Bagla

Həkimdən soruş

Hekimden sorus







Dünyanı idarə edən xolesterin qorxusu

Qorxu səni idarə etmək üçün ən yaxşı vasitədir….Xalq arasında dolaşan tibbi məsələlərə aid yanlış fikirlər doğrudan da traqikomikdir. Bu komediyaların əsas iştirakçılarından biri bədnam xolesterindir, müxtəlif reklamların, həkimlərin, alimlərin, tibdən və elmdən uzaq adamların qızğın mübahisələrinin daimi obyekti olan xolesterin.

 

Tanış olun: həyati vacib xolesterin
Xolesterini çox vaxt yağlarla səhv salırlar. Yağlardan fərqli olaraq, xolesterin orqanizmi kalorilərlə təmin etmir və nə piylənməyə, nə sellülitə heç bir aidiyyəti yoxdur. Xolesterin (C27H46O) steroid qrupuna aid heyvan mənşəli yağabənzər üzvi maddədir.
Xolesterinin kəşfi bütünlüklə fransız kimyaçılarının xidmətidir. 1769-cu ildə Puletye de la Sal öd daşlarından yağlara xas keyfiyyətli bərk ağ maddə (“yağlı mum”) almışdır.

 

O burada yoxdur!
Bitkilərdə xolesterin yoxdur – heç bir şəkildə və heç bir bitkidə, odur ki, bitki yağı şüşəsinin üzərindəki “xolesterin tərkibi yoxdur” yazısı doğrudur. Bitkilərdə strukturuna görə xolesterinə və steroid hormonlara oxşar fitosterollar var. Bu maddələr tibdə, kosmetologiyada və qida sənayesində geniş istifadə olunur.

 

Təxminən vitamindir
İnsan orqanizmində xolesterindən bütün stero­id maddələr, o cümlədən D vitamini və hormonlar hasil olunur. Xolesterinsiz orqanizmin bir çox həyati vacib sistemləri fəaliyyət göstərə bilməz. Orqanizmdə 350q qədər xolesterin mövcuddur. Bu miqdarın yalnız üçdə bir hissəsini (0,3-0,5q gündə) biz qidadan alırıq, ikidə üç hissəsini isə özümüz sintez edirik: 80%-ni qaraciyərdə, 10%-ni nazik bağırsaq divarında və 5%-ni dəridə. Öz xolesterinini sintez etməklə orqanizm onun azlığını və ya çoxluğunu tənzimləyir.
Qaraciyərdə xolesterindən öd turşuları sintez olunur, sonradan bu turşular yağların nazik bağırsaqda emulqasiyası və sorulması üçün istifadə olunur. Bu məqsədlərə xolesteri­nin 60-80%-i sərf olunur. Ana südü xolesterinlə zəngindir. Südəmər və böyüyən uşaqların yağlı və xolesterinli qida məhsullarına xüsusi ehtiyacı var, beyin və sinir sisteminin tamdəyərli inkişafı üçün bu son dərəcə vacibdir.

 

Membran tikinti montajı
Bünövrəsiz ev olmadığı kimi, eukariotik hüceyrəni (bu hüceyrələrə bitki, heyvan və insan hüceyrələri daxildir) də bu maddəsiz təsəvvür etmək mümkün deyil. Fosfolipidlərlə yanaşı, xolesterin hüceyrələrin möhkəmliyini və multifunksionallığını təmin edir. Belə ki, eritrositlərin qişası 23%, qaraciyər hüceyrələri – 17%, mitoxondrial membranlar 3%-ə qədər xolesterindən ibarətdir. İzolyasiya funksiyaları daşıyan sinir liflərinin çoxlaylı miyelin örtüyü 22% xolesterindən ibarətdir. Beynin ağ maddəsinin tərkibində 14%, boz maddəsində isə 6% xolesterin mövcuddur.

 

Bacarıqlı usta
Xolesterin böyrəküstü vəzi qabığında istehsal olunan steroid hormonlar – hidrokortizon və aldosteron üçün, eləcə də, kişi və qadın cinsi hormonların – estrogen və prohesteron sintezinin “xammalıdır”. Xolesterinsiz məhsullar kişilərin seksual aktivliyi üçün təhlükəlidir. İndi anladınız, nəyə görə kişilər ət yeməlidir?
Qeyd edək ki, doğuş yaşlı sağlam qadınlar üçün xolesterinsiz pəhriz gözləmək mənasızdır, çünki klimaksa qədər qadın cinsiyyət hormonları xolesterinin damar divarlarına çökməsinə mane olur.
Hormonal və mübadilə pozuntularından əziyyət çəkən qadınlarda isə “kritik günlər” kəsilir. Yağsız məhsullardan istifadə etmək mens­trual dövrün lütein fazasında estradiol hormonunun əhəmiyyətli dərəcədə azalması, nəticə etibarı ilə, sonsuzluq təhlükəsi daşıyır.

 

Xoşbəxt o kəsdir ki…
Xolesterin beyindəki serotonin və adrkener­gik reseptorlarının normal fəaliyyəti üçün vacibdir, bu reseptorlar siqnalın hüceyrə membranından ötürülməsinə cavabdehdir. Serotonin reseptorlarının birləşmək qabiliyyəti xolesterolun hippokamp hüceyrələrinin membranında azalması ilə düz mütənasiblik təşkil edir.
Serotonin “yaxşı əhvalın hormonu” adlanır və xolesterinin aşağı səviyyədə olması depressiya, aqressiv davranış və suisidə meylliliklə əlaqəlidir. Bu, yaşlı adamlarda daha qabarıq ifadə olunur. Gördüyümüz kimi xolesterin həyat üçün danılmaz əhəmiyyət daşıyır. Su, zülal, yağ, karbohidrat, vitaminlər və digər qida maddələri kimi xolesterin də orqanizm üçün zəruri maddədir. Orqanizmin bir sıra həyati vacib sisteminin normal fəaliyyəti xolesterinsiz mümkün deyil.

Bəs, “arteriyaların qatili”, “əsrin dəhşəti”, “bir nömrəli ictimai təhlükə” kimi ifadələr haradan yarandı?

 

Şübhəli nəzəriyyə
XX əsrin əvvəlində peterburqlu fizioloq N.A.Aniçkovun rəhbərliyi altında bir qrup rus alimi dovşanları heyvan mənşəli qida ilə bəsləyərək təcrübə aparırdı. Yırtıcı pəhrizdə bitki ilə qidalanan dovşanların ömrü uzun çəkmədi, yarılma göstərdi ki, ölümün səbəbi ürək damarlarının tıxanması olmuşdu. Koronar arte­riya divarlarındakı çöküntülərdə aşkar olunan piy, xolesterin və kalsium duz yığıntıları insan damarlarını zədələyən aterosklerotik düyünlərə bənzəyir (ateromatoz piləklər). Bu təcrübələr “xolesterin” nəzəriyyəsinin əsasını qoydu. Bu nəzəriyyəyə görə, aterosklerotik piləklərin yaranma səbəbi xolesterinin damar divarına hopmasıdır. Bu fikir dünya ictimaiyyətinin əqlinə hakim kəsildi, son dərəcə uzun ömürlü “qorxulu əhvalata” çevrildi, bəşəriyyət isə fədakarcasına antixolesterin yürüşünə qoşuldu. Nə idi bu psixoloji fəndin sirri?
“Ateroskleroz” termini yunan mənşəli – horra və σκληρος — bərk sözlərindən əmələ gəlir. Aterosklerozun xarakterik əlaməti – qan damarlarının daxili səthində əmələ gələn, damar divarını deformasiya edən, mənfəzini daraldan, orqan və toxumaların qan təchizatını pozan xolesterin piləklərin əmələ gəlməsidir. Xəstəliyin zahiri əlamətləri, yəni ağrılar və orqanların funksiyasının pozulması damarların artıq 75%-ə qədər tutulmasından sonra ifadə olunur.
Ateroskleroz – qan dövranı sisteminin əksər xəstəliklərinin əsasında dayanan prosesdir (işemiya, miokard infarktı, tromboz, beyin insultu, aşağı ətrafların qanqrenası). 1988-ci ildə ABŞ-da yaradılmış aterosklerozla mübarizəyə dair ümummilli proqram səxavətlə maliyyələşdirilir. Proq­rama xolesterin biokimyası və yağsız, duzsuz, xolesterinsiz “rasional amerikan pəhrizi”nə dair tədqiqatlar daxil edilib. Xolesterinsiz qidalanma həvəsi ABŞ-da az qala milli idman növünə çevrilsə də, fast-food müştərilərinin sayı azalmadı və amerikalılar yenə də dünyanın ən tosqun adamlarıdır.
Unutmaq lazım deyil ki, ÜST-nın nizamnaməsinə əsasən, “sağlamlıq təkcə xəstəliklərin və ya fiziki qüsurların olmaması deyil, həm də tam fiziki, mənəvi və sosial rifah vəziyyətidir”. Normal hormon sintezinin pozulması, xolesterin tərkibli təbii qidadan imtina edilməsi və hidrogenləşdirilmiş yağların istifadəsi bir çox hallarda piylənmənin yaranmasını əsaslandırır.

 

“Fransız paradoksu”
1970-ci illərin sonunda aşkar edilmiş maraqlı bir qanunauyğunluq “fransız paradoksu” adlandırılır. Ənənəvi olaraq yağlı, xolesterinlə zəngin qida ilə qidalanan fransızlar arasında başqa avropalılardan fərqli olaraq, ürək-damar xəstəlikləri xeyli az hallarda müşahidə olunurdu. Çox izah təklif olunsa da, heç biri hamı tərəfindən qəbul edilmədi.

 

“Pis” və “yaxşı”
Xolesterinin orqanizmdə sərbəst deyil, daim lipidlərlə birləşmiş halda olması aşkar olunduqdan sonra “pis” və “yaxşı” xolesterin terminləri yarandı. Lipoproteinlərin aterogenli­yi qismən hissəciklərin ölçüsündən asılıdır. Ən kiçik lipoproteidlər, misal üçün, YSLP (yüksək sıxlıqlı lipoproteidlər) damar divarına asanlıqla sirayət edir, amma asanlıqla da onu tərk edir və aterosklerotik pilək əmələ gətirmir. Buna görə də onlar “yaxşı” lipoproteinlər adlanır. YSLP, ASLP və ÇASLP-lər oksidləşərək damar divarına çökür. ASLP (aşağı sıxlıqlı lipoproteinlər) qanın ən aterogen lipoproteinləridir.


 255    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *