Bagla

Həkimdən soruş

Hekimden sorus







“Azərbaycanın cənub bölgəsində təhlükəsiz analıq” pilot layihəsinin II mərhələsinin icrasına başlandı

 

Ana ölümlərinin qarşısının alınmasına töhfə vermək məqsədilə 2022-ci ilin may ayından etibarən Lənkəran rayonunda icra edilən “Azərbaycanın cənub bölgəsində təhlükəsiz analıq” pilot layihəsi davam edir.

 

İki il davam edəcək layihə müddətində Lənkəran rayonunda ana ölümlərinin azaldılması istiqamətində bir sıra qabaqcıl strategiyaların tətbiqi nəzərdə tutulur. Layihənin artıq başa çatmış birinci mərhələsi çərçivəsində Lənkəran rayon Mərkəzi Xəstəxanası, Lənkəran rayon Perinatal Mərkəzi, Lənkəran şəhər Ailə Sağlamlıq Mərkəzi və Şürük kənd Ailə Sağlamlıq Mərkəzində tibb xidmətlərinin icrasının keyfiyyətinin və tibbi avadanlığın təchizatının ölçülməsinə dair monitorinq aparılıb, Lənkəran rayonu üzrə fəaliyyət göstərən 41 tibb müəssisəsində çalışan tibb heyəti (mama, mama-ginekoloq, tibb bacısı və feldşer) tərəfindən göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi və yeni bilik və metodların mənimsənilməsi istiqamətində təlim və praktik məşğələlər keçirilib. Eyni zamanda, layihə heyəti təbii doğuş və qeysəriyyə əməliyyatında iştirak edərək yerli mütəxəssislərə müvafiq tövsiyələr verib, eləcə də stasionar və reanimasiya rejiminə yerləşdirilən xəstələrin müalicəsinə dair konsiliumlarda iştirak edib. Qeyd etmək lazımdır ki, layihənin icrasına Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun yüksək klassifikasiyalı həkim-ginekoloq və mama heyəti cəlb olunub.   

 

Layihənin ikinci mərhələsinə 5 iyun 2023-cü il tarixində Lənkəran rayon Perinatal Mərkəzində baş tutmuş açılış tədbiri ilə start verilib. Tədbirdə BMT-nin Əhali Fondu (UNFPA), Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB, Lənkəran rayon Mərkəzi Xəstəxanası, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu, İctimai Səhiyyə və İslahatlar Mərkəzi və Respublika QİÇS-lə Mübarizə Mərkəzinin nümayəndələri çıxış ediblər. Tədbirdə layihənin birinci mərhələsinin yekunları müzakirə edilib, növbəti mərhələnin icra planı haqqında ətraflı məlumat təqdim olunub.

 

Layihənin ikinci mərhələsi çərçivəsində Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun və İctimai Səhiyyə və İslahatlar Mərkəzinin ekspert qrupu tərəfindən Lənkəran rayon Mərkəzi Xəstəxanası, Lənkəran rayonu Perinatal Mərkəzi, Lənkəran şəhər Ailə Sağlamlıq Mərkəzi və Şürük kənd Ailə Sağlamlıq Mərkəzində maddi-texniki təchizat bazasının yoxlanılması üzrə monitorinq və tibb personalının potensialının artırılması işinin davamı olaraq yenilənmiş master-klassların təşkili, klinik protokolların və metodik vasitələrin yenilənməsi üçün tövsiyələrin hazırlanması və əhali arasında maarifləndirmə və təşviqat işinin təşkili həyata keçiriləcək. Layihənin ikinci mərhələsi 2023-cü ilin sonuna qədər icra olunacaq.  

 

“Azərbaycanın cənub bölgəsində təhlükəsiz analıq” pilot layihəsi BMT-nin Əhali Fondu, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB tərəfindən birgə həyata keçirilir. Layihənin məqsədi pilot olaraq seçilmiş Lənkəran rayonunda əngəllənə bilən ana ölümlərinin sayının azaldılmasına nail olmaq və layihənin icrasından əldə ediləcək müsbət nəticə və təcrübənin gələcəkdə Azərbaycanın digər regionlarında da tətbiqinə zəmin yaratmaqdan ibarətdir.

 


 399    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *