Bagla

Həkimdən soruş

Hekimden sorus







Tibbi xidmət istehlakçısının sosial portreti

 

Hər bir sosial sistemin olduğu kimi, icbari tibbi sığorta sisteminin də elementləri və onların qarşılıqlı əlaqəsini təmin edən sosial əlaqələri mövcuddur.  Bu sistemin səciyyəvi xüsusiyyətləri tipik sosial sistemə xasdır – bütün elementlərin qarşılıqlı asılılığı və qarşılıqlı əlaqəsi.

 

İstənilən sistemin təbədüllata qarşı müəyyən müqavimət və davamlılıq qabiliyyəti var, bu səhiyyə sisteminə də aiddir. Hansı novasiyalar tətbiq olunsa da, əvvəlki sistemin əsas elementləri ya dəyşməz qalır, ya da təzələnir, amma istənilən halda onların təsiri qaçılmazdır.

 

İcbari tibbi sığorta sistemi təkcə səhiyyə sistemi ilə bağlı deyil. Burada bir sıra maraqlı tərəflərin qarşılıqlı əlaqəsi qurulur, bu tərəflər İTS sisteminin hüquqi subyektləri adlanır. Bu,  tibbi xidmətlər istehlakçıları (əhali), bu xidmətlərin istehsalçıları (tibb müəssisələri), müxtəlif mülkiyyət formalı müəssisələr, dövlət və yerli özünüidarəetmə hakimiyyəti orqanları, sığorta tibb təşkilatları, icbari tibbi sığorta fondlarıdır. 

 

İTS sisteminin uğurlu fəaliyyəti yalnız bütün əlaqədar subyektlərin maraqlarının təminatı şəraitində mümkündür. Amma, praktikada bu həmişə belə deyil, həm obyektiv, həm də subyektiv səbəblərdən. Dəyişkən sosial-iqtisadi və siyasi vəziyyət bu zəncirin hər hansı bəndinə təsir edirsə, bütün sistemin tarazlığı pozulur.

 

Əhali strukturunda prinsipial dəyişikliklər baş verir. Kəskin təbəqələşmə, sosial qruplaşma tibbi xidmətin təşkilinə birtərəfli yanaşmanı istisna edir.

 

Cəmiyyətə zərbə vuran maliyyə-iqtisadi böhranı pulsuz tibbi xidmətin göstərilməsinə deklarativ zəmanət verən dövləti də, bu sistemdə sığortaçı mövqeyini tutan müəssisələri, təşkilatları  da ödəmə qabiliyyətindən məhrum edir. Beləliklə, nə dövlət maliyyəsi, nə İTSF vasitəsi ilə maliyyələşdirmə səhiyyə sisteminin bütün tələbatlarını tam təmin etmir.

 

Maliyyələşdirmə sistemini dəişmək cəhdləri ilk dəfə olaraq hələ 100 il əvvəl Almaniyada həyata keçirilmişdir və bir sıra sosial-iqtisadi problemləri həll etmək məqsədi daşıyırdı: 

  • əhalinin sağlamlıq durumuna təsir etmək – zəmanətli əlçatan tibbi yardımın təminatı;
  • həcminə və keyfiyyətinə görə adekvat tibbi yardımın göstərilməsi;
  • xərclərin qarşısının alınmasına baxmayaraq tibbi yardım göstərən müəssisələrin sabit fəaliyyətinin təmin olunması.

 

İcbari tibbi sığorta subyektlərinin bu sistemdə özəl maraqları var və bu maraqlar ayrı-ayrılıqda təmin oluna bilməz. Demək, dərin sistemli təhlil əsasında bu maraqların üs-üstə düşdüyü məqamlar axtarılmalı və uyğunlaşdırılmalıdır.  Bu məqsədin gerçəkləşməsi üçün aşağıdakı məsələlər həllini tapmalıdır:

  • əhalinin müxtəlif sosial qruplarının icbari tibbi sığortaya münasibətini təhlil etmək;
  • tibb xidmətləri istifadəçilərinin sosial-iqtisadi xarakteristikasını vermək, onların İTS ilə bağlı tələbatlarını və maraqlarını, bu tələbatların gerçək təminat imkanlarını  təhlil etmək.

 

 

Əhali tibb xidmətləri istifadəçisidir və təbii ki, əhalinin tərkibi,  sosial-demoqrafik, psixoloji və iqtisadi göstəriciləri bir çox hallarda icbari tibbi sığortanın bütün subyektlərinin funksiyalarını, fəaliyyət tərkibini və əlaqə mexanizmlərini müəyyənləşdirir. Bu və ya digər sosial qrupların təhsil və gəlir səviyyəsi, cins, yaş, ailə vəziyyəti, məşğuliyyət növü kimi xarakteristikaların əhəmiyyəti böyükdür. 

 

Psixoqrafik məlumatlar da nəzərə alınmalıdır: bu və ya digər sosial təbəqəyə mənsubiyyət, həyat tərzi, şəxsi və davranış keyfiyyətləri. Belə olmadan icbari tibbi sığorta sistemində xidmətlərin təsadüfi istifadəsi səviyyəsini, konkret MPM-də daimi müştəri mövqeyini almaq istəyini, İTS xidmətlərinə olan ehtiyacı birmənalı təyin etmək  çətindir.

 

Bütövlükdə yaşayışdan və onun ayrı-ayrı tərəflərindən razılıq dərəcəsi xüsusi maraq kəsb edir. Sosioloji sorğular göstərir ki, əhalinin daha çox qane olduğu sahə ailə vəziyyətidir. Ailə vəziyyətindən daha çox məmnun olanlar arasında kənd ərazilərində  yaşayan cavan yaşlı kişilərdir. Şəhər sakinləri, eləcə də, yaşından və yaşayış yerindən asılı olmayaraq qadınlar daha ehtiyatlı qiymət verir. Onların arasında ailəsindən məmnun olan çoxdur, amma ailə münasibətlərini yüksək balla qiymətləndirən azdır, yəni, qadınlar hətta qənaətbəxş münasibətlərə də qeyri-obyektiv yanaşma nümayiş etdirir.

 

Ailənin ən vacib funksiyalarından biri rekreativ funksiyadır, bu isə o deməkdir ki, ailə üzvləri biri-birinin sağlamlığının, istirahətinin qeydinə qaymalıdır, stress vəziyyətindən çıxarmalıdır.  Əksəriyyətin ailə münasibətlərini  yaxşı və hətta, əla dəyərləndirməsi ailələrin çoxunun səhiyyə təşkili sisteminin müttəfiqi olması deməkdir. 

 

Məmnunluq dərəcəsinə görə ikinci yerdə işdir. İşə münasibət bir neçə məqamlardan ibarətdir: əməyin mahiyyəti, şəraiti, əmək haqqı, kolektivdə sosial-psixoloji mühit və bir çox başqa amillər. Güman etmək olar ki, işə münasibəti şərtləndirən əsas amil əmək haqqıdır. Amma, tam belə deyil. Maddi durum çox az adamları tam qane edir. Demək, işindən məmnun olanlar üçün təkcə əmək haqqı şərt deyil. Göründüyü kimi,  sevimli işlə məşğul olmaq imkanı, özünü ifadə etmək və sosial mövqeyini saxlamaq imkanları, yəni tamlığın hissəsi olaraq qalmaq (əmək kollektivinin tam hüquqlu üzvü olmaq) az əhəmiyyət daşımır. Hətta tamdəyərli həyat sürməyə imkan verməsə belə yenə də iş sabitlik və özünə əminlik zəmanətidir.  Buna baxmayaraq, işindən razılıq əmsalı ailədən razılıq əmsalından iki dəfə aşağıdır.

 

Üçüncü yerdə məişət şəraiti dayanır. Sosioloji sorğular göstərir ki, mənzil-məişət şəraitindən razı qalanlar arasında daha çox ikinci orta və yuxarış yaş qrupuna aid şəxslərdir. Son dərəcə narazı olanlar əsasən kiçik yaş qrupuna aid şəxslərdir.

 

Maddi vəziyyət ən mürəkkəb məqamdır. Bu faktor insanın psixoloji durumuna çox mühüm təsir göstərir və dolayısı ilə sağlamlığına zərər vurur.

 

Əhalinin üstün çoxluğu ailələrdə yaşayır. Tənha olanlar 10%-dən aşağıdır, onların da üçdə biri əsasən təqaüdönü və təqaüd yaşlı kişi və qadınlardır. İki nəfərdən ibarət ailələr əsasən hələ övladı olmayan gənc ailələr, ya da övladları artıq böyüyüb valideyn ocağını tərk etmiş yaşlı adamlardır. Sosioloqlar belə ailələri «boş yuva» adlandırır.

 

Tipik nuklear ailələr əksəriyyət təşkil edir.  Valideyn və uşaqlardan ibarət nuklear ailə sosial baxımdan daha perspektivli və daha sağlamdır. Ailənin sosial sağlamlığı kənddən mərkəzə, meqapolisə istiqamətində zəifləyir. Sosial sağlamlıq fiziki sağlamlığa adekvat deyil. Nuklear ailələrin tərkibində sağlamlığını qeyri-qənaətbəxş kimi dəyərləndirən adamların sayı daha çoxdur.

 

Valideynlərdən birinin olmadığı natamam ailələr  əsasən iki tipli olur: uşaqlı tək ana və övladının yanında yaşayan ahıl valideynlər. Digər ailə tipləri qanuni nigahı olmayan kişi və qadınların birgə yaşamasıdır.

 

Ailələrin tərkibi təhlili göstərir ki, sağlamlığını yaxşı kimi dəyərləndirən vətəndaşların ən böyük faizi nuklear ailələrdə yaşayır. Qeyri-qənaətbəxş sağlamlıq daha çox tənhalara xasdır.

Əhalinin öz sağlamlığını dəyərləndirməsi subyektiv xarakter daşıyır və aşağıdakı amillərdən asılıdır.

  • Fərdin psixoloji xüsusiyyətləri. Belə ki, pessimist yüngül soyuqlamanı da fəlakət hesab edir. Miokard infarktı keçirmiş  optimist sağlamlığını yaxşı kimi dəyərləndirir. 
  • Sorğu vaxtı vəziyyəti. İnsan ümidlə yaşayır və, sorğu zamanı özünü yaxşı hiss edirsə keçmişdə yaşadıqlarına əhəmiyyət vermir və əksinə, sorğu vaxtı respondent halsızdırsa sağlamlığının da aşağı qiyməti ehtimalı kəskin artacaq.
  • Yaxınların sağlamlığının vəziyyəti. Respondentin təmasda olduğu qohumların ya tanışların arasında ağır xəstələr ya əksinə, möhkəm sağlamlığı olanlar varsa özünün də sağlamlığı bu amillərdən mütləq asılı olacaq.
  • Respondentin son illərdə keçirdiyi xəstəliklərin tezliyi və ağırlığı.
  • Tibbi müayinələrin nəticələrindən məlumatlığı. Nəticələr yaxşıdırsa, respondent hətta kəskin ağrıları və davamlı xəstəliyi də təsadüfi və müvəqqəti hesab edir. Əksinə, özünü yaxşı hiss etsə də pis nəticələri hökm kimi qəbul edir.   
  • Ətraf mühitin vəziyyəti. Məntiq belədir: su, hava və qida korlanıbsa sağlamlıq yaxşı ola bilməz.
  • Tibbi xidmətin səviyyəsindən razılıq dərəcəsi.

 

Beləliklə, bütün əhalini üç qrupa ayırmaq olar: 

  1. a) sağlamlığını qeyri-qənaətbəxş hesab edənlər və mütəmadi tibb müəssisələrinə müraciət edənlər;
  2. b) sağlamlığını qənaətbəxş hesab edənlər və vaxtaşırı tibbi yardım alanlar;
    v) sağlamlığını yaxşı hesab edənlər və müalicə-profilaktika müəssisələrinə az müraciət edənlər. 

 

Tibb xidmətlərinin real istifadəçiləri yetkin yaşlı əhalinin 75%-ni təşkil edir. Tibbi-sosioloji tədqiqatların nəticələri sağlamlıq durumu ilə yaş arasında sərt korrelyasiya təyin edir.  Görünən budur ki, yaş qrupu artdıqca sağlamlığın özünüdəyərləndirməsi də aşağı enir. Belə ki, özünüdəyərləndirmə səviyyəsinin kəskin endiyi hədd 35 yaşdır.

 

İcbari tibbi sığorta bütün əhalini, o cümlədən uşaqları da əhatə edir. Sorğu adətən böyüklər arasında aparılır və uşaqların sağlamlığını valideynlər dəyərləndirir. Bu daha dəqiq yanaşmadır, çünki xüsusən azyaşlı uşaqlar obyektiv qiymət verməyi bacarmır. 

 

Sorğuların nəticələrinə görə  təxminən 40% ailələrdə yetkinlik yaşına çatmayan uşaqlar böyüyür. Valideynlərin yalnız 10%-i uşaqların sağlamlığını yaxşı hesab edir, qənaətbəxş hesab edənlər 25% və qeyri-qənaətbəxş 5% təşkil edir. Qeyri-qənaətbəxş qiyməti xroniki patologiyanın olduğunu nəzərdə  tutur.

 

Vətəndaşların sağlamlığı bir çox hallarda iş fəaliyyətindən asılıdır. Aydındır ki, bu və ya dijər fəaliyyət növü sağlamlığı həm gücləndirə bilər, həm də ona mənfi təsir göstərə bilər. Bir göstərici üzərində dayanaq – vətəndaşın sosial statusu ilə sağlamlığı arasındakı asılılıq.

 

Tədqiqatlar göstərir ki, sağlamlığını başqalarından yüksək dəyərləndirən kommersiya təşkilatlarının əməkdaşlarıdır. Görünür, bu ilk növbədə əməkdaşların yaşı ilə bağlıdır. Kommersantların və iş adamlarının böyük əksəriyyəti gənc yaşlı şəxslərlə təmsil olunub. Qeyd etmək lazımdır ki, onların arasında könüllü tibbi sığorta müqaviləsi bağlamaq istəyənlər daha çoxdur.

 

Sağlamlığını qeyri-qənaətbəxş dəyərləndirənlərin sayı büdcə təşkilatlarının işçiləri arasında daha azdır. Bu, təsadüfi deyil, çünki büdcə sferasında çalışanların əksəriyyəti ali təhsillidir.

 

Durumunu hamıdan zəif dəyərləndirən təqaüdçülərdir, bu da təbiidir.  Tibbi xidmətlərin ən fəal istifadəçiləri onlardır, bununla belə məhz bu kateqoriyanın tibbi xidməti müalicə-profilaktika müəssisələri üçün iqtisadi cəhətdən az sərfəlidir.

 

Nəhayət, maraqlı bir sual: respondentlərin yaşayış yeri ilə sağlamlıq durumu nə dərəcədə bağlıdır? Ekoloji cəhətdən daha sağlam kənd mühiti, açıq havada əmək sağlamlığı gücləndirir. Lakin, kənd sakini həkimə ciddi zərurət yarananda müraciət edir və onun rəyi yalnız özünü necə hiss etməsinə əsaslanır. 

 

Həkimə müraciətlərin  tezliyi yaşa görə düz mütənasibliklə artır, «sıçrayış» 50 yaşdan sonra başlayır.  Sosial status mövqeyindən tibb müəssisələrinə müraciətlərin tezliyi və müntəzəmliyinə görə birinci yerdə təqaüdçülərdir, ikinci yerdə büdcə işçiləri, üçüncü yerdə mühəndis-texniki işçilər və qulluqçular,  dördüncü yerdə fəhlələr, beşinci yerdə işsizlər və altıncı yerdə iş adamları və kommersantlar dayanır. Sığorta polisi olan şəxslər tibb müəssisələrinə olmayanlardan daha çox müraciət edir.

 

Cinsindən, təhsilindən, yaşından və məşğuliyyətindən asılı olmayaraq əhalinin üçdə biri tibbi yardımdan tam narazıdır. Bu o demək deyil ki, qalanları bu xidmətin səviyyəsindən tam razıdır. Sorğulara əsasən narazılıq daha çox tibb personalının diqqətsizliyindən, ikinci yerdə pasiyentlərin qəbulu təşkilindən, üçüncü yerdə tibb xidmətinin keyfiyyətindən, daha sonra həkimlərin ixtisas səviyyəsindən və nəhayət, bütövlükdə tibb müəssisəsinin işindəndir. 

 

Tibbi sığorta sisteminin bazar münasibətlərinə uyğunlaşması yalnız bütün əlaqədar tərəflərin maraqlarının təmin olunması və, ilk növbədə tibb xidmətlərinin təqdimatçısı, yəni tibb müəssisəsinin maraqlarının təminatı şərti ilə mümkündür.  Mürəkkəb xəstəliklərin müalicəsini aparan həkimin əmək haqqı adi KRX-in müalicəsinə uyğundursa sistemin özü ilə ziddiyyətə düşməsi qaçılmazdır, istər-istəməz əhlinin əksəriyyətinin əli çatmadığı tibb xidmətlərinin qara bazarı yaranacaq.

 

Aparılan tədqiqatların nəticələri göstərir ki, əhalinin əksəriyyətinin gəlirləri yalnız həyatın bioloji davamını təmin edir. Təbii ki, bu halda pullu tibb xidmətindən söhbət gedə bilməz. Beləliklə, hazırkı vəziyyətdə icbari tibbi sığorta alternativsizdir və tam həcmdə həyata keçirilməlidir. 

 

İcbari tibbi sığortanın tətbiqinin ən mühüm ideyası tibb xidmətləri təqdimatçıları, təchizatçıları, bilavasitə tibb xidmətləri bazarında rəqabətin yaradılmasıdır. Bu məqsəd hazırda hələ tam reallaşmayıb, odur ki hüquqi və təşkili tədbirlər görülməlidir, İTS sistemi davamlı olaraq təkmilləşdirilməli və inkişaf etməlidir.


 707    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *