Bagla

Həkimdən soruş

Hekimden sorus







Dərman sonsuzluğu

Sonsuzluğa səbəb olan pozuntular arasında qeyri-adi diaqnoz hallanır – yumurtalıqların hipertormozlanma sindromu. Söhbət uzun müddət kontraseptiv və ya başqa dərmanların qəbulundan sonra qadın yumurtalıqlarının öz təbii funksiyasını yerinə yetirməməsindən gedir. Dövrü proseslər ləngiyir, aybaşı kəsilir.

 

Qadının ümumi vəziyyəti bu zaman qənaətbəxşdir. Klimaks simptomları, istilik hissi yoxdur, dəri və selikli qişalar qurumur. USM-də həkim normal ölçülü follikulları yetişmiş yumurtalıqları görür. Amma onlar “yatır” və yumurtalıqları yatırılmış qadın hamilə ola bilmir.

 

Sindrom təzə deyil, amma son illər daha çox rast gəlinir. Səbəblərdən biri müasir qadınların reproduktiv davranış xüsusiyyətidir. Sosial və iqtisadi müstəqilliyə can atan qadınlar analığı təxirə salır, demək, ciddi kontrasepsiya ehtiyacı yaranır. Oral kontraseptivlər uzun müddət, fasiləsiz qəbul olunur. Nəhayət, qadın uşaq haqqında düşünəndə hamiləlik “nədənsə” baş tutmur.

 

Yumurtalıqların funksiyasını hipofizin tənzimləyici funksiyasını təcrid edən preparatlar yatıra bilər. Hipofiz hamiləliyi qoruyan hormonları hasil etmir. Bu, xüsusilə monofaz və yüksək dozalı, həb formalı hormonal kontraseptivlər, uzadılmış qəbul rejimli hestagen preparatlar, nəhayət, honadotropin-rilizinq (HnRh) hormonları aqonistləridir. Davamlı dərman qəbulu beyində hormonal requlyasiya mərkəzlərini yatırır. Yumurtalıqların işi zəifləyir.
Bu effekt antidepressantların, psixotrop preparatların, narkotik maddələrin eyni vaxta qəbul edilməsi zamanı güclənir.

 

Sözügedən sindrom çox vaxt menstrual dövrü çətin formalaşan gənc, arıq qadınlarda inkişaf edir. Onlarda ilk aybaşı gec başlayır, sonrakılar isə zəif və gec-gec olur, dövr uzun müddət qeyri-müntəzəm olur. Belə qadınların süd vəziləri, uşaqlığı normadan kiçikdir, endometrium nazikdir. Bütün bunlar hipotalamo-hipofizar çatışmazlıq əlamətidir. Bu cür pozuntular pasientin yaxın qohumlarında – anasında, xalasında, nənəsində də qeyd olunur. Qıza hamilə olan ananın sağlamlıq durumu da vacib şərtdir, çünki onun tez-tez xəstələnməsi yenidoğulmuş qız uşağının reproduktiv funksiyasının requlyasiyasının pozulmasına səbəb olur. Belə bir gənc qadına hormonal kontraseptiv təyin olunarsa, böyük ehtimal ilə yumurtalıqların hipertormozlanması baş verəcək.

 

İndi belə bir fikir yayılır ki, kombinə olunmuş oral kontraseptivlər (KOK) yumurtalıqlara istirahət verməklə toxum hüceyrələrini gələcəyə ehtiyat saxlayır və bununla da reproduktiv yaşı uzadır.

 

Bu, preparat istehsalçılarının istismar etdiyi uydurmadan başqa bir şey deyil. Əslində, kontraseptiv həblər yumurtalıqların ehtiyatını qorumur. Toxum hüceyrələrinin genetik proqramlı sərfiyyatı preparatların qəbulu fonunda da davam edir.

 

Bundan başqa, KOK vasitəsi ilə hamiləliyi təxirə salmaq təhlükəlidir. 35 yaşdan sonra sərbəst hamiləlik imkanları kəskin dərəcədə azalır. Yumurtalıqların hipertormozlanma sindromu fonunda analığa çatmaq çox çətin olacaq. Problemin qarşısını almaq daha məqsədəuyğundur.

 

Əsas şərt müayinə olunmadan KOK, hestagen və ya aqonist preparatları qəbul etməməkdir. Menstrual dövrün başlanğıcında hormonal analiz vermək lazımdır: FSH, LH, AMH, estradiol və prohesteron. Bu hormonların dərman qəbulu fonunda da səviyyəsini və mentsrual dövrün xarakterini izləmək vacibdir. Hormonların səviyyəsi aşağıdırsa və preparat ləğv edildikdən sonra menstruasiya başlamırsa ya zəifdirsə, KOK-lərin qəbulu dayandırılmalıdır.

 

Yumurtalıqlar görə riski azaltmaq üçün təyin olunan preparatın tipi də əhəmiyyətlidir. Gənc qızlar və qadınlara mikro- və ya aşağı dozalı monofaz həblər təyin edilir. 20 yaşdan başlayaraq üç fazalı KOK istifadə edilə bilər.

 

Dərmanların ləğv edilməsi qaydalarını da gözləmək vacibdir. İllərlə fasiləsiz içmək olmaz, ildə 2-3 dəfə 1-2 aylıq fasilə etmək lazımdır. Ləğv edildikdən 3-4 ay sonra menstrual dövr bərpa olunmursa, ginekoloq-endokrinoloqa müraciət etmək lazımdır.

 

Bəzi hallarda yumurtalıqların tormozlanması müalicə məqsədi ilə təyin edilir. Belə ki, HnRh aqonistləri endometrioz, uşaqlıq mioması, təkrarlanan hiperplastik proseslər, poliplər zamanı istifadə edilir. Dərmanlar yumurtalıqların işini yatırır və orqanizmi süni klimaks vəziyyətinə salır. Dərmanlar ləğv olunduqdan sonra yumurtalıqlar “oyanmalıdır”. Amma təəssüf ki, bu həmişə belə olmur. Yumurtalıqları reanimasiya etmək tələb olunur. Menstrual dövrün bərpası bir çox şərtlərdən asılıdır. Kimdəsə dövr 3-4 aya sərbəst bərpa olunur. Prosesi sürətləndirmək üçün vitaminlər, sitaminlər, homeopatik preparatlar və fiziotrerapiya təyin olunur. Qadın iş və istirahət rejimini gözləməli, fitneslə məşğul olmalı, stresdən uzaq olmalıdır.

 

Qadın hamilə olmaq istəyirsə və yatırılmış yumurtalıqlardan başqa heç bir maneçilik yoxdursa, ovulyasiya stimulyatorları təyin edilir – antiestrogenlər və ya honadotrop hormonlar.

 

Sonra USM vasitəsi ilə həkim dinamikada follikulların böyüməsini və endometriumun vəziyyətini izləyir. Hormonların səviyyəsi öyrənilir. Dominant follikulun ölçüsü 18-20mm çatan kimi HQ preparatı iynəsi təyin edilir. Onun təsiri altında qadınlarda ovulyasiya başlayır, sonra ikinci fazanı saxlamaq üçün prohesteron preparatları təyin edilir.

 

Dövrü bərpa etməyin daha bir “gizli üsulu” var, bu haqda kitablarda yazılmır. Eyni hormonal kontraseptivlər mikro dozada – dörddə bir həb dozasında adi sxem üzrə qəbul edilir. Hormon azlığından əziyyət çəkən qadınlarda bu yanaşma yaxşı effekt verir.
Bəzən “yatmış yumurtalıqlı” qadınlarda prolaktin hormonu yüksək olur. Bu halda da hamiləlik ehtimalı aşağıdır. Problemin həlli üçün xüsusi preparatlar təyin edilir. Ən çətin hallarda köməyə EKM gəlir.

 

Yumurtalıqların hipertormozlanma sindromu “ağrımır”, amma susqun qüsur müəyyən vaxtdan sonra fəsadlaşa bilər. Süd vəziləri kiçilir, sümüklər kövrəlir, yaddaş və diqqət pozulur. Bu əlamətlər klimaksın başlanmasını xatırladır. Odur ki, doğum yaşlı qadınlarda zəif və gec menstruasiya arxasında ciddi problemlər dayana bilər.


 1868    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *