Bagla

Həkimdən soruş

Hekimden sorus







Beşinci nəsil eynəklər

Müasir eynəklər görməni korreksiya etməklə yanaşı, rahat və işə yararlı olmalıdır.

 

Monitor üçün topaz
Müasir ofis işçilərinin iş günü kompüter arxasında keçir. Onlar üçün məxsusi olaraq gözləri displeyin şüalanmasından qoruyan eynək linzaları yaradılıb. Onların tərkibinə selen daxildir. Selen linzalara yüngül qəhvəyi, daha doğrusu, topaz çaları verir. Belə eynəklər spektrin qısadalğalı göy sahəsini filtrasiya edir, 90% ultrabənövşəyi və qismən – infraqırmızı şüalanmadan qoruyur. Təsvir daha həcmli, aydın alınır. Bu linzaların yeganə çatışmayan cəhəti yalnız şüşədən hazırlanmasıdır.

 

Yol buqələmunu
Fotoxrom linzalar bir neçə ildir yaranıb və daim təkmilləşir. El arasında onlara “xameleon” deyilir. Otaqda şəffaflaşır, küçədə parlaq gün işığında tutqunlaşır. Sonuncu, beşinci nəsil linzaların çox yaxşı xüsusiyyəti var – onlar çox tez, bir neçə saniyəyə açılır və tutqunlaşır. Bu eynəklər sürücülər arasında geniş yayılıb, çünki həm qaranlıq tuneldə, həm də gur işıqlı yolda eyni dərəcədə aydın görünüşə imkan yaradır.
Yolda çox vaxt keçirənlərə polyarlaşma effektli fotoxrom eynəklər gərəkdir. Linzaların səthinə çəkilən xüsusi “pərdə” yaş asfalt, qar, avtomobil kapotu və ön şüşənin işıq zolağından qoruyur.

 

Güzgü əleyhinə örtü
Qadınların çoxu əl altında güzgü yoxdursa, eynəkdən güzgü kimi istifadə edir. Adi linzanın ön səthi çox hamardır, əksi görmək olur. Göz üçün bu, əlverişli deyil. İşıq siqnallarının bir qismi görmə sinirinə çatmır. Yaxşı görmək üçün insan göz əzələlərini gücə salır. Bu isə, spazm, qızartı, eynək taxarkən narahatlıq yaradır.
Yaxınlarda güzgülü parıltını götürən, linzanı daha da şəffaf edən xüsusi örtü qatı yaradılmışdır. Adına antirefleks və ya duruldan qat deyilir. Bu eynəkləri taxanda sanki daha bir işıq mənbəyinin olduğunu hiss edirsən, görüntü daha aydın və parlaq olur. Görmə problemi olan bütün insanlara belə linzalardan istifadə etməyə dəyər.

 

Payız saflığı
Eynəklərin optik xüsusiyyətləri linzanın üzərinə çökən nəm və çirkə görə pisləşə bilər. Qış və payız aylarında, küçədən isti otağa ya nəqliyyata daxil olarkən eynəklər dərhal nəmlənir və salfetlə silinməlidir. İsti yay havasında linza tərdən çirklənir. Adi linzalı eynəklərdə yemək bişirmək narahatdır – buğ və isti mane olur.
Belə olmasın deyə, su və çirkəqarşı effekt­li örtü qatı yaradılmışdır. Onun sayəsində linzaların səthi tam hamar olur. Eynəyin üzərinə düşən su linzanın səthindən sürətlə axıb gedir, çirk və yağ isə asanlıqla təmizlənir. Belə linzaların üzərində barmaq izi qalmır, eynəklərə qulluq asanlaşır.

 

Zədələnməyən plastik
Şüşə linzalar yavaş-yavaş mövqeyini itirir. Onlar kifayət qədər ağırdır, insanlar isə rahatlıq axtarır. Odur ki, istənilən çalarlı, daha yüngül və tələbsiz plastik eynəklərə üstünlük verin. Plastik linzaların yeganə mənfi cəhəti – tez zədələnməsidir. Məhz bu səbəbdən onların üzərinə cızılmadan qoruyan bərk örtü qatı çəkilir. Bu, həm eynəklərin xidmət müddətini uzadır, həm də artıq xərcdən azad edir.

 

Əyilgən sağanaq
Eynək sağanaqları üçün ən texnoloji material titandır. Məşhur dizaynerlərin kolleksiyasında titandan daha çox istifadə edilir. Belə eynəklər çox yüngüldür və demək olar ki, hiss olunmur. Müxtəlif titan qatışıqları isə daha yararlıdır, çünki eynəklər daha möhkəm alınır.
Titan və nikel qatışıqları unikaldır. Eynəyin üstünə oturan ya da eynəklə yuxuya gedən dalğın insanlara daha uyğundur. Uşaqlarda görmə korreksiyası məqsədi ilə də belə eynəklərdən istifadə etmək məsləhətdir.
Belə qatışıqlardan hazırlanmış sağanaqlar “biçim yaddaşına” malikdir. Böyük çəki yükünə məruz qalan titan-nikel sağanağı sanki yumaq kimi bükülür. Yük azalan kimi açılır, əvvəlki görkəmi alır – elastik rezin kimi. Nikel qatışıqlı mis sağanaqlar da oxşar xüsusiyyətlərə malikdir. Bu, o demək deyil ki, eynəklərlə istənilən kimi rəftar etmək olar, amma onlar kifayət qədər davamlıdır.

 

Xətərsiz idman
Aktiv idmanla məşğul olanlar kontakt linzalar taxsa yaxşıdır: onlar zədə baxımından daha təhlükəsizdir. Bu, mümkün deyilsə, xüsusi idman sağanaqları seçmək məsləhətdir. Bu eynəklərin porolona bənzər, neopren adlanan materialdan hazırlanmış yumşaq astarı var. Yıxılanda, yaxud sifətə top dəyəndə həmin astar zərbəni yumşaldır, üzü cızılmaqdan qoruyur.
İdmançıların qulaqarxası eynək ucluğu kauçukdan olmalıdır. Onlar daha yumşaqdır, dəriyə daha kip sıxılır, eynək bərk oturur və qaçış, fiziki hərəkət zamanı sürüşmür.
Dağ xizəyi eynəkləri bununla yanaşı, tutqun rəngli, maksimal UB-şüalanma sipərli xüsusi çıxarılan filtrlə təchiz olunur.

 

Allergiklər üçün məxsusi
Eynək taxan insanların rastlaşdığı daha bir ciddi narahatlıq allergiyadır. Onu törədən nikeldir. Bu metal toksik və kanserogen təsirə malikdir. İstehsalçılar sağanağa dərini nikel ilə təmasdan qoruyan xüsusi örtü çəkir. Sağanağın vəziyyətinə diqqətlə nəzarət etmək lazımdır. Üst örtü yeyilən kimi eynəyi dəyişmək lazımdır. Hipoallergen metal və qatışıqlardan – alüminium, titan, paslanmayan polad və qızıldan hazırlanmış sağanaqlar var.
Daha bir kosmetik qüsur, eynəklərin üz dərisində qızartı əmələ gətirməsidir. Çox vaxt bu, allergiyanın deyil, oksigen çatışmazlığının nəticəsidir. Burun söykənəcəyi silikondan olan eynəklər havanı daha yaxşı buraxır. Seçim edəndə, bunu nəzərə almaq lazımdır.


 1225    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *