İcbari tibbi sığortanın Xidmətlər Zərfi ilə hamilə qadınların profilaktik müayinələri, ambulator və stasionar şəraitdə onlara göstərilən tibbi xidmətlər təminata alınıb.
Tibbi xidmətlərə doğuşaqədər mama-ginekoloji yardımın göstərilməsi və dispanser nəzarət daxildir. Həmçinin hamiləlik dövründə, doğuşdan sonrakı dövrdə zahı qadınların müşahidəsi, müalicə üçün tibb müəssisələrinə göndərişlərin verilməsi də profilaktik müayinələr zamanı həyata keçirilir. Bu xidmətlər hamiləlik dövründə baş verə biləcək fəsadların qarşısını almaq, ana və uşaq sağlamlığını qorumaq məqsədilə göstərilir.
Hamiləliyin fizioloji gedişi zamanı hamilə qadının tibb müəssisəsinə 7 gəlişi tövsiyə olunur. Xidmətlər Zərfi ilə hamilə qadına arterial təzyiqin ölçülməsi, nəbzin sayılması, bədən kütləsi indeksinin, qanda şəkərin, qan qrupu, qanın klinik analizi (hemoqlobin), sidiyin ümumi analizi kimi tibbi xidmətlər göstərilir.
Həmçinin hepatit B və C, sifilis testləri, insan immunçatışmazlığı virusu (İİV), skrininq testi (rubella-məxmərək), uşaqlıq yolundan yaxmanın mikroskopik müayinəsi icbari tibbi sığorta ilə qarşılanır.
Tibb müəssisəsində hamiləliyin 12-ci həftəsinə qədər fol turşusunun təyini, USM, doppler müayinəsi, dölün ürək döyüntülərinə qulaq asılması və digər müayinələr də həyata keçirilir.
Hamilə qadın tibbi xidmətlərdən istifadə etmək üçün ilk növbədə yaşadığı ərazi üzrə qadın məsləhətxanasına, Ailə Sağlamlıq Mərkəzinə və ya digər ambulator tibb müəssisələrinə yaxınlaşmalıdır. Tibb müəssisəsi tərəfindən hamiləliyin 30-cu həftəsindən sonra mübadilə vərəqəsi verilir, hamilə doğuşun təşkili üzrə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki müvafiq ixtisaslı dövlət tibb müəssisəsinə yönləndirilir.
Dölün diaqnostik dəyərləndirilməsi (fetal MRT), daun sindromuna görə qan nümunəsində hormonların təyini (ayrı-ayrılıqda laborator müayinələr şəklində) Xidmətlər Zərfi ilə təminata alınır.
Doğuş və klassik qeysəriyyə kəsiyi əməliyyatı, stasionar yatış zamanı dərman, tibbi sərf və qidalanma, laborator və instrumental müayinə, diaqnostika və müalicə tədbirləri ödənişsiz olaraq göstərilir. Klassik qeysəriyyə kəsiyi əməliyyatı tibbi göstəriş əsasında həyata keçirilir. Habelə, vaxtından əvvəl doğulmuş körpələrin küvezdə saxlanılması da icbari tibbi sığorta ilə qarşılanır.
Qeyd edək ki, doğuşdan sonrakı dövrdə zahı qadınların müayinə və müalicəsi, yenidoğulmuşların müşahidəsinin aparılması və ana südü ilə qidalanmaya dair məsləhətlərin verilməsi də ödənişsiz göstərilir.
Əlavə etmək istərdik ki, ana və uşaqlara göstərilən tibbi xidmətlərin keyfiyyət və səmərəliliyinin yaxşılaşdırılması məqsədi ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən müasir tibbi avadanlıq, cihaz və alətlər alınıb. Avadanlıqlar hamilə qadınların, habelə perinatal, neonatal və postneonatal dövrlərdə uşaqların müxtəlif müayinə və müalicəsində istifadə olunacaq.
Bir cavab yazın