Bagla

Həkimdən soruş

Hekimden sorus







Autizm əqli gerilikdən və əqli inkişafın ləngiməsindən nə ilə fərqlənir?

Autist uşaq
Autizm elə bir inkişaf pozuntusudur ki, bu zaman uşağın ətraf mühitlə əlaqəsi pozulur. O, öz dünyasındadır və onu tərk etməyə tələsmir. Pozuntu artıq 2 yaşında özünü bildirir, diaqnoz isə 3-5 yaşlarında təsdiqlənir. Fiziki cəhətdən bu uşaqlar sağlamdır.

Əsas əlamətlər:
• Sosial əlaqələrin pozulması – uşaq gözə baxmır, müraciətə cavab vermir, başqalarının hərəkətlərinə emosional reaksiya vermir;
• Davranış stereotipləri – uşağın öz ayinləri var, o saatlarla eyni hərəkətləri təkrarlayır;
• Ünsiyyətdən qaçmaq – autist uşağa dost lazım deyil, o insanlardan qaçır, bütövlüklə özünə qapanır.

 

Əqli inkişafın ləngiməsi
Əqli inkişafın ləngiməsi təfəkkürün, yaddaşın, nitqin, diqqətin, emosiyaların, davranışın, psixomotorikanın norma kimi qəbul olunmuş göstəricilərdən geri qalmasıdır. Əqli inkişafı ləngiyən uşaqlar gec danışır, adi bacarıqları çətinliklə qavrayır (geyinmə, qaşıqdan istifadə etmə). Belə uşaqlar apatik və süst də olur, hiperaktiv və aqressiv də olur. Onlar adamayovuşmaz olur, həmyaşıdlarından çəkinir. Həkimlər hesab edir ki, əqli inkişafın ləngiməsi müvəqqəti haldır və 10-13 yaşlarına qədər müvafiq korreksiya aparıldıqda keçib gedir.

 

Əqli gerilik (oliqofreniya)
Bu patologiya zehni inkişafın dayanması ilə fərqlənir. Səbəb baş- beyni və mərkəzi sinir sisteminin inkişafının pozulmasıdır. Oliqofrenik tamamilə abstrakt təfəkkürdən məhrumdur. Emosiyalar qalır, amma onlar daha zəif və azdır.
Əqli gerilik ya anadangəlmə olur, ya da erkən (3 yaşa qədər) yaşlarda inkişaf edir. Əqli gerilik stabil vəziyyətdir. O nə proqressivləşir, nə də korreksiya olunur.

Autizmlə əqli inkişafın ləngiməsinin fərqini dəqiq ayırmaq mümkün deyil. Məsələ ondadır ki, autist uşaqlarda da oxşar əlamətlər ola bilər, məsələn, təhsil çətinlikləri, tənhalığa meyllilik.
Amma az da olsa, fərq var. Belə ki, əqli inkişafı ləngiyən uşaqlarda nitq pozuntuları olur, autistlərdə isə belə problem olmaya da bilər. O, sadəcə danışmaq istəmir. Nitq bacarığına görə o həmyaşıdlarını üstələyə də bilər, amma yalnız özünə maraqlı olan mövzuda və özünə ünvanlayaraq söhbət edir.
Autist ünsiyyətdən qaçır və özünü heç də tənha hiss etmir. Əqli inkişafı ləngiyən uşaqlar isə həmyaşıdları ilə oynamaq istəsə də, ünsiyyət qurmağı bacarmır.

Müəyyən ayinlərə, mərasimlərə meyl və istənilən yeniliyin qorxusu yalnız autistlərə xas olan əlamətdir.

Autizmlə əqli geriliyin fərqi: əqli gerilik stabil zəif intellektlə fərqlənir. Bəzi autistlərdə də bu pozuntu qeyd olunur. Oliqofren uşaqlar da autistlər kimi bəzi stereotip hərəkətlər edir.
Qeyd etmək lazımdır ki, yüngül autizm formasında uşaq normal inkişaf edir, hətta həmyaşıdlarından zehinli olur. Autistlər üçün seçici əqli inkişaf xarakterikdir: onlar ayrı fənləri gözəl mənimsəyir (musiqini ya riyaziyyatı), başqalarını isə qavraya bilmir.
Eyni intellekt səviyyəli uşaqlar arasında autist daha anlaqlıdır, nəinki oliqofren. Oliqofren uşaqlar həyata da pis uyğunlaşır.
Əsas fərq ondadır ki, autist emosional təmasdan qaçır. Autist uşaqlar onları əhatə edən böyük dünya­dan gizlənir, öz dünyasına qapanır və bu, onların seçimidir.


 50    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *