Bagla

Həkimdən soruş

Hekimden sorus







Ailə həkiminin təcrübəsində yaşlı və ahıl xəstələrdə stenokardiyanın xüsusiyyətləri

Hal-hazırda yaşlı və ahıl xəstələrin ailə həkiminə müraciət halları 25,5%-ə yaxındır. Bu müraciətlər arasında 60-74 yaş aralığında olan şəxslər üstünlük təşkil edir. Bu yaş qrupundan olan xəstələrin əksəriyyəti öz əmək fəaliyyətlərini davam etdirirlər. Yaşlı və ahıl xəstələrdə ürəyin işemik xəstəliyinin gedişinə miokardın proqressivləşən atrofiyası, miokard damarlarının fizioloji sklerozu ilə müşayiət olunan ürəyin remodelləşməsinin (yaşla əlaqədar olaraq) böyük təsiri vardır. Nəticədə, miokardın sistolik və diastolik disfunksiyası yaranır. Miokardda elektrolit tarazlığı pozulur.(K+ azalır, Ca++ , Na+ isə artır) və bunun nəticəsində aritmiyalar meydana gəlir, sinus düyününün disfunksiyası yaranır, stres vəziyyətlərdə azan sinirin tənzimləyici təsiri azalaraq adekvat cavab reaksiyasının pozulmasına səbəb olur. Ürəyin vurğu həcmi 20% azalaraq həyati vacib orqanların fəaliyyətinə neqativ təsir göstərir.

 

Ahıl və yaşlı xəstələrdə stenokardiyanın bir sıra xüsusiyyətləri mövcuddur:
1. Tutma zamanı ağrı hissiyyatı zəif olsa da, daha uzun müddət davam edir. Nəzərə çarpacaq vegetativ simptomatika müşahidə olunmasa da, tutma, adətən, yüksək arterial təzyiq fonunda baş verir.
2. Yaşlı və ahıl xəstələrdə stenokardiya tutmaları çox zaman ağrı ilə yox, təngnəfəslik ilə müşayiət olunur.
3. Stenokardiya tutmaları ürək çatışmazlığı fonunda baş verərsə, ürək ritminin pozğunluqları yarana bilər.
4. Bəzən yaşlı və ahıl xəstələrdə stenokardiya tutmaları serebrovaskulyar çatışmazlıqla ağırlaşa bilər.
5. Əksər xəstələrdə tutmalar stabil stenokardiya formasında qeyd olunur.
6. Yaşlı və ahıl xəstələrdə döş sümüyü arxası ağrılar diafraqma qida borusu dəliyinin yırtığı nəticəsində də baş verə bilər.
7. Praktik olaraq əksər xəstələrdə stenokardiya tutmaları ilə yanaşı, obleterasiya edici ateroskleroz, ensefalopatiya, şəkərli diabet kimi xəstəliklər qeyd olunur. Ona görə də xəstəliyin diaqnostikası çətinləşir.

 

Yaşlı və ahıl şəxsləri müalicə etdikdə heriatriyanın bəzi vacib qaydalarına əməl etmək lazımdır:
-Polipraqmaziyaya(çoxlu sayda dərman maddələrinin eyni vaxtda təyini) yol vermək olmaz.
-Təyin edilən dərman maddələrinin dozası fərdi olmalıdır. Başlanğıc doza orta yaşlı xəstələrə təyin edilən doza ilə müqayisədə 2 dəfə az olmalı, çox ehtiyatla doza artırılmalı, saxlayıcı doza da az olmalıdır. Dərman maddələrinin əlavə təsirləri, intoksikasiya verməsi və vərdiş olmanın yaranması, kəsilmə sindromu kimi xüsusiyyətlərinin yüksək olma riskləri nəzərə alınmalıdır.

 

Yaşlı və ahıl şəxslərdə stenokardiyanın müalicəsində aşağıdakı prinsiplər əsas götürülür:
1. Pəhriz
2. Ağrının götürülməsi
3. Ürək ritminin bərpası
4. Qan dövranının normallaşdırılması
5. Qanın reoloji xüsusiyyətlərinin yaxşılaşdırılması
Yaşlı və ahıl xəstələrdə stenokardiya tutmalarının müalicəsi aşağıdakı preparatları təyin etməklə aparılır:
– Qısa və uzun müddətli nitrat preparatları
– β-blokatorlar (blokadalar, bronxospazm, sinus düyünün disfunksiyası və digər əlavə təsirlərinə görə çox ehtiyatla təyin edilməlidir).
– Ca++ kanalının blokatorları.
– Qanın reoloji xüsusiyyətlərini yaxşılaşdırmaq məqsədilə, əks göstərişləri də nəzərə almaqla gündəlik olaraq kiçik dozada aspirin qəbulu
– Lipid mübadiləsini tənzimləmək üçün xəstələrə qanda xolesterini azaldan preparatların mikroelement və vitaminlərin, dəniz məhsullarının təyini. Həmçinin lazerterapiya, hiperbarik oksigenasiya, plazmaferez, müalicəvi bədən tərbiyəsini də yaddan çıxartmaq olmaz.

 

M.S. Salihov
ATU-nin Ailə təbabəti kafedrasının müdiri

 

S. Şahbazbəyova
kafedranın dosenti

 

K. Salihova
kafedranın assistenti


 8496    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *