Bagla

Həkimdən soruş

Hekimden sorus







Dənizdən hovuza

Payız – yeni idman-sağlamlıq mövsümünün başlanğıcıdır. İnsanların üzgüçülüyə olan həvəsi getdikcə artır.

 

Hovuz seçimi
Hovuz seçimi zamanı əsas şərt onun yerləşməsi və evə yaxın olmasıdır. Daha bir amil xidmətlərin növü və dəyəridir. Nəhayət, hovuzun keyfiyyəti və xidmət səviyyəsi, yəni ixtisaslı heyətin, məşqçilərin, təlimatçıların, həkimlərin olmasıdır. Əlavə xidmətlərə də diqqət yetirmək lazımdır. Standart xidmətlər çeşidi üzgüçülük və hər hansı sağlamlıq proseduralarından – sauna, məşq, gimnastika və şeypinq zalı, uşaqlar üçün üzgüçülük üzrə təlim seksiyasından ibarətdir.
Hovuzların nəzdində bərbərxana, kosmetik və masaj salonu da fəaliyyət göstərə bilər ki, üzməyə gəlmiş xanımlar görkəmini səliqəyə sala bilsin. Bir çox hovuzların yanında xüsusi ləvazimatlar – çimərlik paltarı, rezin papaqlar, üzgüçülük eynəklərinin satışı ilə məşğul olan mağazalar mövcuddur.
Hovuzlar qapalı və açıq olur. Yay mövsümündə açıq hovuzda üzməyin öz üstünlükləri var, çünki sağlamlaşdırıcı funksiya ilə yanaşı, təmiz havada yaxşı istirahət etmək imkanı da yaranır. Amma payız və qış fəsillərində açıq hovuzda üzmək o qədər də məsləhət deyil, çünki temperatur rejiminin kəskin dəyişməsi orqanizmə qarşı yüksək tələblər irəli sürür.
Hovuzlar ölçüsünə görə də fərqlənir. 50 və 25-metrlik hovuzlar olur. Sağlamlıq funksiyası baxımından 50-metrlik hovuzlar daha əlverişlidir. Bu məsafə yorulmaq, dayanmaq, istirahət etmək və yenidən üzmək üçün kifayət edir. Kiçik hovuz­lar, əsasən, çimmək üçün nəzərdə tutulmuşdursa, böyük hovuzlara insanlar məhz üzmək üçün gəlir. Sağlamlıq məqsədi ilə brass üsulu ilə üzmək daha yaxşıdır – bu, asan mənimsənilən, əks-göstərişləri olmayan və insan orqanizminə daha müsbət təsir göstərən üsuldur.
Hovuzları imkanlarına görə də ayırmaq olar. İstismarına böyük vəsait sərf olunmuş bəzi iri hovuzların xidmət səviyyəsi yüksək olsa da, istifadə qiyməti də yüksəkdir. 25-metrlik və ya qeyri-standart ölçülü VİP-hovuzları olan qapalı klublar da mövcuddur. Orada artıq abonement xidməti deyil, kluba üzvlük kartları qüvvədədir.

 

Yük ölçüsü
Hovuz seçərkən tələblərinizi nəzərə almalısınız. Kişilər üçün əsas hərəkətdirsə, qadınlar üçün hovuz – sağlamlığını, gümrahlığını, ümumi əhvalını və zahiri görünüşünü qoruyub saxlamaq üçün bir vasitədir. Qadınların çoxu hovuza artıq çəkidən azad olmaq, əzələləri, onurğanı möhkəmləndirmək üçün gedir.
Üzgüçülük sağlamlıq üçün ən əlverişli vasitədir. Bura kompleks şəkildə həm əzələ və ürək-damar sistemi, həm də bədənin möhkəmləndirilməsi daxildir. Məşq zalında məşq etmək böyük fiziki səy tələb edirsə, hovuzda hər bir insan mövcud fiziki vəziyyətindən asılı olaraq, yükünü tənzimləyə bilər. Osteoxondroz və dayaq-hərəkət funksiyası pozulmasının profilaktikası və müalicəsi üçün hovuzdan yaxşısını düşünmək olmaz. Üzərək biz əzələlərə bərabər yük verir, əzələ əsasını formalaşdırır və onurğanın yükünü artırmırıq.
Müəyyən istilikkeçirmə xassəsi olan su orqanizmdə mübadilə proseslərini sürətləndirir, odur ki, üzmə çəkini normallaşdırır və bədən biçimini korreksiya edir. Enerji sərf olunur, artıq kalorilər yandırılır və ən əsası bu proseslər yumşaq, xoş rejimdə baş verir.
Üzmək üçün ən münasib rejim – həftədə bir-iki dəfədir. Hovuzda üzməklə yanaşı, məşq zalında məşq etmək, şeypinq, sauna, masaj kimi prosedura­lardan yararlanmaq lazımdır. Süstləşdirici təsir göstərən üzgüçülük bu proseduraları bitirməlidir. Onu yalnız sauna ilə növbələmək olar. Sadəcə üzmək heç kimə əks göstəriş deyilsə, əlavə məşqlər sağlamlıq və ümumi fiziki durumdan asılı olaraq, fərdi yanaşma tələb edir. Fiziki yükün ölçüsü, hər hansı praktiki tövsiyələr məşqçinin hər bir müştəri ilə apardığı birbaşa işdir.
Son zamanlar uşaqları məşqçiyə həvalə edərək qadınların üzməyə getdiyi ailəvi istirahətin təşkili forması inkişaf etməkdədir. Bəzi hovuzlarda hamilə qadınlar, südəmər körpələrin təlimi üçün seanslar təşkil olunur. Kəskin hisslər həvəskarları üçün sualtı üzgüçülük qrupları təşkil olunur. Böyük ölçülü və dərin hovuzların üstünlüyü bundadır.

 

Suyun keyfiyyəti
Normaya uyğun olaraq, qapalı hovuzlarda suyun temperaturu 24-26 dərəcə arasında olmalıdır, lakin ən münasib temperatur – 28 dərəcədir. Hər sutka hovuzdakı suyun 5%-dən 10%-ə qədəri təzələnməlidir. Gün ərzində iki dəfə suyun tam həcmi fiziki təmizlənmə və kimyəvi emaldan keçməlidir. Bütün hovuzlardan mütəmadi olaraq sınaqlar götürülür və hər bir müştəri istədiyi vaxt SEX-in (Sanitariya-epidemioloji xidmət) rəyi ilə tanış ola bilər.
Dezinfeksiya preparatları kimyəvi cəhətdən aktivdir. Belə ki, allergiyası olanlar üzməyə başlamazdan əvvəl həkimlə məsləhətləşməlidirlər. Hovuzu tərk etdikdən sonra mütləq duş qəbul etməli, yüksək xlor tərkibli suyun qalıqlarını yumaq lazımdır. Hovuzda üzdükdən sonra dəri quruyur, odur ki, kimyəvi emaldan keçmiş suyun təsirini yumşaltmaq məqsədi ilə nəmləndirici krem çəkmək lazımdır. Təəssüf ki, xlor tərkibli preparatları layiqincə əvəz edə biləcək zərərsizləşdirici maddələr bu gün mövcud deyil. Düzdür, iş mexanizmində kimyəvi aktiv element olan ozonun həm də xlor kimi suyu zərərsizləşdirmək qabiliyyətinə malik, suyu ozonlaşdıran qurğular yaradılmışdır. Amma məsələ ondadır ki, ozon suyu qısa müddətə zərərsizləşdirir, bu qurğuların istehsalı və istismarı isə mürəkkəb prosesdir.

 

Qiymətlər
Əvvəllər, bütün hovuzlar ya dövlət, ya təsisatlı hesablı olduğu dövrlərdə qiymət səviyyəsi demək olar ki, eyni idi. İqtisadi islahatlardan sonra bəzi hovuzlar olduğu kimi – kasad təchizatlı və aşağı xidmət səviyyəli qalmış, bəziləri isə böyük maliyyə dəstəyi almış, yenidən qurulmuşdur. Bəzi hovuzlar isə kütləvi istifadəyə hesablanmışdır. VİP-hovuzlarda otaqların tərtibatından başlayaraq xidməti heyətə qədər bütün keyfiyyət meyarları bir səviyyə yüksəkdir.
Bir sözlə, bu gün seçim imkanları genişdir. Klub üzvü olan və hovuza getmək üçün illik üzvlük kartına görə bir neçə min dollar ödəniş etmək qabiliyyətli hər kəs daha yüksək səviyyəli xidmətdən yararlanacaq. Əks halda, adi təyinatlı, daha ucuz qiymətli hovuz seçilməli olur. Amma daha aşağı qiymətlər heç də pis keyfiyyət demək deyil. Orta təbəqəyə xidmət üçün nəzərdə tutulmuş hovuzlarda qiymətlər səviyyəsi əhəmiyyətli dərəcədə fərqlənmir. Adətən, belə hovuzlarda qiymətinə görə klub kartından xeyli ucuz olan abonement prinsipi xidmət göstərir. Bir çox hovuzlarda gün ərzində hovuza gəliş üçün abonement xidməti fəaliyyət göstərir. Təyin olunmuş cədvəl üzrə hovuza getmək mümkün deyilsə, bir qədər artıq ödəniş etməklə müştərinin özü üçün rahat və münasib vaxtda getmək olar. Birbaşa gəliş günü daha yüksək qiymətlə birdəfəlik buraxılış da almaq olar.
Bəzi hovuzlar güzəştli tariflər tətbiq etmək imkanına malikdir. Son zamanlarda idman-sağlamlıq xidmətləri sahəsi, o cümlədən hovuzçuluq səmərəli inkişaf etməkdədir. İnsanlar anlayır ki, sağlamlıq son dərəcə qiymətli nemətdir və sonradan müalicəyə pul xərcləməkdənsə, mütəmadi olaraq hovuzda üzməklə onu qorumaq daha sərfəlidir.


 72    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *