Bagla

Həkimdən soruş

Hekimden sorus







Çexov və təbabət

Böyük rus yazıçısı Anton Pavloviç Çexovun anadan olduğu gündən artıq 150 il ötür. Moskva universitetinin tibb fakultəsini 1884-cü ildə bitirdikdən sonra Anton Pavloviç yaxşı praktik həkim kimi çalışmağa başlayır. A. P. Çexov özü üçün qərar verir ki, bu həyatda onun başlıca işi insanlara şəfa verməkdir.

 

Məktubların birində Çexov zarafatyana, amma tam ciddi və mətləbə uyğun israr edir: “Təbabət mənim kəbinli arvadımdır, ədəbiyyat isə – məşuqəmdir”. Həkimlik təcrübəsinə Anton Pavloviç Moskva ətrafında yerləşən Zveniqorod və Çikin şəhərlərində başlamış, Moskvada da şəxsi təcrübə ilə məşğul olurdu.

 

Moskva ətrafında kirayələdiyi evin qapısında asdığı lövhəciyin üstündə yazılmışdır: “Doktor A. P.Çexov”. Doktor Çexovun mizinin üstündə həmişə iki alət olardı: həkim çəkici və stetoskop. Onun qəbuluna gələnlər zəngin deyildi, Anton Pavloviç bununla bağlı zarafatlaşırdı: “…Kübar evlərdə müalicə edirəm. – Bax, indi qrafinya Kellerin evinə gedirəm… aşpazı xəstələnib və Voyeykovagilə – qulluqçusuna baxacam”.

 

Melixovdakı pasientlərin əksəriyyəti kəndlilər idi. Fligelinin eyvanında bir bayraq ağacı quraşdırmışdı. Çexov evdə olanda kiçik qırmızı bayraq sancırdı, yerli sakinlər bunu görcək onun qəbuluna gələ bilərdi.

 

Qəbul günləri kiçik malikanə ambulatoriyaya çevrilirdi, gələnlər təkcə Melixovdan deyildi, yaxın kəndlərdən də gələn olurdu. Həkimlik təcrübəsi sayəsində Anton Pavloviç kəndlilərlə yaxşı münasibət qurmuşdu. A.P.Çexov yazırdı: “…Kəndliləri və dükançıları ələ almışam. Biri qan qusur, birinin əli ağacın altında qalıb əzilib, birinin qızı xəstələnib…. Sən demə, mənsiz onlara çox çətindir. Hamı hörmətimi saxlayır, görəndə ehtiramla baş əyirlər”.

 

1892-1893-cü illərdə orta Rusiyada vəba epidemiyası tüğyan edəndə, doktor Çexov böyük fəallıq göstərir, bir çox adamlara imdad edirdi. A.P. Çexov Melixovda müalicə məntəqəsi yaratmağı özünə borc bilir, həmin məntəqə üçün öz vəsaiti ilə avadanlıq da almışdır: “Mənim sahəmə 25 kənd, 4 fabrik və 1 monastır baxır. Səhər xəstələri qəbul edirəm, günorta yola düşüb evlərə gedirəm”. Onun vəba ilə ciddi mübarizəsi öz nəticəsini verdi. Sonralar Anton Pavloviç yazırdı: “Yayda yaşayışımız çətin idi, amma indi elə bilirəm ki, heç bir yayım bu ilki kimi yaxşı keçməyib. Məni payızadək çənginə alan vəba vəlvələsinə, pulsuzluğa baxmayaraq, mən yaşamaq istəyirdim, yaşamağı sevirdim”. Sonradan Serpuxov qəzasının zemstvo iclasında sanitar şuranın təklifi ilə qərar qəbul edildi: “Qəzanın həkimlik təşkilatının işində təmənnasız iştirakına görə Doktor Anton Pavloviç Çexova minnətdarlıq bildirmək”.


Çexovun böyük xidmətləri arasında “Cərrahiyyə salnaməsi” jurnalının yeni “Cərrahiyyə” adı ilə nəşrinin bərpası üçün maliyyə yardımı aldığını qeyd etmək vacibdir. Çexov yazırdı: “Yaxşı cərrahi jurnalı xilas etmək 20000 uğurlu əməliyyat etmək qədər yararlıdır…” Xəstəliyinə görə Yaltaya köçdükdən sonra Çexov həkimlik etmədi, kənardan tibbi nailiyyətləri izləyir, daim xüsusi jurnalları mütaliə edir, tibbi ədəbiyyatı izləyirdi.

 

Tibbi mövzu Çexovun bədii yaradıcılığının da ayrılmaz hissəsidir. Həmkarı, məşhur rus nevro­patoloqu Q.İ.Rossolimoya yazırdı: “Söz yox ki, tibbi elmlər mənim ədəbi yaradıcılığıma ciddi təsir göstərib. Təbabət mənim müşahidələrimin dairəsini genişləndirib, mənə elə biliklər verib ki, yazıçı üçün onların dəyərini yalnız özü həkim olan anlayar; bu biliklər mənə istiqamət verirdi, ola bilsin ki, tibbə yaxınlığım məni çox səhvlərdən qoruyub…”

 

A.P.Çexovun nəsri üçün xas olan dəqiqlik və obyektivlik onun tibbi müşahidələrinin məhsuludur. Akademik İ.A.Kassirskiy bununla bağlı yazırdı: “Çexovun əsərlərində insanın ruhi durumunun müxtəlif çalarları elmi gerçəkliklə təsvir olunub: xoş ovqatı, eyforiya vəziyyəti, həyəcan, təşviş və qorxu hissi”.

 

Belə ki, albalı bağının aqibətindən xəbər gözləyən Panevskayanın “qəlbi hər səsdən titrəyir”. Tale yüklü qərarı gözləyən bir kəsin həyəcanını bundan yaxşı ifadə etmək olmaz. Çexov öz qəhrəmanlarının keçirdiyi xəstəliyi və ölümü elmi dəqiqliklə təsvir edib. Misal üçün, “Qara rahib”də Kovrinin sayıqlaması ilə ayıq vəziyyəti, “Tutma” və “Palata №6” hekayələrinin qəhrəmanlarının halı da tam gerçəkliklə təsvir olunub.

 

“Poprıqunya” hekayəsində vəfat etmiş Dımov barəsində deyilir: “Sinəsi hələ istidir, əlləri və alnı isə soyuqdur”. Bunu yazan həkimdi… Həkim olmayan belə yaza bilməz. Yazılıb ki, Dımovun sifətində “tanış təbəssüm” donmuşdu. Bu da düzgün müşahidədir: ölümün ilk anlarında əzələlər yığılır və sifətdə təbəssümə bənzər ifadə yaranır.

 

Adi həyatda da, yaradıcılıqda da A.P.Çexov daim həkim olaraq qalırdı. Məşhur rus psixiatrı və publisist N.N.Bajenov yazırdı: “Qoy dünya şöhrətli yazıçı adı ilə yanaşı, rus həkimlərinin qəlbində özü ilə rus tibbi cəmiyyətini bəzəyən şəxsiyyət haqqında işıqlı, unudulmaz bir xatirə qalsın”.


 109    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *