Bagla

Həkimdən soruş

Hekimden sorus







Cizgi filmləri

UŞAQ ŞƏXSİYYƏTİNİN FORMALAŞMASINDA CİZGİ FİLMLƏRİNİN ROLU
Məktəbəqədər və kiçik yaşlı uşaqların inkişafında və onların psixologiyasının öyrənilməsi sahəsində multiplikasiyanın böyük rol oynadığı danılmazdır. Belə ki, multi­plikasiya reallıq və uydurmanı, cizginin özünü və musiqini birləşdirərək, vahid pedaqoji tərbiyəvi kompleks yaradır.
Bəs, nə üçün bəzi cizgi filmləri sevincli emosiyalar və sevimli qəhrəmanlara oxşamaq istəyi yaradaraq uşaq şəxsiyyətinin pozitiv istiqamətini formalaşdırdığı halda, digərləri açıq-aşkar ziyan vurur və uşaqları aqressiv edir?
Cizgi filmlərinin yaradıcıları animasiyaları iki prizmada təqdim edirlər: böyük həyatı təqlid edənlər və öz həyat qanunları olan, məhz uşaq dünyasını yaradanlar. Müasir uşaqlar aqressiv və qəddar böyük həyatı təqlid etməyə can atır, bu səbəbdən də birin­ci tip cizgi filmlərinə üstünlük verirlər. Belə cizgi filmləri emosional cəhətdən uşağı düşkünləşdirir və biz artıq ekrana bağlanmış, öz şəxsi «mən»ini boğan, cizgi filmlərinin məğlubedilməz və hökmran qəhrəmanlarına pərəstiş edən «robotlaşmış uşaq» əldə etmiş oluruq.
Uşaq şəxsiyyətinin formalaşmasında cizgi filmlərinin təsirinin iki istiqamətdə getdiyini nəzərə alsaq, aydın olar ki, nikbin əhval-ruhiyyəli animasiyalar pedaqoji məsələlərin həlli üçün də geniş imkan yaradır. Bədbinlik yaradan multiplikasiyalar isə uşağın formalaşmasında, dünyaya baxışında ciddi pozuntular yaradır, onun şəxsiyyətinin inkişafına zərbə vurur.
Odur ki, öz övladı üçün bu və ya digər cizgi filmini seçən hər bir valideyn dərk etməlidir ki, bu filmin təsiri həm zərərli olar, həm də uşağın ümidlərini boşa çıxara bilər. Bunun qarşısını almaq üçün valideyn aşağıdakılara fikir verməlidir:
– Cizgi filmi hansı yaş üçün nəzərdə tutulub?
– Cizgi filmi konkret uşağın maraq dairəsi və psixologiyasına uyğundurmu?
– Cizgi filminin estetik və etik məzmunu nə səviyyədədir?
– Cizgi və animasiya filmləri uşaqlar üçün nəzərdə tutulsa da, böyüklərin də diqqətini cəlb edir. Hazırda isə deyəsən, animasiya filmlərini elə böyüklər üçün çəkirlər. Çünki qarışıq və uzun-uzadı süjeti olan bu animasiyaları bədii döyüş filmlərindən yalnız personajların əcaibliyi fərq­ləndirir. Ancaq unutmaq lazım deyil ki, uşaqlar üçün nəzərdə tutulmuş sənədli, bədii və animasiya filmlərində kobudluq, qəddarlıq, vəhşilik səhnələri yer aldıqda bu uşaqların aqressivliyini artırır. Bu cəhət uşaqların oyunlarında, davranışlarında da aydın nəzərə çarpır. Hətta aqressivliyə meyl etməyən uşaqlar da uzun müddət belə səhnələrlə bol olan anima­siya filmlərinə baxdıqda amansız olurlar. Uşaqlıqdan bu cür meyllərin olması gələcəkdə onların ünsiyyətində və şəxsiyyətlərarası münasibətlərində konflikt hallarının əmələ gəlməsi ilə nəticələnir.
Odur ki, valideynlər uşaqlarının cizgi filmi seçiminə mütləq kömək etməlidirlər. Çünki uşaqların «multiplikasiya» rasionuna böyüklərin müda­xiləsi olmadıqda, cizgi filmləri həqi­qətən mənfi tərbiyəçiyə çevrilə bilər.


 1506    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *