Bagla

Həkimdən soruş

Hekimden sorus







50-dən sonra zövqlü qalmaq

Baxımlı qadın hər yaşda dəbdəbəli görünür. Əsas şərt özünü düzgün təqdim etməkdir. Hansı stilistik incəliklər olduğundan cavan görünməyə kömək edir, hansılarını isə unutmaq lazımdır?

Ondan başlayaq ki, yaşlandıqca xarici görünüşün ümumi kontrastlığı azalır. Nə deməkdir bu? Qara rəngdən imtina etmək yaxşı olar. Hər halda, çöhrənizin ətrafında qara olmasın. Çətin ki, bu simanızı canlandırsın, əksinə, bütün qüsurlar nəzərə çarpacaq: qırışlar, piqment ləkələr, əyriliklər. Üstünlüyü daha yumşaq, neytral rənglərə verin: qum, sədəf, zeytun, südlü qəhvə çalarları.

Boyun nahiyəsi müdriklik çağına qədəm basmış qadınların ən zərif yeridir. Düzgün qulluq edilərsə, üz dərisi  uzun müddət təravətli və baxımlı görünər. Boyun isə həmişə yaşı xaincəsinə göstərir.  Demək, qısa boyunbağı, çoker taxmaqla diqqəti bu sahəyə cəlb etməyə dəyməz. Daha uzun boyunbağı zərif dekolte zonasını bəzəyir və boyunu vurğulamır. Sotuarlar bu mənada əla seçimdir, onlar silueti uzadır, nəzəri boyundan yayındırır və ümumi surətə yüngüllük verir.

Daha bir vacib məqamdan danışmaq istəyərdik, eynəklərdən. Günəleyhinə ya görmənin korreksiyası üçün olsun, istənilən halda, yaşınız nə qədər çoxdursa, eynək çərçivəsi o qədər nazik və incə olmalıdır.   Enli, kontrast çərçivəli iri modellər üz cizgilərini  kobud və dolu göstərir.

İncə hündür bucaqlı, «pişik gözü» adlanan modellər  daha baxımlıdır. Belə eynəklər sanki sifəti bir qədər «dartmaqla» liftinq effekti yaradır.

 

20 yaşımızda hündür dabanların üstündə kəpənək kimi pərvaz edir, pərəstişkarlarımızın heyran baxışlarını cəlb edirik. Yaşa dolduqca öz rahatlığımızı üstün tuturuq. Tam təbiidir ki, yastı altlıqlı ayaqqabı bizi daha çox cəlb etməyə başlayır. Bu siyahının başında loferlər durur. Həm rahatdır, həm də yaraşıqlı, həm klassik, həm də cəsarətli geyim tərzi ilə uyğunlaşır.

 

Hesab olunur ki, qadın yaşa dolduqca ətəyinin də uzunluğu artmalıdır. Kökündən yanlış fikirdir. Özünə yaraşan, özünə uyğun uzunluğu tapmaq vacibdir. Necə? Maksimal uzun ətək geyinin, sonra santimetr santimetr ardınca parçanı yuxarı qaldırın. Çox güman ki, ən uyğun uzunluq dizdən bir az aşağı və ya baldırın ortasından olacaq.


təbii ki, qadınların çoxu üçün şalvar ən münasib seçim olaraq qalır. Ən yaxşı modellər qalın trikotajdan belində büzməli ya düz biçimli cins şalvarlardır.  Topuqları açıq saxlayın, öz ayaqlarınızdan utanmayın.

Bədənə kip oturan nazik trikotaj düzgün seçim deyil. Sözsüz ki, bədənin bütün nöqsanları bilinəcək. Amma, yumşaq qatlanan, bədənə yapışmayan qalın trikotaj yerinə düşər, belə paltar həm rahat, həm də dəblidir. 

Çox qadınlar ölçüyə lazımınca əhəmiyyət vermir və, adəti üzrə, ölçüsündən çoxdan «böyüdükləri» paltar alırlar.  Amma, bədənə sıx oturan paltardan pis heç nə ola bilməz. Tərəddüd edirsizsə, bir-iki ölçü böyük geyim seçin.

Nimdaş paltar qadını qocaldır. Vintaj üslubundan uzaq durun! Qarderobu tez-tez dəyişin. Qoy geyim əşyaları çox olmasın, amma, keyfiyyətli materiallardan olsun: kaşemir, ipək, yün, dəri.


 80    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *