Bagla

Həkimdən soruş

Hekimden sorus







Gedeon Rixter – insan və şirkət (120-illiyə həsr olunur)

Macarıstanın “Gedeon Richter” əczaçılıq şirkəti Azərbaycanda hələ sovet vaxtlarından məşhurdur və onun preparatları bu günə qədər həm həkimlər, həm də pasiyentlər arasında populyardır. Şirkətin ixtiraları yüksək keyfiyyətinə, etibarlılığına, təhlükəsizliyinə və effektivliyinə görə daim tələbatlıdır. Axı, şirkət öz missiyasını dünyanın istənilən nöqtəsində insanların sağlamlığına xidmət etməkdə görür və şirkətin banisi, macar novator-alimi Gedeon Rixterin təməl prinsiplərinə ciddi riayət edir. Rixter hesab edirdi ki, xəstəlik sinfi və milli ayrı-seçkilik bilmir, tibb və əczaçılıq kimi elmlər hər kəsə kömək etməlidir.

 

Bu gün “Gedeon Richter” şirkəti Şərqi və Mərkəzi Avropada ən iri dərman isteh­salçılarından biri olan, 38 ölkədə, 29 nüma­yəndəlikdə, 38 ticarət filialında və topdan satış şirkətində mövcud olan multimilli əczaçılıq və biotexnoloji şirkətidir, məhsulları isə təxminən 100 ölkənin bazarında təqdim olunur.

 

“Gedeon Richter” effektivliyi və təhlükə­sizliyi sübuta yetirilmiş orijinal və generik preparatların, yüksək keyfiyyətli dərman vasitələrinin istehsalı və yayılması sahəsində ekspert olaraq dünyaca 9 istehsal və tədqiqat meydançasına sahiblik edir.
Hər şey kiçik bir aptekdən başladı…

 

1897-ci ildə gənc macar əczaçısı Gedeon Rixter aptek, laborator və dərman vasitələrinin zavod istehsalı işini öyrənmək üçün Avropa­ya yollanır. 1901-ci ildə vətənə dönəndən sonra Gedeon Rixter Budapeştdə bu gün də fəaliyyət göstərən “Şaş” (“Qartal”) aptekini alır, aptekin yanında əczaçılıq laboratoriyasını açır və heyvanların daxili sekresiya vəziləri ekstraktlarından hazırlanmış ilk orqanoterapevtik preparatların istehsalına başlayır. 1901-ci il yaradıcısının adını daşıyan şirkətin təməli qoyulduğu il, Gedeon Rixter özü isə macar əczaçılıq sənayesinin banisi hesab olunur.

 


Yarandığı andan “Gedeon Richter” şirkəti sürətlə inkişaf edir, ilk növbədə, ona görə ki, prioritet olaraq əczaçılıqda tamamilə yeni yön seçir və orqanoterapevtik preparatların işlənib hazırlanmasına başlayır. 1902-ci ildə o vaxta qədər heç kimin müvəffəq ola bilmədiyi yüksək saflaşdırma dərəcəli Tonogen adlı adrenalin buraxılır.
Tezliklə “Şaş” aptekinin və yanında yaradılmış əczaçılıq laboratoriyasının isteh­sal imkanları ölkə daxilində və xaricində sürətlə populyarlıq qazanan preparatlara olan tələbatın öhdəsindən gəlmir, iri müasir zavod və güclü elmi-tədiqat mərkəzi tikilir.

 

“Aptek zavodu” (yaxınlıqda yaşayanlar ad qoyduğu kimi) 1907-ci ildə preparatların istehsalına başlayır. Bu o vaxtlar idi ki, Gedeon Rixter qarşısına üç məqsəd qoymuşdur:
– Tibb müəssisələrinin xəstəliklərin müalicəsi üçün nəzərdə tutulmuş məhsul kimi qəbul etdiyi farmasevtik preparatları bazara çıxarmaq;
– Həmin məhsulu yüksək dəqiqliklə istehsal etmək və nəticələri daim təkmilləşdirmək;
– Eyni fəaliyyət növü ilə məşğul olan iri xarici şirkətlərlə uğurlu rəqabət aparmaq.

 

Beləliklə, Gedeon Rixter insanlara şəfa vermək istəyini rəhbər tutaraq bu məqsədə çatmaq üçün yüksək keyfiyyətli effektiv farmakoloji preparatların istehsalında bütün səylərini əsirgəmir, uğurlu və yüksək rəqabət qabiliyyətini inkişaf etdirməkdə irəliləyirdi.

 

Yeni baza fəaliyyət sahəsini genişləndirmək imkanları yaradır. Rixter biokimyəvi və sintetik preparatların istehsalına başlayır. Birinci dünya müharibəsi ərəfəsində şirkət 28 preparat patentinin sahibi idi. 20-ci illərdə isteh­sal olunan preparatların çeşidi 100-dən çox adda dərman vasitələrindən ibarət idi.

 

Gedeon Rixterin karyerası zirvədə olarkən məhsulları bir neçə nüfuzlu beynəlxalq mükafatlara layiq görülür. 1920-ci ildən müharibə başlayana qədər şirkət beynəlxalq sərgilərdə 12 qızıl medal qazanır.

 


1930-cu il üçün “Gedeon Richter”in 10 yaxın törəmə müəssisəsi yaradılır, o cümlədən Böyük Britaniyada, Meksikada, İtaliyada, həmçinin San-Paulu, Zaqreb və Varşavada. Şirkət həmin məqamda ölkənin ən mühüm xarici ticarət müəssisələrindən birinə çevrilir. 40-cı illərin əvvəlində şirkətin patentləşdirdiyi preparatların sayı 150-ə çatır.

Lakin 10 ildən az bir müddətdə, 1938-ci ildə Macarıstandakı siyasi vəziyyət kökündən dəyişir, daha sonra İkinci Dünya müharibəsi başlayır, görkəmli alim, istedadlı iş adamı və ləyaqətli insanın uğurlu fəaliyyəti və ömür yolu yarımçıq kəsilir… Gedeonun həyatı 1944-cü ildə, faşistlərin əlindən faciəli şəkildə bitir. 1944-cü ilin dekabr günlərinin birində 72 yaşlı Gedeon Rixter digər məhbuslarla birlikdə Dunay çayının kənarında güllələnir, cəsədi çaya tullanılır.

 

Gedeon Rixterin nəşi tapılmır, amma kiçik İsveçrə şəhəri Luqanodakı Rixterlərin ailə məqbərəsində onun simvolik qəbirüstü daşı qoyulub. Onun üzərindəki epitafiya xidmətlərinin xəracıdır: “O, fəzilətin dəyərini bilən əsl insan idi. O, yenilməz bir qurum yaradıb və adını yaratdığına əbədi olaraq həkk edib”.

 

Müasirlərinin dediyinə görə, Gedeon Rixter təmkinli, sadə və əməksevər adam olub. Simasında görünən dəcəl təbəssüm yumor hissinin təzahürü idi, hər kəsə münasibəti isə dərin insanlığa bağlanırdı. Onun həyat amalı şirkətinin daim inkişaf etməsi və təkmilləşdirilməsi idi, kredosu isə “Öyrən, dəyərləndir, tətbiq et” idi.


 4140    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *