Bagla

Həkimdən soruş

Hekimden sorus







Görmə haqqında 10 maraqlı fakt

Görmə bizim dünyadan məlumat almağımız üçün əsas mənbəyimizdir və bu məlumatı mənimsəyib beyinə ötürən nadir alət insan gözüdür.

 

1. İnsan gözü orta hesabla 10 milyona yaxın rəng çalarını seçə bilir
Müxtəlif rəngləri seçən gözlərimizdəki iki növ fotoreseptordur: çubuqlar və kolbacıqlar. Birincilər toranlıq və periferik görməyə, ikincilər rəngli görməyə cavabdehdir. Çubuqların sayı kolbacıqlardan xeyli artıqdır (110-125 milyon və 4-7 milyon müvafiq olaraq). Gözümüzün seçə bildiyi 10 milyon rəng heç də son hədd deyil, bu say üç növ kolbacıqlarla müəyyən edilir ki, onların hər biri müəyyən dalğa uzunluqlu işığa reaksiya verir. Bəzi genetik mutasiya səbəbindən bəzi qadınlarda dördüncü növ kolbacıq əmələ gəlir, belə adamlar daha çox rəng çaları seçə bilir. Bəzi quşlarda (göyərçinlərdə) və həşəratlarda (kəpənəklərdə) beş və daha artıq reseptor mövcuddur, onlar insanlar­dan daha çox rəng seçə bilər.

 

2. 576 meqapiksel
Göz rəqəmsal fotokamera olsaydı, matrisası 576 meqapiksel görüntü imkanına malik olardı. Təbii ki, insan gözü fotoaparatdan dəfələrlə mürəkkəb quruluşa malikdir. Hesablanıb ki, görmə sahəsi 120 dərəcə bucaq altında gözün görüntü imkanı 576Mp təşkil edir. Əslində isə, gözümüzün görmə sahəsi 180 dərəcəyə yaxındır ki, bu da onlara daha çox meqapiksel “bəxş edir”.

 

3. Eigengrau – əsl boz
XIX əsrin sonunda psixoloq Corc Ledd çox adamın tam qaranlıqda gördüyü bərabər tünd-boz rəngi ifadə edən Eigengrau terminini təklif etmişdir. Alman dilindən “özəl, əsl boz” kimi tərcümə olunan tərif indi demək olar ki, istifadə olunmur, bu hal “fona uyğunlaşma” adlanır. İşıq fotonları tamamilə olmadan gözün rəng seçmək qabiliyyətinin səbəbi görmə piqmenti rodopsinin izomerizasiyası hesab olunur.

 

4.Torlu qişanın skanlaşdırılması şəxsiyyətin tanınması üçün daktiloskopiyadan daha etibarlı üsuldur
Gözün torlu qişası sinir hüceyrələrindən ibarət olan nazik toxumadır. Onu qanla təchiz edən kapilyarların mürəkkəb strukturu hər bir kəsin gözünün torlu qişasını unikal edir, hətta identik əkizlərin göz şəkili eyni deyil. Baxmayaraq ki, diabet, qlaukoma və ya torlu qişanın öz xəstəlikləri bu şəkili dəyişə bilər, adətən, torlu qişanın fərdi təsviri doğulandan ölənə qədər dəyişməz qalır, ona görə də torlu qişanın skanlaşdırılması şəxsiyyətin identifikasiyası üçün ən dəqiq və etibarlı üsullardan biridir.

 

5. Beyin əsas görmə orqanıdır
Gözümüz kamera kimi işləyir: işığı toplayıb məlumatı beyinə ötürür, alınmış təsvir orada təhlil olunur. Bu zaman torlu qişanın üzərində çevrilmiş təsvir formalaşır, beyin onu daha yaxşı mənimsəmək üçün tərsinə çevirir. Aparılmış təcrübədə iştirakçılar gözün aldığı təsviri tərsinə çevirən eynəklər taxırdı. Bir müddətdən sonra beyin uyğunlaşırdı və təcrübənin iştirakçıları hətta eynəklə də normal görüntü alırdı. Amma prizmatik eynəklər çıxarılan kimi beyin “tərsinə” təsvir verirdi.
Gözlərin aldığı təsvir ilə məhz beynin işlədiyinin daha bir sübutu odur ki, dərin depressiya zamanı görmə kontrastı zəifləyir, yəni rəng çalarları solur.

 

6. Daltonizm – kişi problemidir
Daltonizm, yəni irsən və ya qazanılmış şəkildə bir və ya bir neçə rəngi seçməmək xüsusiyyəti bir patologiya kimi kişilərdə qadınlardan xeyli çox rast gəlinir. Səbəb X-xromosomunda gen mutasiyasıdır.
Kişilərin yalnız bir X-xromosomu var, qadınların isə – iki, odur ki, hətta qadının bir X-xromosomu qüsurlu olsa da, bu onun rəng qavrayışına təsir etməyəcək. Çox vaxt (95 % hallarda) daltonizmdən əziyyət çəkən adamlar qırmızı və yaşıl rəngləri seçmir, göy rəngi seçməmək nadir hallarda rast gəlinir.

 

7. Göz yaşları fərqli olur
Göz yaşının tərkibi onu törədən səbəbdən asılı olaraq dəyişir, yəni yaşanan emosiyaların göz yaşı selikli qişanın qıcıqlanmasından əmələ gələn göz yaşlarından fərqlənir (tozdan, allergiya­dan ya soğandan). “Emosional” göz yaşlarında zülal əsaslı hormonlar daha çoxdur: prolaktin, adrenokortikotrop hormon, leysin-enkefalin. Sonuncu ağrını azalda bilən endorfinlərə, “xoşbəxtlik hormonlarına” aiddir. Alimlər hesab edir ki, emosional göz yaşları insanın vəziyyətini yüngülləşdirir, onu sakitləşdirir.

 

8. Gözün kor sahəsi
Hər bir sağlam gözün kor ləkəsi var, yəni torlu qişada işığı qavramayan sahəsi. Biz bu ləkələri duymuruq, çünki onlar müxtəlif gözlərdə müxtəlif yerlərdədir, beyin də təsvirə “düzəliş” edərək həmin boşluqları doldurur. Kor ləkəni alətsiz də, xüsusi üsullarla aşkar etmək mümkündür.

 

9. Heteroxromiya – fərqli rəngli gözlər
Quzehli qişanın rəngi (eləcə də, saç və dərinin) melanin piqmentinin qatılığından asılıdır. Bəzən sağ və sol gözün rəngi tam ya qismən fərqlənir. Bu anomaliya heteroxromiya adlanır, anadangəlmə və ya qazanılmış olur, xəstəlik ya travma nəticəsində əmələ gəlir.
İnsanlar arasında nadir hallarda, daha çox pişiklərdə və itlərdə rast gəlinir: türk vanlarında, türk anqorlarında, sibir xaskilərində, avstraliyalı qoyun itlərində (ovçarka kimi tanınır). Tam hetero­xromiya halları atlarda, inəklərdə və öküzlərdə qeydə alınıb.

 

10. 20/20/20 qaydası
Hamı bilir ki, kompüter arxasında çox işləyərkən gözlər yorulur: parlaq displeyə baxırıq, gözümüzü az qırpırıq, selikli qişa quruyur və həssaslığı artır. Elektron ekran qarşısında işləmək zərurətdirsə (PK, planşet, televizor, vacib deyil), 20/20/20 qaydasını unutmayın. Belə ki, hər 20 dəqiqədən bir işdən ayrılıb ən azı 20 saniyəlik fasilə edin və 20 futdan yaxın olmayan (6 metr) əşyalara baxın.


 1172    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *