Bagla

Həkimdən soruş

Hekimden sorus







Ana südü ilə qidalanmanın üstünlükləri

Ana südü tərkibindəki balanslaşdırılmış komponentlərin, hormonların, müxtəlif boy faktorlarının, çoxlu miqdarda bioloji aktiv maddələrin və müdafiə faktorlarının (immunoqlobulinlər, fermentlər) olmasına görə körpələrin boyümə və inkişafı üçün ideal qidadır. Ana südü həmçinin ananın sağlamlığı üçün vacib olan reproduktiv prosesin bir hissəsidir. 

Ana südünün tərkibi (hər 100 ml)

Enerji (kkal) 67
Zülal (q) 0,9
Yağ (q) 3,5
Karbohidratlar (q) 7
Vitamin A (mq) 60
Vitamin C (mq) 3,8
Vitamin D (mq) 0,01
Dəmir (mq) 76
Fosfor (mq) 15
Natrium (mq) 15
Kalsium (mq) 35
Xlor (mq) 43

Ana südünün bütün komponentlərinin tərkibi və nisbəti körpənin mədə-bağırsaq sisteminin funksional imkanlarına müvafiq olduğu üçün ana südündəki fermentlər (amilaza, lipaza, fosfotaza, proteaza) və daşıyıcı zülallar körpə tərəfindən asanlıqla mənimsənilir.

Ana südünün tərkibindəki hormonlar və müxtəlif boy faktorları uşaqda iştahanın və metabolizmin tənzimlənməsində çox böyük əhəmiyyət kəsb edir.

Nə keyfiyyətinə, nə də balanslaşdırılmış komponentlərinin tərkibinə görə ana südündə olan bioloji aktiv birləşmələri tam təkrarlamaq mümkün deyil. Ana südünün tərkibində olan immunoqlobulinlər immuniteti, həmçinin bağırsağın selikli qişasının səthi boyu yerləşərək yerli immuniteti təmin edir.

Ana südü 0-6 aylıq uşaqların qidalanması üçün “qızıl standart” hesab olunur. Vaxtından əvvəl doğulan uşaqlarda ana südü demək olar ki, həyatlarının mühafizəsini təmin edir. Bu uşaqlar üçün ana südünün əsas üstünlüyü onlarda çəkinin daha yaxşı artması, infeksion-iltihabi xəstəliklərin daha az inkişaf etməsidir.

Körpələrin və anaların sağlamlığı baxımından ana südünün üstünlükləri:

– Uşağı infeksiyalardan müdafiə edir.

– Uşağın immun sistemini aktivləşdirir.

– Xroniki xəstəliklərin inkişafının qarşısını alır.

– Daha böyük uşaq yaşlarında diabet və piylənmənin əmələ gəlmə riskini azaldır.

– Daha böyük uşaq yaşlarında hipertoniya xəstəliyi və aterosklerozun əmələ gəlmə riskini azaldır.

– Allergik reaksiyaların əmələ gəlmə riskini azaldır.

– “Ani uşaq ölümü” sindromunun yaranması riskini azaldır.

– İdrak (dərk etmə) proseslərinin inkişafına kömək edir.

– Döş əmərkən uşaqda həzz alma hormonları – endorfinlər əmələ gəlir (endorfinlər isə stress hormonlarına təsir edərək onların səviyyəsini azaldır. Mayalanma anından 3 yaşınadək uşaqda formalaşan bu hormonal fon həyatın sonunadək depressiyaların qarşısının alınmasına kömək edir).

– Ana ilə körpə arasında lap erkən dövrlərdə tam emosional yaxınlıq yaradır.

– Hamiləlikdən qorunmanın fizioloji metodu hesab olunur.

– Doğuşdan sonrakı qanaxmaların və anemiyanın yaranma ehtimalını azaldır.

– Hamiləlikdən əvvəlki bədən kütləsini bərpa etməyə kömək edir.

– Süd vəziləri və yumurtalıqları müxtəlif şişlərdən qoruyur.

– Anada osteoporozun qarşısını alır.

 

Ana südü heç bir xəstəlikdə qida rejimini pozmağa imkan vermir və təmiz maye mənbəyi olaraq orqanizmi susuzlaşmadan müdafiə edir. Məsələn, diareya zamanı uşaqda ana südünün qəbulu davam etdirilir, lakin digər maye və qidalardan əksər hallarda imtina edilir.

Ana südü erkən yaşlı uşaqları pnevmoniyadan qoruyur. İnfeksiyaya qarşı maddələrin konsentrasiyaları ana südündə uşağın bir yaşından sonra da qalmaqda davam edir və infeksiyalardan müdafiə edir. 

Ana südü ilə qidalanan uşaqların süni qida qarışıqları ilə qidalanan uşaqlara nisbətən üstünlükləri:

– Bəzi vaksinlərə daha yaxşı reaksiya verirlər.

– İmmunoloji faktorların hesabına anti-genlərin təsirindən və onlara olan kəskin reaksiyalardan (məs., inək südünə olan allergik reaksiyalardan) müdafiə yaranır.

– Fiziki inkişafları ilə seçilirlər.

– Sinir sistemləri daha sakit olur.

– Təmkinli, mehriban, xeyirxah olurlar.

– Valideyn qayğısına qarşı optimal davranış qaydaları yaranır.

– Çənənin forma və inkişafının yaxşılaşması ilə dişləm anomaliyaları azalır.

– Döşlə qidalanma doğuşdan sonrakı sonsuzluğu (laktasion amenoreya), proporsional olaraq uşağın döşlə qidalanmasının tezliyini və müddətini artırır.

– Döşlə qidalanmanın hamiləliyin qarşısını alan üsul kimi effektivliyi doğuşdan sonra 6 ay müddətində 98%təşkil edir.

Döşlə qidalanmanın erkən başlanması doğuşdan sonra ananın orqanizminin bərpasına kömək edir, uşaqlığın yığılmasını tezləşdirir və qanaxma ehtimalını azaldır (bununla bağlı ana ölümü göstəriciləri aşağı düşür). Qanaxmanın azalması nəticəsində həmçinin hemoqlobin ehtiyatları ananın bədənində qorunur və dəmir ehtiyatları ilə bağlı vəziyyət yaxşılaşır.

 

Ana südü ilə qidalandıran qadınlara 15 məsləhət:

1. Körpəni 6 ayına qədər yalnız ana südü ilə qidalandırın. Bu müddətdə döşlə əmizdirmə laktasiyanı stimullaşdırır.

2. Əgər doğuşdan sonrakı ilk günlərdə əmizdirmə mümkün olmursa, əl ilə və ya süd sağan aparatla südü sağın.

3. Doğuşdan sonra ilk 6 həftə ərzində körpəni hər yemək tələb etdiyi halda əmizdirin (bu müddətdə qida rejiminin müəyyən etmək vacib deyil).

4. İlk narahatlıq əlamətləri yaranan anda körpəni sakitləşdirmək üçün dərhal onu əmizdirməyi düşünməyin (bu, isti və ya soyuğun təsiri, körpənin yerini islatması və yaxud da, sadəcə ünsiyyət tələb etmə səbəblərindən ola bilər).

5. İki aylığında körpənin qidalanma rejimini təyin edin (rejim təyin olunmadıqda, körpə gecələr tez-tez oyanır, narahat olur).

6. Əmizdirmə zamanı sizə rahat olan vəziyyəti seçin (narahat vəziyyətdə boyunda, beldə ağrılar meydana çıxır, onurğada və əllərdə artıq gərginlik yaranır).

7. Əgər süd vəzisində çatlar yaranıbsa, kremlərdən istifadə edin (çatların yaranmaması üçün çalışın ki, uşaq döş giləsini düzgün tutsun. Bu, həm də körpənin əmmə zamanı havanı udmaması üçün vacibdir).   

8. Uşağı əmizdirərkən vacib olan göz kontaktını qurun, onu tərifləyib əzizləyin və gülümsəyin.

9. Doğuşdan sonrakı 3-4 ay ərzində stress yarada biləcək faktorları (gərgin işləri, sizi narahat edən qohumları və dostları, televiziya xəbərlərini) özünüzdən kənarlaşdırın. Bu, ona görə vacibdir ki, südün hasil olma prosesi gərginlik zamanı azalır.

10. Çox qida qəbul etməyin. Hasil olan südün keyfiyyəti qidanın çox qəbul edilməsindən asılı deyil. Çalışın, rasionunuz balanslaşdırılmış, vacib vitaminlər və minerallarla zəngin olsun. Qəbul etdiyiniz kalori isə yağsız ət, tərəvəzlər, meyvələr, bütöv dənli çörək, yarmalar və ağartı  məhsullarından ibarət olsun.

11. Körpənizə ilk 6 ay ərzində su (çay) verməyin! Ana südündə yetərincə maye var (ana südü 87-90% sudan ibarətdir) və bu, hətta istidə belə körpənin tələbatlarını ödəyir. Gün ərzində 2 litrdən az olmayaraq maye qəbul edin. Laktasiyanın artması məqsədi ilə  şüyüd, razyana,  yonca və ya kəklikotulubitki çayları içmək olar.

12. Soyuqdəymə zamanı əmizdirməni saxlamayın. Bu, uşağınız üçün ən zərərsiz variantdır, çünki ana südündə uşaqda infeksiyalara qarşı müqavimət yaradan immunoqlobulinlər vardır. Əmizdirmə zamanı üzünüzə birdəfəlik tibbi maska taxsanız yetər.

13. Uşağınıza südün çatmaması ilə bağlı narahatsınızsa, “yaş bezlər” testini sınayın. Bir sutka ərzində adi bezdən istifadə edin: əgər həmin sutkada uşaq 6 dəfə sidiyə gedirsə və sidik açıq-sarı rəngdədirsə, deməli qəbul etdiyi süd ona yetərincədir.

14. Əgər uşaq əmizdirmə zamanı hər dəqiqə narahatlıq göstərərək ağlayırsa, bu, aşağıdakıların əlaməti ola bilər;

– uşağın burnu tutulub, nəfəs alması çətinləşib

– boğazı ağrıyır

– başı ağrıyır

– qarını ağrıyır

– ağzında iltihab var, ya da dişləri çıxır

– narahat olmağının səbəbi sizdədir (sizin artıq hərəkətləriniz ona əmməyə maneçilik törədir)

– sizin əsəbililiyiniz uşağa keçir

– süd həddən artıq çox gəlir.

15. Ana südü ilə qidalandırmanı dayandırmaq haqda uşağın 12-14 ayından tez düşünməyin. Menyusuna 6 ayından sonra düzgün qaydada digər qidalar əlavə edə bilərsiniz. 

 

Ana üçün:

–  Uşaqlığın yığılmasına kömək etməklə doğuşdan sonrakı qanaxmaların qarşısını alır

–  Laktostaz və mastitin qarşısını alır

–  Süd vəzisində və yumurtalıqlarda bədxassəli yenitörəmələrin inkişaf riskini aşağı salır

–  Doğuşdan sonrakı ilk aylarda yeni hamiləlikdən çəkinməyə kömək edir

–  Ailənin büdcəsinə müsbət təsir göstərir

Körpə üçün:

–  Uşaqda fiziki, psixo-emosional inkişafa və müsbət keyfiyyətlərin formalaşmasına imkan yaradır

–  Tamdəyərli qida

–  Tez həzm olunur

–  Uşağın ahənglə böyüməsinə və zehni, inkişafına imkan yaradır

–  Uşaqda diatezin, raxitin, anemiyaların yaranmasının qarşısını alır

–  Körpənin mədə-bağırsaq və respirator infeksiyalardan, pnevmoniyadan qoruyur

– Daha böyük yaşda piylənmənin, allergiyanın, diabetin, ürək-damar, onkoloji və digər xəstəliklərin yaranmasının qarşısını alır

Ən effektiv südgətirici vasitə sizin bir ana kimi uşağınızı əmizdirməyə qabil olmağınız və ana südünün onun üçün ən ideal və əvəzsiz qida olmasına əminliyinizdir!


 76    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *