Bagla

Həkimdən soruş

Hekimden sorus







Bir əsr içində bir əsər

İnsan onu, o da insanı öyrənir…

Ta qədim zamanlardan bu günədək mövcud olan xalq nağıllarını hər zaman sevə-sevə oxuyuruq. Maraqla dinləyib bir anda yuxuya getdiyimiz, uzun müddət yaddaşlarımızdan silinməyən əfsanəvi və qəhrəmanlıqlarla dolu nağıllarımız isə belə başlayır: “biri vardı, biri yoxdu”. Beləliklə, lap kiçik yaşlarımızdan nənə-babalarımız “biri vardı, biri yoxdu” kəlməsi ilə başlayan xalq nağıllarını bizə söyləməklə hər birimizi maarifləndirir, dilimizin açılmasına, milli adətlərimizin yaşanmasına, mənəviyyatımızın zənginləşməsinə çalışmışlar.
Həm həyatın sonu, həm həyatın başlanğıcıdır – Müxtəlif yaşlarda müxtəlif insanların həyat nağılının girişi və sonundan xəbər verən, hər səhifəsini vərəqlədikcə başlanğıcdan da, sondan da insanları bilgiləndirən bir elm – o İnsanın Anatomiyasıdır.

 

1918-1919–cu illərdə Azərbaycanda təhsil və səhiyyə
Hələ 1919-cu ildə Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Tibb fakültəsinin ilk kafedralarından olan Anatomiya kafedrasının müdiri və Universitetin rektoru professor V.İ.Razumovski idi. Həmin ildən əsası qoyulan anatomiya kafedrası və muzeyinin bu il, 2019 – cu ildə 100 yaşı – bir əsrlik fəaliyyəti tamam olur.
1918-ci il, 28 mayda Azərbaycanda Xalq Cümhuriyyəti tərəfindən Xalq Maarifi Nazirliyinin təsisi, 30 iyunda isə Nazirlər Şurasının qərarı ilə ümumi orta, ali və orta-ixtisas təhsili, peşə məktəblərindən ibarət strukturun təsdiqi həyata keçirildi. Təhsil sahəsində atılan ilk addımlardan biri məktəblərin milliləşdirilməsi, təhsilin Azərbaycan dilində keçirilməsi idi. İlk dəfə azərbaycanlı uşaqların öz doğma dillərində təhsil alma hüquqları haqqında qanun qüvvəyə minmişdi. Tarixi mənbələr göstərir ki, 1918-1919-cu illərdə Bakı quberniyasında 76 rus məktəbi olmuşdur ki, bunlardan da 30-u Bakıda, 46-sı isə əyalətlərdə fəaliyyət göstərmişdir.
Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti yarandığı gündən etibarən səhiyyə sahəsində də ciddi tədbirlər görmüşdür.

 

1918-ci il 17 iyunda Nazirlər Şurasının sərəncamı ilə Səhiyyə Nazirliyi təşkil olundu. Səhiyyə Nazirliyi təsis edildikdən sonra nazirliyə rəhbərlik Musa bəy Rəfiyevə həvalə edilmişdir. Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti və Hökuməti əhalinin sağlamlığının mühafızəsinə yönəlmiş tədbirlər hazırlamaqla bir sıra qanun və qərarlar qəbul etmişdir. Qeyd edilir ki, 1920-ci ilədək Azərbaycanda 353 həkim, 450 orta tibb işçisi fəaliyyət göstərmişdir.

 

1919-cu ildə səhiyyə sahəsində görülən ən mü­hüm tədbirlərdən biri də Bakı Dövlət Universitetinin nəzdində tibb fakültəsinin əsasının qoyulması idi. Həmin dövrdə Bakı Dövlət Universiteti nəzdində tibb fakültəsinin avadanlıqla təchizi üçün Avropanın aparıcı klinikaları ilə əlaqə yaradılmışdır.

 

Tibb fakültəsində təşkil edilən kafedralardan ilki anatomiya kafedrası olmuşdur.
Anatomiya kafedrasının ilk rəhbəri isə Tibb fakültəsinin yaradıcısı və Universitetin rektoru professor V.İ.Razumovski (1857-1935) idi. Anatomiya kafedrasında, həmçinin tibbin tarixi də tədris edilirdi. Qeyd edilir ki, qısa bir müddət ərzində Razumovskinin rəhbərliyi altında Xüsusi Hazırlıq Komissiyası yaradılmış, həmin ilin avqust ayında qəbul imtahanları təşkil edilmiş və beləliklə ilk tibb tələbələrinin ilk qrupu yaranmışdır. 1922-ci il avqust ayının 2-də tibb fakültəsinin ilk 29 məzunu arasında yalnız üç nəfər azərbaycanlının – A. Ələkbərov, Ceyran Sultanova və professor Adilə Şahtaxtinskayanın olduğu qeyd edilir.

 

Vasili Razumovskidən sоnra anatomiya kafedrasına 1922-1926-cı illərdə prоfessоr K.N.Malinоvski və 1926-1937-ci illərdə isə N.I.Anserоv rəhbərlik etmişlər.
1921-ci ildə BDU-un Tibb fakültəsinə daxil оlan və 1926-cı ildə Universiteti fərqlənmə diplоmu ilə bitirən ə.e.x., prоfessor Kamil Əbdülsalam оğlu Balakişiyev (1906-1973) ilk azərbaycanlı kadr kimi 1937-ci ildən etibarən ömrünün sonlarınadək anatоmiya kafedrasına rəhbərlik etmişdir. K.Ə.Balakişiyev hələ IV kurs tələbəsi olarkən anatоmiya kafedrasında dərs deməyə müvəffəq ola bilmişdir.

 

Tələbə, ikən anatоmiya kafedrasında (1923-cü ildə) prоzektоr köməkçisi kimi işə başlayan K.Ə.Balakişiyev gərgin elmi və pedaqоji fəaliyyətinin nəticəsində prоfessоr, kafedra müdiri, prоrektоr vəzifələrinə qədər yüksəlmişdir. 1930-cu ildə kafedrada privat dоsent vəzifəsinə seçilən K.Ə.Balakişiyev 1936-cı ildə “Sidik kanalı sоğanağının Meri və ya Kuper vəziləri” mövzusunda dоktоrluq dissertasiyası müdafiə etmiş, tibb elmləri dоktоru elmi dərəcəsi və prоfessоr elmi adını almışdır. 1942-ci ildə isə оna “əməkdar elm xadimi” fəxri adı verilmişdir.

 

K.Ə.Balakişiyevin elmi əsərləri, dərslikləri və yaratdığı tibb terminоlоgiyası Azərbaycanda anatоmiya məktəbinin yaranmasında, anatоmiya elminin inkişaf etdirilməsində və milli kadrların yetişdirilməsində (3 elmlər dоktоru, 13 elmlər namizədi) böyük əhəmiyyət kəsb etmişdir. K.Ə.Balakişiyev gözəl insani keyfiyyətlərə malik təcrübəli pedaqоq və görkəmli alim kimi xalqın yaddaşında dərin hörmətə və ehtirama malikdir. K.Ə.Balakişiyev Azərbaycan dilində tam həcmli tibbi və anatоmiya terminolоgiyasının yaradıcısı, əvvəl 4 cildlik, sоnralar təkmilləşdirilərək 3 cildlik anatоmiya dərsliklərinin müəllifidir. K.Ə.Balakişiyevin ilk dərslikləri 1929-1930-cu illərdə çap оlunmuşdur.

 

Prоfessоr G.Ş.Hacıyev (1923-1993) 1973-1990-cı illərdə, prоfessоr M.S.Abdullayev (1924-2006) 1974-1979-cu illərdə (I müalicə-prоfilaktika və pediatriya fakültələrinin anatоmiya kafedrasında) kafedrada müdir vəzifəsində işləmişdir.

Prоfessоr R.Ə.Əsgərоv 1933-cü ildə anadan оlub. 1954-cü ildən ATU-nun İnsan anatоmiyası kafedrasında işləyir. 1973-cü ildə dоktоrluq dissertasiyası müdafiə etmiş, 4 dərs vəsaitinin, 2 mоnоqrafiyanın müəllifidir. О, uzun illər ATU-nun elmi işlər üzrə prоrektоru vəzifəsində çalışmış, 1985-1990-cı illərdə оperativ cərrahlıq və tоpоqrafik anatоmiya kafedrasında, 1990-1995-ci illərdə isə insan anatоmiyası kafedrasında müdir işləmişdir. Müxtəlif illərdə müxtəlif mövzularda 9 namizədlik dissertasiyasına rəhbərlik etmişdir. R.Ə.Əsgərоv hazırda kafedranın prоfessоru vəzifəsində çalışır. Gözəl insan, təcrübəli professor R.Ə.Əsgərоv bilik və bacarığını tələbələrdən, doktorant və müəllimlərdən əsirgəmir.

 

Ə.e.x., prоfessоr Vaqif Bilas oğlu Şadlinski 1940-cı il 24 yanvarda anadan оlub. 1970-ci ildən insan anatоmiyası kafedrasında çalışır. 1982-ci ildə namizədlik, 1999-cu ildə isə dоktоrluq dissertasiyası müdafiə edib. 1991-1996-cı illərdə Azərbaycan Tibb Universitetinin ümumi işlər üzrə prorektoru vəzifəsində çalışıb. 1995-ci ildən isə İnsan anatоmiyası kafedrasına rəhbərlik edir. V.B.Şadlinski uzun illər ATU-nun tədris və müalicə işləri üzrə prоrektоru оlmuşdur. Akademik Y.Məmmədəliyev adına və H.Z.Tağıyev adına mükafatlara layiq görülmüşdür. О, Avrоpa Patоlоqlar, Qaradəniz və Baltikyanı ölkələrin, anatоmlar cəmiyyətinin idarə heyətinin üzvü, Azərbaycan Mоrfооqlar (AHE) cəmiyyətinin sədri, Beynəlxalq Mоrfоlоqlar Assоsiasiyasının Kооrdinasiya Şurasının üzvüdür. V.B.Şadlinski “Mоrfоlоgiya” (Rusiya Federasiyası), “Klinik və eksperimental təbabət” (Gürcüstan), “Sağlamlıq” (Azərbaycan) jurnallarının redaksiya heyətinin üzvüdür. 2010-cu ildə Elmi-pedaqоji nailiyyətlərinə görə əməkdar elm xadimi adına layiq görülmüşdür. V.B.Şadlinski YUNESKО nəzdində Beynəlxalq Kadrlar Akademiyası tərəfindən anatоmiya prоfessоru adı və təhsildə uğurlarına görə xüsusi qızıl medalla təltif edilib. 2000-ci ildə “Respublikanın Əməkdar həkimi” adına layiq görülüb. 2004-cü ildə Rusiya alimlərinin təqdimatı ilə V.B.Şadlinski Rusiya Tibb Elmləri Akademiyasının həqiqi üzvü seçilmişdir.

 

V.B.Şadlinski 19 mоnоqrafiyanın, insan anatоmiyası atlasının, 25 dərsliyin, 28 dərs və tədris-metоdik vəsaitin, 413 elmi məqalənin, o cümlədən 29 ictimai və publisistik məqalənin müəllifidir. V.B.Şadlinskinin rəhbərliyi altında 15 elmlər namizədi və 7 dоktоrluq dissertasiya işi müvəffəqiyyətlə müdafiə edilmiş, hal-hazırda daha 2 namizədlik və 1 dоktоrluq işinə rəhbərlik edir. O, dəfələrlə ABŞ, Almaniya, Türkiyə, İran, İsrail, İspaniya, Moskva, Özbəkistan və s. dünyanın bir çox ölkələrində keçirilən beynəlxalq elmi konfranslarda və konqreslərdə Azərbaycanı uğurla təmsil etmiş, müxtəlif mövzularla çıxış etmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsil” jurnalının, Rusiya Federasiyasında “Morfologiya”, “Anatomiya və histopatologiya jurnalı”, Gürcüstanın “Eksperimental və klinik tibb”, “Tibbi jurnal”, həmçinin dünyada bir çox məşhur jurnalların, o cümlədən Journal of Neuroendocrinology Research”, “Archive Euromedica”, “Mедицинский вестник Башкортостана” jurnallarının Redaksiya Heyətinin üzvü, Yaponiyada “Neurology and Neuroscience Reports” adlı nüfuzlu beynəlxalq elmi jurnalın baş-redaktoru, Anatom, Histoloq və Embrioloqlar Elmi Cəmiyyəti İctimai Birliyinin Sədridir. 2009-cu ildə Türk Dünyası Araşdırmaları Beynəlxalq Memarlıq Akademiyasının üzvü seçilib və Akademiyanın “Qızıl Medalı” ilə mükafatlandırılmışdır. Professor V.B.Şadlinski yeni elmi araşdırmaların və yeniliklərin təqdim edildiyi nüfuzlu beynəlxalq elmi jurnalın redaksiya heyətində çalışması və orijinal məqalələrinin nəşri ilə Azərbaycan Tibb elminin dünyada şöhrətinin daha da artmasından, Azərbaycanlı alimlərin adlarının beynəlxalq aləmdə məşhur alimlərlə bir sırada olmasından xəbər verir.

 

Anatomiyanın bir elm kimi inkişafı
Anatomiya haqqında ilk əsəri yunan alimi Alkmeon Krotonski (e.ə. V əsr) yazmışdır. O göz və qulağın sinirlər vasitəsilə beyinlə rabitədə olduğunu kəşf etmişdir.
Hippokrat (e.ə. 460-377-ci illər) və Aristotel (e.ə. 384-322-ci illər) anatomiyanın inkişafında böyük rol oynamışdır. “Təbabətin atası”, Hippokrata kəllənin bəzi sümükləri, onların arasındakı tikişlər, arteriyalar, vətərlər və sinirlər məlum idi. Hippokrat hesab edirdi ki, arteriyaların içərisində hava var, vətərlər və sinirlər eyni şeydir, toxum beyində hazırlanır və onurğa beyni ilə cinsiyyət üzvlərinə gedir. Aristotel təbiətşünas və mütəfəkkir alim kimi anatomiyanın inkişafına böyük təsir göstərmişdir. Aristotel sinirləri vətərlərdən ayırmış, yuxarı və aşağı boş venaları təsvir etmişdir. Bundan başqa, ürəyin quruluşu, onun damarlarla əlaqəsi, sümüklərin rolu və sümüyü qidalandıran damarlar da ona məlum idi. Aristotel belə hesab edirdi ki, bütün arteriyalar ürəkdən çıxan bir damarın şaxəsidir. O, buna aorta adını vermişdir.

 

Eramızdan əvvəl III əsrdə İsgəndəriyyə şəhəri böyük elm mərkəzi idi. Burada başqa elmlərlə yanaşı, anatomiya elmi də inkişaf edirdi. İsgəndəriyyə şəhərinin məşhur anatomları Herofil və Erazistart idi. Herofil (e.ə. IV əsr) onikibarmaq bağırsağı və prostat vəzini kəşf etmişdir. Həmçinin uzunsov beyin, beyin qırışlarını və beynin sərt qişasının venoz ciblərini təsvir etmiş, hissi və hərəki sinirləri bir-birindən ayırmış, duyğu üzvlərini və damar sistemini öyrənmişdir. Erazistart (e.ə. 300-250-ci illər) isə ürək qapaqlarını kəşf etmiş, beyin mədəciklərinin təsvirini vermiş, sinirlərlə beyin arasındakı rabitəni müəyyənləşdirmiş, hissi sinirləri hərəki sinirlərdən ayırmış və beyin yarımkürələr səthinin qırışıq və şırımlardan ibarət olduğunu göstərmişdir. Məşhur italyan alimi Qalen (130-210-cu illər) ilk dəfə heyvan meyitlərini yarıb nümayiş etdirməklə anatomiya kursundan mühazirələr oxumağa başlamış, sümüklərin formasını ayırd etmiş, sümüyün inkişafını və daxili quruluşunu öyrənmiş, onurğa beyni sinirlərinin nahiyələrə görə təsvirini vermişdir. Bundan başqa, o, Hippokratın göstərdiyi kimi arteriyalarda hava yox, qanın olduğunu sübut etmişdir. Lakin Qalen öz işlərini heyvanlar üzərində apardığı üçün onun insanın quruluşu haqqında verdiyi bəzi məlumatlar səhv olmuşdur. Ancaq Qalen dövrünün böyük alimi oluğundan uzun müddət heç kəs onun səhvlərini düzəltməyə cürət etməmişdir. Odur ki, Qalenin fikirləri intibah dövrünə qədər, yəni XV əsrə qədər davam etmişdir. Qalendən sonra ta intibah dövrünə qədər anatomiya elmi inkişafdan qalmışdır. İnsan meyitini yarmaq qadağan olduğundan bu dövrdə yalnız anatomiyaya aid bəzi terminlər meydana çıxmağa başlamışdır.

 

X-XI əsrlərdə tibb elmlərinin, o cümlədən anatomiyanın da inkişafı İbn-Sinanın adı ilə bağlıdır. İbn-Sina (980-1037-ci illər) “Təbabət qanunu” adlı əsərində başqa tibb elmləri ilə bərabər anatomiyadan da ətraflı məlumat vermişdir. Bundan başqa, o, anatomiya sahəsində bəzi kəşflər etmişdir. Belə ki, göz əzələləri ilk dəfə İbn-Sina tərəfindən təsvir edilmişdir.

 

XV-XVI əsrlər təbiət elmlərinin inkişafı, yaxud oyanma dövrü hesab olunur. İntibah dövrünün anatomlarına məşhur italyan alimi, rəssam və mütəfəkkür Leonar­do da Vinçi və Andrey Vezali daxildir. Leonardo da Vinçi (1452-1519) bir rəssam kimi bədənin xarici formasını öyrənməklə kifayətlənməyib, insan meytini yararaq, eyni zamanda bədənin daxili quruluşu ilə də maraqlanmışdır. O, plastik anatomiyanın əsasını qoymuş, ürək arakəsməsini kəşf etmiş, gözün və bəzi daxili üzvlərin quruluşunu öyrənmişdir. Müasir anatomiya elminin əsasını isə Andrey Vezali (1514-1565) qoymuşdur. O, ilk dəfə insan bədəninin quruluşunu sistematik sürətdə öyrənmiş və özünün “İnsan bədəninin quruluşu haqqında yeddi kitab” adlı əsərində skeleti, bağları, əzələləri, daxili üzvləri, damarları, sinirləri və duyğu üzvlərini dəqiq təsvir etmiş, Qalenin bəzi fikirlərinin səhv olduğunu göstərmişdir. XIX əsrin ikinci yarısında (1859) məşhur alim Ç.Darvin (1809-1882) özünün “Növlərin mənşəyi” adlı əsərində təkamül nəzəriyyəsini irəli sürmüşdür. Darvinin təkamül təliminin meydana çıxması göstərdi ki, insan bədəninin quruluşunu təsvir etməklə kifayətlənmək olmaz, onu ontofilogenetik nöqteyi nəzərdən də izah etmək lazımdır.

 

İnsan bədəninin quruluşunu öyrənmək üçün bir sıra metodlardan istifadə olunur. Bunlaradan ən əsası və qədimi yarma metodudur. Bu metodla adi gözlə görünən bütün üzvləri və törəmələri öyrənmək mümkündür.

 

Təbiət elmlərinin sonrakı inkişafı ilə əlaqədar anatomiyada bir sıra tədqiqat metodları öyrənilməyə başlandı.
Tarixinə nəzər yetirdikdə, uzun illər öyrənilməklə tədqiq edilən anatomiya elmi müasir dövrdə özünün yüksək inkişaf mərhələsinə çatmışdır. Əsası K.Ə.Balakişiyev tərəfindən qоyulan milli anatоmiya məktəbinin yetirmələri onun ənənələrini yaşadaraq müxtəlif illərdə insan anatоmiyası kafedrasında çalışmaqla, təməl fənnin əsaslarını, öz bilik və bacarıqlarını tələbələrə öyrədib, Azərbaycanda yüksək ixtisaslı həkim – mütəxəssislərin yetişməsinə nail оlmuşlar.
Tibbin əlifbası. Əlifbada olduğu kimi, tibbin əlifbası”A”hərfi ilə anatomiyadan başlayır. Anatomiya insan bədəninin inkişaf qanunauyğunluqları və mərhələləri, anomaliyaları, quruluşu, böyüməsi, formalaşması, topoqrafiyası, yaş xüsusiyyətləri, qidalanma və innervasiyasından xəbər verir.
Anatomiya-insanı kəşf edən, Anatomiya-İnsanı öyrənməyə sevgidən yaranan, Anatomiya həyati elmdir. Anatomiya – İnsanı həm diri, həm də ölü ikən tədqiq edən əsas tibbi elmdir.
Anatomiya elə bir süzgəcdir ki, ondan keçməyən yüksək ixtisaslı mütəxəssis ola bilməz.

 

Ulu öndərimiz Heydər Əliyev 19 aprel 2000-ci ildə Azərbaycanda səfərdə olan Türkiyənin Səhiyyə naziri Osman Durmuşu qəbul edərkən belə söyləmişdir: “1920-ci ildə Azərbaycanda ola bilər ki, 10-15 azərbaycanlı həkim var idi. Ola bilər ki, iki-üç dəfə də ondan artıq yəhudi, yaxud rus həkimləri var idi. Amma sonra bizdə Tibb İnstitutu, daha sonra universitet yarandı. Azərbaycanda Dövlət universiteti 1919-cu ildə yarananda onun tərkibində tibb fakültəsi də olmuşdu. Amma sonra təxminən 1930-cu ildə tibb fakültəsindən Tibb institutu yarandı.”

 

Anatomiya muzeyi. Azərbaycan Tibb Universitetinin İnsan anatomiyası kafedrası Respublikada yeganə tibb mərkəzi sayıla bilər. Xüsusilə kafedranın nəzdində olan “Anatomiya muzeyi” böyük əhəmiyyətə malikdir.

 

Beynəlxalq status almış Anatomiya Tədris muzeyi haqqında Tibb universitetinə müxtəlif vaxtlarda gələn qonaqlar həmişə öz müsbət rəylərini bildirirlər. 2019-cu il, 19 fevralda Azərbaycan Respublikasının Səhiyyə Naziri O. Şirəliyev Azərbaycan Tibb Universitetində olmuş, anatomiya kafedrasının əməkdaşları ilə görüşmüş, yeni tədris korpusunun açılışında iştirak etmişdir. Kafedraya gələn qonaqlar kafedradakı nizam-intizam qaydaları, dərs otaqlarının əyani vəsaitlərlə təchizatı, ümumilikdə tədrisin aparılmasından razı qaldıqlarını bildirmişlər.

 

Rəy kitabından:
4 aprel 2002-ci ildə ABŞ professoru J.Eriyin rəyindən: “Kafedranın muzeyi çox maraqlıdır və əksər tibb məktəbləri ilə müqayisədə görünməmiş dərəcədə komplektləşdirilmişdir”

 

22 fevral 2007–ci ildə Respublikamızda səfərdə olan Kopenhagen, Danimarka Ümumdünya Səhiyyə Təşkilatının regional müşaviri, professor Q. M. Perfilova yazmışdır: “Anatomiya muzeyinə, onun eksponatlarına, həmçinin akademik Şadlinskiyə səmimiyyətlə heyran oldum. Belə unikal alim, müəllim və insanla birgə məşğul olmaq və onunla birlikdə işləmək Tibb Universitetinin tələbə və müəllimləri üçün böyük şərəfdir. Belə müəllimlərdən nümunə götürmək, onunla yanaşı olmağın hər dəqiqəsini qiymətləndirmək, bu böyük müəllimi qorumaq lazımdır.”

 

08 iyun 2009-cu ildə Türkiyə Cümhuriyyəti İstanbul Universitetinin rektoru professor, dr.Yunus Söylet yazmışdır: “ Dünyanın en öncekli kolleksiyonlarından birisini gördük. Anatomi bilminin ne kadar ilgi çekici hale getirile bileceğini böylece saptamış olduk. Bu çok büyük emek ve meslek aşkı gerektiren bir eylem. Emeyi geçmiş tüm tıp hocalarının önünde sayğı ile eğiliyorum”

Anatomiya Tədris muzeyi haqqında bu kimi yazılar çoxdur.

 

Təbii, maraqlı eksponatları ilə zəngin olan muzey hər zaman müəllimlərin, həkimlərin, təhsil alan tələbələrin, həm də Respublikamıza, Azərbaycan Tibb Universitetinə gələn qonaqların tibbi biliklərin möhkəmləndirilməsinə xidmət edir. Şərəfli və çətin peşənin incəliklərinin tələbələrə tədrisi sahəsində yeni texniki imkanların tətbiqi anatomiya elminin daha da inkişaf etdirilməsi üçün zəmin yaradır.

 

Elmi yeniliklər insanları ruhlandırır. Azərbaycan Respublikasının Ümummilli lideri Heydər Əliyev 4 iyun 2001-ci ildə Tibb işçilərinin peşə bayramı gününün təsis edilməsi haqqında sərəncam imzalamışdır. O vaxtdan etibarən hər il ölkəmizdə 17 iyun Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Dövlətimiz təhsilımizin və səhiyyəmizin inkişafı üçün böyük işlər görür.

 

Azərbaycan Tibb Universitetinin İnsan anatomiyası və Tibbi terminologiya kafedrasının əməkdaşları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycanın I Vitse-Prezidenti Mehriban xanım Əliyevaya daim tibb sahəsində çalışan və tibb elminin inkişafına xidmət edən alimlərə, tələbələrə göstərdiyi dəstək, diqqət və qayğıya görə dərin minnətdarlıq hissini bildirirlər. Həmçinin əhalinin sağlamlığının mühafizəsini, tibb sahəsində qanun layihələrinin hazırlanmasını həyata keçirən Milli Məclisin Səhiyyə Komitəsinə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə, Azərbaycan Tibb Universitetinin Rektorluğuna təşəkkür edirlər.

 

Səhiyyə sahəsində fəaliyyət göstərən, Azərbaycan Səhiyyəsinin inkişafına səylə xidmət edən ziyalıları, alimləri, bütün tibb işçilərini, həkimləri, tələbələri, “Ailə həkimi” jurnalının rəhbəri və jurnalın bütün kollektivini tibb işçilərinin peşə bayramı münasibətilə təbrik edir və fəaliyyətlərində yeni-yeni nailiyyətlər arzu edirik.

 

BİR ƏSRƏ BƏRABƏR YUBİLEYİNİ QEYD EDƏCƏYİMİZ TİBB FAKÜLTƏSİNƏ VƏ
(o zamanlar İnsanın normal anatomiyası kafedrası adlanırdı) İnsan anatomiyası və Terminologiya KAFEDRASINA, TİBB UNİVERSİTETİNİN RƏHBƏRLİYİNƏ, BÜTÜN SƏHİYYƏ İŞÇİLƏRİNƏ UĞURLAR DİLƏYİLƏ

 

Vaqif Şadlinski
Əməkdar elm xadimi, professor,
Azərbaycan Tibb Universitetinin İnsan anatomiyası
və Terminologiya kafedrasının müdiri

 

Sədaqət Rüstəmova
Azərbaycan Tibb Universitetinin İnsan anatomiyası
və Terminologiya kafedrasının dosenti,
tibb üzrə fəlsəfə doktoru


 268    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *