Bagla

Həkimdən soruş

Hekimden sorus







Ailə həkiminin təcrübəsində uzunömürlülüyün sirləri

Bütün dövrlərdə bəşəriyyət ömrü uzatmağın yollarını axtarır. Bu istək həm ədəbiyyatda, məhşur Oskar Uayldın qəhrəmanı Dorian Qrey nümunəsində, həm də tibbdə eyni adlı qəhrəmanın sindromu olaraq da əks olunub. Ömrün, onun keyfiyyətini qoruyaraq uzadılması məsələsi bu günə qədər aktuallığını itirmir və səhiyyədə geniş miqyas­da uğurla həll olunur.

 

Qeyd etmək lazımdır ki, ömrün uzunluğu irsiyyət çərçivəsi ilə məhdudlaşır. Bildiyiniz kimi, nəslində uzun ömürlü qohumları olan insanların özlərinin də uzun ömür yaşamaq şansı yüksəkdir və əksinə. Ancaq yenə də çox şey həm insanın özündən, həm də yaşadığı dövlətin yaratdığı şəraitdən asılıdır.

Ölkəmiz həmişə uzunömürlü sülalələri ilə məhşur olub. Canlı nümunə kimi , bəzi mənbələrə görə 168 il yaşamış, Lerik rayo­nun­dan olan uzun ömürlü Şirəli Müslümovu göstərmək olar. Uzun ömürlülərin, əsasən, dağlıq ərazilərdə yaşayan kənd sakinləri olması xarakterikdir.

Onların həyat tərzi şəhər sakinlərindən nə ilə fərqlənir? Birincisi, təmiz ekologiya: dağ havası, təbii qida və bulaq suları. İkincisi, onlar yüksək fiziki aktivliyi ilə seçilirlər. Üçüncü amil isə stresdən uzaq, tarazlaşdırılmış həyat tərzidir. İndi isə nəzərimizi böyük və orta şəhərlərə yönəldək. İlk növbədə, çirkli ekoloji vəziyyət diqqəti çəkir. Buna həm sürətlə inkişaf edən sənaye, həm böyüyən nəqliyyat parkı, həm də artan zibilliklər səbəb olur. Bunu dayandırmaq üçün təcili olaraq dövlət səviyyəsində hərtərəfli tədbirlər görmək lazımdır: bütün zavod, fabrikləri yüksək səmərəli təmizləyici qurğularla təmin etmək; mümkün olduğu qədər, tullantısız istehsalat yaratmaq, yanacaq nəqliyyat vasitələrini tədricən elektrikli nəqliyyat vasitələri ilə əvəz etmək; tramvay parkının geniş inkişafı; tullantıların məhv edilməsi, plastik qabların və konteynerlərin ekoloji qablarla əvəzlənməsi. Əhalinin sağlamlığına ən böyük zərər müasir qida sənayesi ərzaqlarından qaynaqlanır. Məlum faktdır ki, qida sənayesinin liberallaşdırılması iqtisadi faydalarla yanaşı, bir çox mənfi cəhətləri də meydana gətirdi, belə ki, yüksək qazanc əldə etmək həvəsi keyfiyyətsiz və şübhəli maddələrin istifadəsinə geniş yol açmışdır.

Gördüyümüz kimi, yuxarıda sadalanan bütün çatışmazlıqlar dövlət səviyyəsində aradan qaldırılmalıdır.

 

Bəs ömrünü uzatmaq istəyən insanın özü şəxsən nə edə bilər? Bu məsələ eyni zamanda həm sadə, həm də mürəkkəbdir. Hər bir insan əcdadlarının xəstəliklərini bilməli və onlardan xilas olmaq üçün artıq gənc yaşlarından ailə həkiminin dəstəyi ilə profilaktik tədbirlərin alınmasını düşünməli, sağlam qidalanma, mütəmadi idmanla məşğul olma vərdişini özündə formalaşdırmalıdır, peşə seçimində diqqətli davranmalı, stres və aşırı fiziki gərginliklərdən uzaq durmalıdır.

 

Sağlamlığın qorumasının digər aspek­ti insanın psixoloji vəziyyətinə diqqət yetirməsidir və bununla əlaqədar, uşaqlıqdan müxtəlif çətinlikləri səbirlə qarşılamağı və bütövlükdə, həyata nikbin yanaşmanı aşılamaq lazımdır. Burada ayrıca dini tərbiyyənin rolunu göstərmək olar ki, bu da uşaq üçün “təhlükəsizlik yastığı” rolunu oynayacaq, sərxoşluq, siqaret çəkmə, narkotik maddələrin qəbulu kimi zərərli və ölümə aparan vərdişlərdən uzaqlaşdıracaq.

 

Əlbətdə, məqaləmizdə ömrü qorumaq və uzatmaq probleminin yalnız kiçik hissəsini əhatə etdik, amma yenə də hörmətli oxucularımızın özləri üçün faydalı nəticələr çıxaracağına ümid edirik.

 

M.S. Salihov
ATU Ailə təbabəti kafedrasının müdiri

 

M.A. İbrahimov, Y.F. Heydərova
Kafedranın assistentləri


 62    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *