

Ümid edirik ki, pasiyentlərin tipajlarını araşdırmaqda sizə az da olsa, kömək edə bildik!


 667    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *