Bagla

Həkimdən soruş

Hekimden sorus







“Bəzi həkimlərimiz müharibənin elə ilk günü cəbhəyə yola düşdü” – MÜSAHİBƏ

 

“Xəstəxanamızda müalicə alan qazilər arasında əməkdaşlarımızla ailə quranlar var”

“Şəhidlərimizə və qazilərimizə borcumuz əbədidir”

 Asiman Həsənov: “Vicdan olan yerdə anda ehtiyac yoxdur!”

Bakı Sağlamlıq Mərkəzinin öz nəhəng potensialı, müasir tibbi-texniki təchizatı, peşəkar həkim kollektivi ilə yalnız ölkəmizdə deyil, bütün Qafqazda xüsusi çəkiyə malik olduğu məlumdur. Qürurvericidir ki, Bakı Sağlamlıq Mərkəzi illər uzunudur ki, həm də şəhid ailələrinə, müharibə iştirakçılarına, qazi və veteranlara mütəmadi və təmənnasız xidmət göstərməkdə, onların sağlamlığının keşiyində dayanmaqdadır.

 

Bu sahədə görülən işlərlə bağlı Bakı Sağlamlıq Mərkəzinin icraçı direktoru Dos. Dr. Asiman Həsənovun Moderator.az-a müsahibəsini təqdim edirik:

 

– Asiman bəy, Bakı Sağlamlıq Mərkəzi 44 günlük Vətən müharibəsində yaralı döyüşçülərimizin müalicəsində, onların sağlamlıqlarına qovuşmasında fəal iştirak edib, bu istiqamətdə mühüm addımlar atıb. İstərdik ki, öncə yaxın keçmişimizin bu ağır və şərəfli günlərindən bəhs edəsiniz.

 

– Həmin günlər xalqımızın hər bir fərdi kimi, bizim üçün də çətin, amma qürurverici günlər olub.

 

Bildiyiniz kimi, müharibə başlayanda bütün dünyada pandemiya tüğyan edirdi. Bizim xəstəxanamız da o dönəmdə həm ənənəvi istiqamət üzrə fəaliyyət göstərir, pandemiyaya qarşı mübarizə aparır, həm də tələbə-rezidentlərin hazırlığı ilə bağlı fəaliyyətini davam etdirirdi.

 

Biz müharibə xəbərini alan kimi, koordinasiyalı fəaliyyəti təmin edən qurumlarla əlaqə saxladıq və öz köməkliyimizi təklif etdik. Eyni zamanda, bəzi həkimlərimiz müharibənin elə ilk günü cəbhəyə, cəbhəyə yaxın tibb mərkəzlərinə üz tutublar.

 

Biz sərhəd qospitalları və arxa cəbhədə olan qospitallarla əlaqə saxladıq, dəstək xarakterli bütün lazımi addımları atdıq.

 

Bağı Sağlamlıq Mərkəzində yaralı hərbçilərimizə yardım üçün təcili olaraq politravma şöbəsi açıldı. Burada istər cərrahlarımız, istər həkim-travmatoloqlarımız, istər neyrocərrahlarımız, istər uroloqlarımız, istərsə də digər ixtisasdan olan həkimlərimizdən ibarət xüsusi qrup cəmləşmişdi. Ilkin tibbi-cərrahi xidmət almış yaralı qazilər müalicələrini davam etdirmək üçün bizim Mərkəzə göndərilir və burada hər cür qayğı ilə əhatə olunurdular.

 

Müharibə dönəmində yüzlərlə Vətən müharibəsi qazisi Bakı Sağlamlıq Mərkəzinin politravma şöbəsində müalicə aldı. Həkimlərimiz gecəli-gündüzlü mürəkkəb əməliyyatlar həyata keçirdilər. Burada söhbət yalnız güllə yaralarından getmir. Həkimlərimiz həm də mina, artilleriya zərbələrindən ciddi yaralar alan xəstələri müalicə etdilər.

 

Xatırladım ki, hərbi səhra cərrahiyyəsinin ən ağır istiqamətlərindən biri mina və bomba yaralanmalarıdır. Bu cür olaylarda çox vaxt yaranın xarakteristikasını belə təyin eləmək mümkün olmur. Həkimlərimiz bu cür yaralanmalarla bağlı etablı və uğurlu cərrahi əməliyyatlar icra etdilər.

 

Politravma şöbəsi postmüharibə dönəmində də yaralı hərbçilərimizin müalicəsində fəal iştirak etdi. Bəzi hərbçilərimiz evə yazılandan bir müddət sonra yenidən xəstəxanamıza müraciət edərək təkrar müalicələr aldılar. Bugünün özündə də qazilərimiz tərəfindən bizə bu cür müraciətlər olur və biz bu müraciətləri dərhal cavablandırır, onların müalicəsi üçün bütün imkanlarımızdan istifadə edirik.

 

 

– Hazırda Bakı Sağlamlıq Mərkəzinə üz tutan qazilər əsasən hansı problemlərlə bağlı müraciət edirlər?

 

– Müharibə dönəmində bizə ancaq yaralı hərbçilər müraciət edirdi. Bu gün isə müharibə iştirak edən qazilərimizin, müharibə iştirakçılarının, şəhid ailəsi üzvlərinin müraciəti əsasən tomatik və ya digər orqanlarının funksional orqanik patologiyaları ilə bağlı olur. Biz əsasən bu müraciətlərlə bağlı müalicə tədbirlərini həyata keçiririk. Orqanik və ya funksional yetməzliyi olan qazilərimizin yaralarının növbəti etab müalicəsi diqqət mərkəzindədir.

 

Qazilərimizə, şəhid ailəsi üzvlərinin müalicəsinə kollektivimiz xüsusi diqqətlə yanaşır. Bizim bir şüarımız var: Müharibədə iştirak edən hərbçilərimizi, şəhidlərimizi, onların ailə üzvlərini heç vaxt unutmayacağıq! Vətən müharibəsində olan həyəcan və sevgi ilə onların xidmətində dayanacağıq!

 

– Vətən müharibəsində qələbəmizə böyük töhfə verən, yaralı qazilərimizlə aktiv şəkildə işləyən xəstəxana kimi yəqin ki, 8 Noyabr – Zəfər Günü də Mərkəzinizdə xüsusi təntənə ilə qeyd edilir?

 

– Haqlısınız. Zəfər bayramında Bakı Sağlamlıq Mərkəzində müalicə almış bütün qazilərimizi xəstəxanamıza dəvət edirik. Xatirə şəkilləri çəkdirir, müharibə dönəmindəki xatirələrimizi birlikdə yad edirik. Onlarla bağlı müxtəlif tədbirlər keçiririk.

 

Kollektivimizlə həmin qazilər və onların ailə üzvləri arasında isti münasibətlər formalaşıb. Hətta burada müalicə alan qazilər arasında tibbi personalımızla ailə quranlar da var. Qazilərimizlə bizim aramızda möhkəm mənəvi bağlar mövcuddur və bu bağlılıq bizim üçün əzizdir.

 

– Bakı Sağlamlıq Mərkəzində zaman-zaman müxtəlif kateqoriyadan olan veteranlara xidmət göstərib. Hətta son bir ay ərzində İkicni Dünya müharibəsi iştirak edən, yaşı 100-dən çox olan iki qadın veteran – Fatma Səttarova və Anna Xarkovskaya da Mərkəzinizdə müalicə aldı və mediaya açıqlamalarında müalicə ilə bağlı öz minnətdarlıqlarını ifadə etdilər. Mərkəzinizə daha hansı kateqoriyadan olan veteranlar müraciət edir?

 

– Biz bütün veteranlarımıza, eləcə də Birinci Qarabağ və Vətən müharibəsi veteranlarımız, antiterror əməliyyatlarında iştirak edən veteranlarımızla yanaşı, həm də Əfqanıstan, Çernobıl və İkinci Dünya müharibəsi veteranlarına sevə-sevə xidmət göstərir və onların hər bir müraciətinə həssaslıqla yanaşır.

 

Veteranlarımızın  müalicəsi ilə bağlı Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilovla da bu məsələ ilə bağlı dəfələrlə müzakirələr aparmış, birgə addımlar atmışıq. Bir neçə müharibə veteranı Cəlil müəllim tərəfindən bizə istiqamətləndirilib və onların müalicəsi təmin edilib. Gələcəkdə də Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ilə koordinasiyalı fəaliyyət şəklində bu istiqamətdə birgə tədbirlər həyata keçirəcəyik.

 

Son bir ayda yaşı 100-dən yuxarı olan iki veteranımızın müalicəsi ilə məşğul olmuşuq. Qeyd etdiyiniz kimi, onlar bu müalicədən məmnunluqlarını dilə gətiriblər.

 

Müharibədən sonra istər YAŞAT Fondu vasitəsilə xəstəxanamızda yerləşdirilən qazilərimizə, istərsə də bilavasitə bizə müraciət edən müharibə iştirakçılarına bütün potensialımızla xidmət göstərmişik və bundan sonra da bu məsələdə aktivliyimizi qoruyacağıq.

 

– Bakı Sağlamlıq Mərkəzi yüksək tibbi təchizatla yanaşı, həm də peşəkar, qayğıkeş həkim kolektivinə malikdir. Maraqlıdır, xəstələrə münasibətdə bu cür qayğıkeş və vicdanlı davranış sərgiləyən işgüzar kollektiv formalaşdırmağa necə nail olmusunuz?

 

– Həkimlik peşəsi insanların sağlamlığına xidmət edir və ali bir peşədir. Burada mütləq şəkildə peşə vərdişləri ilə yanaşı, yüksək insani münasibətlərə ehtiyac var. Həkim, tibb personalı qarşısındakı xəstənin yerinə öz doğmasını qoymalı və onlara bu cür yanaşmalıdır.

 

Bizim xəstəxanamız kifayət qədər böyükdür. Xəstəxanamızda yüzlərlə personal və həkim var. Pasiyent və onların yaxınlarına münasibətdə ən ümdə prinsipimiz bizə müraciət edən hər kəsə bacardığımız qədər, tibbin imkanları daxilində düzgün və keyfiyyətli xidmət göstərməkdir.

 

Istənilən xəstənin müalicəsi ilk növbədə qayğıdan başlayır. “Qayğı müalicəsi”nin ardınca peşə müalicəsi gəlir. Effektiv müalicə üçün bu iki müalicənin bir-birini tamamlaması vacibdir.

 

Həkimlik peşəsi həkimin əynindəki ağ xələt qədər pakdır və orada xırda bir qara ləkə də həmin an diqqət çəkir. Buna görə də biz hər zaman həkimlərimizə bu həqiqətləri xatırladır, onlarla bu barədə mütəmadi söphbətlər aparırıq. Bildiyiniz kimi, hər bir həkim peşə fəaliyyətinə başlamazdan öncə Hippokrat andı içir. Ancaq mən hesab edirəm ki, bu məsələdə anddan daha vacib bir şey var. Bu da vicdandır. Vicdan olan yerdə anda ehtiyac yoxdur. Hər kəsin andı öz vicdanıdır və hər kəs hansı peşədə çalışmasından asılı olmayaraq, vicdanının səsinə qulaq asmalıdır.

 

– Mərkəziniz gənc həkimlərin yetişdirilməsi prosesində iştirak edirmi?

 

– Bakı Sağlamlıq Mərkəzi Seçenov Universitetinin Bakı filialının klinik bazası olaraq fəaliyyət göstərir. Biz publik hüquqi şəxs olaraq klinik baza kimi diaqnostika və müalicə işi ilə yanaşı, istər  Seçenov Universitetinin tələbələrinin praktiki məşğələlərinin keçirilməsində, istərsə də həkim-rezidentlərin rezidentura təhsilində, o cümlədən, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun müdavimlərinin praktiki biliklərə yiyələnməsində aktiv iştirak edirik. Xəstəxanamızda müasir Tədris Simulyasiya Mərkəzi var ki, bu mərkəzin bütün post-sovet məkanında yalnız bir alternativi mövcuddur.  Simulyatorlar, “robot xəstələr” üzərində diaqnostik və digər cərrahi bacarıqlar, reanimasyon tədbirləri, travmatoloji bacarıqlar, eyni zamanda tikiş bacarığı və s. ilə bağlı bu mərkəzdə praktiki bacarıqların formalaşdırılması işi aparılır.

 

Bakı Sağlamlıq Mərkəzində hal-hazırda 107 rezident rezidentura kursu keçir. Bundan əlavə, 20-yə yaxın rezidentlər isə müxtəlif bazalardan bizə rotasiya olunaraq tibbi bacarıqlarını artırırlar. Seçenov Universitetinin yüzlərlə tələbəsi bizim xəstənamızda nəzəri təlimlər alır, dərslər keçirlər.

 

Bakı Sağlamlıq Mərkəzi Səhiyyə Nazirliyinin ilk araşdırma aparan xəstəxanası kimi təsdiq edilib. Biz elmi araşdırmalar, üçüncü faza klinik çalışmalar aparmışıq və bu istiqamətdə fəaliyyətimiz davam edir.

 

– Bildiyimiz qədəri ilə, Bakı Sağlamlıq Mərkəzi həm də müxtəlif elmi konfranslar da təşkil edilməkdədir…

 

– Bəli. Xəstəxanamızda konfranslar, elmi-praktiki simpoziumlarla bağlı kifayət qədər böyüş işlər görülüb. Həkimlərimiz ölkəmizdə və onun hüdudlarından kənarda, yaxın və uzaq xaricdə bir çox elmi-tibbi cəmiyyətlərin üzvləridir. Orada aparıcı ekspertlər olaraq çıxış edir, Azərbaycanın adını elmi konfranslarda ucaldırlar.

 

Xəstəxanamızda böyük konfrans salonu fəaliyyət göstərir. Zallarımızda müxtəlif seminarlar və tədbirlər keçirilir. Bakı Sağlamlıq Mərkəzində 2023-cü ildə Ulu öndər Heydər Əliyevin və akademik Zərifə Əliyevanın 100 illiyi ilə bağlı silsilə tədbirlər keçirilirdi.

 

Xəstəxanamız elmi-praktiki konfransların, simpoziumlarım keçirilməsində təşəbbüskar mövqe sərgiləyir və bu fəallığı bundan sonra da qoruyub saxlamaqda qərarlıyıq.

 

Seymur ƏLİYEV


 650    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *