Bagla

Həkimdən soruş

Hekimden sorus







Barbi sindromu

Müasir qızların əksəriyyəti, hətta çəki normaldısa belə, onu azaltmaq arzusu ilə yaşayır. Bu arzunun sadəcə daha şux görünmək istəyi, yaxud artıq anoreksiya xəstəliyi olduğunu necə anlamaq olar?

Xəstəlik belə başlayır. Heç də gözəl adlandıra bilməyəcəyimiz günlərin bir günü qız qərara gəlir ki, arıqlamalıdır, çünki bədənin yan hissələrində, belində və budlarında piy yığıntıları əmələ gəlmişdir. Bunun həqiqətə uyğun olub-olmamasının heç bir əhəmiyyəti yoxdur. Sonra qəhrəmanımızın davranışı daha qətiyyətli və məqsədyönlü olur. O, tam aclığa qədər davam edən ciddi pəhriz gözləməyə başlayır. Azalan çəkinin ümidləri doğrultduğu ilk vaxtlarda ruh yüksəkliyi yaşayır – sanki uçur.
Başlanğıc dövründə yemək istəyi çox güclü olur. Barbi gəlinciyinə bənzəməyə çalışan bir ingilis qızcığazının hekayəsi bu mənada səciyyəvi nümunədir. Orqanizminin qida tələb etdiyini gördükdə o, kağız yeməyə başladı. Anoreksiyanın bu mərhələsində heç olmasa “gözlər doysun” deyə mağazaları gəzməyə başlayırlar. Onlar daima yemək haqqında düşünür. Ən azı həftədə iki dəfə “tıxma” krizi yaşayır – çeynəmədən, dad bilmədən çoxlu miqdarda yüksək kalorili qidanı demək olar ki, udur. Amma yeməyi yadırğamış mədə artıq, həqiqətən, onu qəbul etmir. Bu zaman qusma baş verir, yaxud arıqlamaq həvəsi ilə yaşayan qız onu özü törədir. O, at dozası ilə işlədici və sidikqovucu preparatlar qəbul edir, özünü imalə edir.

Tədricən çox təhlükəli bir məqam – aclıq hissinin itməsi əmələ gəlir. Bu mərhələdə insana yardım göstərilməsə, orqanizmdə ciddi dəyişikliklər baş verə bilər. Ürək, mədə-bağırsaq traktının fəaliyyəti pozulur, arterial təzyiq azalır. Beyin və endokrin sistem aclıqdan əziyyət çəkir, aybaşı kəsilir.
Acınacaqlıdır ki, hətta bu halda belə qızlar aclığa son qoymur. Güzgüyə yaxınlaşaraq nifrətlə özünü seyr edir, göyərmiş bədənini çimdikləyərək sanki söyləyir: “Gombul inək! Sən nə vaxt arıqlayacaqsan?”
Anoreksiya zamanı insanın öz bədənini qavrama qabiliyyəti təhrif olunur. Bununla belə, o kənar əşyaları, onların həcmini və kütləsini normal qiymətləndirir. Bu hallar sanki qarabasma səviyyəsində baş verir, sanki hər hansı emosional amillər gözləri dumanlaşdırır.
Xəstəliyin bir neçə yaranma fərziyyəsi var. Bu günə kimi aşkar edilmiş bütün səbəblər psixoloji xarakter daşıyır.
Anoreksiya çox vaxt “əlaçılar xəstəliyi” adlandırılır. Soyuqqanlı, inadkar anaların qızları mükəmməllik təcəssümünə çevrilməyə çalışır. Onlar hər sahədə yaxşı olmağa can ataraq analarının rəğbətini və məhəbbətini qazanmaq istəyir. Belə bir qız bədən biçiminini təkmilləşdirmək qərarına gəlirsə, onu ideal səviyyəyə çatdırmaq arzusu ilə yaşayır.

Başqa bir misal: ana hesab edir ki, uşaq geyimli-keçimli, tox olmalıdır. Onun daxili aləmi, mənəvi tələbatlarına isə maraq göstərmir. Nəticə olaraq, emosional təmas yaranmır. Yeniyetmə dövründə uşaqların tərif eşitmək, diqqət, dərdinə şərik olmaq və onlara can yandırmaq tələbatı həmişəkindən çox olur. Amma bütün bunların əvəzində valideynlərindən aldığı yalnız yemək olur. Bu zaman onlarda yeməyə qarşı güclü nifrət hissi yaranır.
Başqa cür də olur. Yeniyetmənin əvəzinə hər şeyi valideynlər həll edir: nə geyinmək, kiminlə dostluq etmək, hansı fənləri daha dərindən öyrənmək, hansı ali məktəbə qəbul olmaq və s. Bədənindən savayı, özününkü olan heç nəyi yoxdur. Həyatında nəyəsə nəzarət etməyə başlamaq həvəsi ilə uşaq yeməkdən imtina edir. Bu, ən ağır hallardan biridir. Çünki normal qida qəbul etməyə başlamaq bu insanları vahiməyə salır. Hakimiyyətinin sonuncu sahəsində nəzarəti itirmək qorxusu onlar üçün yolverilməzdir.

Yeniyetmə dövründə qızların bədən quruluşu dəyişir, budları, sinələri yuvarlaqlaşır. Bu, onları özü-özlüyündə qorxudur – birdən, mən kök olaram? Bununla yanaşı, bəzi qızlar yaşa dolmaq istəmir, böyüklər aləminin məsuliyyətindən, hamilə olmaq ehtimalından qorxur. Yeməkdən imtina etmək – zamanı geri döndərmək, qayğısız uşaqlıq dövrünə qayıtmaq cəhdidir.

Hətta balaca uşaqlarda da anoreksiya inkişaf edə bilər. Təcrübədən belə bir misal gətirmək olar. Altı yaşlı oğlan uşağı yeməkdən imtina edirdi. Araşdırma zamanı məlum olmuşdur ki, anası ona hamilə olarkən nənəsi vəfat etmişdir. Körpəsinə zərər yetirməkdən ehtiyat edən qadın itkisi haqqında düşünməyi belə özünə qadağan etmişdir. Oğlancığaz dünyaya gəldikdən sonra da, böyüyən zaman da o öz dərdini gizlədirdi. Anasının ölümünü düşünmək ona ağır olduğundan, onun haqqında söhbətlərə, xatirələrə qadağa qoyulmuşdur. Belə hallarda bəzən uşaq instinktiv olaraq anasının əvəzinə qəmlənir. Yeməkdən imtina etməklə o sanki deyir: “Həyatım bahasına olsa da, bu dərdi qoy mən çəkim, sən yox”.

Yeniyetmədə anoreksiyanın ilk əlamətlərini duyan valideynlərə ilk və əsas məsləhətimiz odur ki, onları özləri müalicə edəcəklərini düşünməsin. Bu, ağır xəstəlikdir və çəkisinin 40%-ni itirdikdən sonra insan bu vəziyyətdən özü çıxa bilmir. Qərb psixiatrlarının məlumatlarına görə, müalicə aparılmadan anoreksiyadan ölüm səviyyəsi 20%-dən artıqdır.

Müalicə isə uzunçəkən bir prosesdir. Əvvəlcə, qızın özünə və valideynlərinə müalicənin labüdlüyünü anlatmaq lazımdır. Əks halda, lazımi nəticə əldə edilməyəcək. Anoreksiklər xəstəxanaya yerləşdirilməlidir. Təkcə ona görə yox ki, vəziyyətləri həyat üçün təhlükəlidir, həm də ona görə ki, evdə müalicə üçün lazımi şərait yaratmaq mümkünsüzdür. Həddindən artıq üzülmüş xəstəyə ilk mərhələdə vitaminlər və ürək fəaliyyətini qoruyan preparatlar təyin edilir.
Eyni zamanda psixoloji texnikalardan istifadə edilir. Bu baxımdan, mükafatlandırma üsulu yaxşı təsir edir. Xəstə ilə razılıq əldə edilir ki, çəkinin hər 200qram artımına görə o həvəsləndiriləcək: misal üçün, palatadan çıxa biləcək, dostları və valideynləri ilə görüşəcək.
Lakin çəkinin bərpa edilməsi işin yarısıdır. Anoreksiya xəstəsi psixoterapevtin yardımına ehtiyac duyur. İnsanın kövrək “mən”liyini gücləndirmək, çəki və bədən ölçüləri haqqında əlçəkməyən fikirlərdən uzaqlaşdırmaq lazımdır.
Hellinger (düzülmə) üsulu da effektli müalicə üsullarından biridir. Müalicə müddəti orta hesabla yarım il davam edir. Əksər tədqiqatların məlumatlarına görə, nəticələr həmişə davamlı olmur. Xəstələrin 1/3-i evə yazıldıqdan sonra yenidən yeməyi məhdudlaşdırır və hər şey yenidən təkrarlanır.
Terapiyanın səmərəsi xəstəliyin müddətindən asılıdır: müalicə nə qədər tez başlansa, proqnoz o qədər əlverişlidir.

Maraqlıdır:
– Hər gün yüz minlərlə qadın pəhriz saxlamağa başlayır. Onlardan 15%-i üçün bu, qarayaxa məqsədə çevrilir.
– Anoreksiyadan əziyyət çəkənlərin ən geniş yayılmış yaşı – 14-20 yaşdır.
– Xəstəlikdən ölüm səbəbi – orqanizmin qüvvətdən düşməsi nəticəsində törənmiş ürək çatışmazlığıdır.
– Həkimlər anoreksiyanı alkoqolizm və narkomaniya ilə bir sıraya qoyur, çünki vəziyyətin ciddilik dərəcəsini dərk etməyən xəstələr müalicədən imtina edir.
– Modellərin 72%-i anoreksiya və bulimiyadan (doymama xəstəliyi) əziyyət çəkir.
– 2006-cı ildə birbaşa moda nümayişi zamanı uruqvaylı model Luisel Ramos anoreksiyadan vəfat etmişdir: boyu 175 sm olan qızın çəkisi 44 kq idi. Bir ildən sonra eyni xəstəlikdən onun 18-yaşlı bacısı da vəfat etmişdir.


 76    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *