Bagla

Həkimdən soruş

Hekimden sorus







TATUAJ

Bədənin hər hansı bir yerinə naxış, yazı və ya şəklin əks etdirilməsinə döymə (xalq arasında nakolka, tatuirovka kimi də tanınır) deyilir. Tatui­rovka zamanı iynə və bənzəri şeyləri qana çatacaq qədər dəriyə batırırlar. Dəri altındakı iynənin açdığı yerə boya, mürəkkəb, tuş, xına və sair şeylər axıdılır. Bunlar dəri altında quruduqdan sonra bir daha çıxmayacaq şəkildə rəngli izlər buraxır.
Statistikaya görə, tatuirovka etdirənlərin 80%-i 5 ildən sonra bu döymədən bezərək, onu sildirməyə çalışırlar.

Qədim Çində yaranaraq dünyaya yayılan tatu­aj sənətinin 6 min illik tariхi var. İlkin vaxtlarda tatudan bir-birilərini tanımaq üçün işarələmək məqsədilə istifadə edirdilər. Sonralar tatunu nüfuz, şan-şöhrət üçün etdirməyə başladılar. Həmin dövrdə tatuirovka etdirməklə həm də özlərini pis ruhlardan, xəstəliklərdən, cadulardan qoruduqlarına inanırdılar. Müasir dövrdə isə tatui­rovkaya estetik gözəlliyinə görə müraciət edirlər. Eyni zamanda tatuirovka etdirənlər bununla digər insanlardan fərqlənməyə çalışırlar. Tatu yeniyetmələr arasında diqqət çəkmək, özünü sübut etmək istəyinin təzahürü kimi də ortaya çıxa bilər.

 

ESTETİK GÖZƏLLİK, YOXSA…
Azərbaycanda tatuirovka etdirənlər çox vaxt güc­lü cinsin nümayəndələri olur. Kişilər arasında qol və kürək hissəyə döymə etdirmək daha çox yayılıb. Tatuirovka etdirənlərin əksəriyyəti ilan, əqrəb və əjdaha kimi heyvanlara üstünlük verirlər. Ad və ya hər hansı bir hərfin döydürülməsi də kişilər arasında çox yayılıb.
İnsan bədəninin elə yerləri var ki, orada döymə işlərinin həyata keçiril­məsi təhlükəlidir. Əsasən, boğazdan yuxarı hissədə tatuirovka etməmək üstün tutulur. Çünki insan orqanizminin həmin hissəsi çox həssas zonadır. Eyni zamanda bədəndə elə nahiyələr var ki, orada işləmələr elə də effektli alınmır və estetik baxımdan zəif görünürlər. Tatu edilən bölgədə piylənmə (göbək, boyun, baldır) prosesi gedərsə, tatu estetik baxımdan öz gözəlliyini itirər. Bədən inkişafının tam başa çatmadığı yetkinlik dövründə də tatu etdirmək sonradan o qədər də xoş olmayan görüntünün ortaya çıxmasına səbəb olur. Çünki həmin yeniyetmənin böyüməsi ilə əlaqədar olaraq dəri üzərindəki rəsm dəyişikliyə uğrayır.

 

TATU VƏ SAĞLAMLIQ
Tatuirovka prosesi infeksiyalı xəstəliklər yarada bilər. Statistikaya görə, infeksiyalı iynə ilə 22 xəstəliyə düçar olmaq mümkündür. Hətta bu yolla QİÇS, Hepatit C kimi ağır xəstəliklərə yoluxmaq riski də çoxdur. Ona görə də əməliyyatdan öncə istifadə ediləcək alətlər lazımi şəkildə sterilizə edilməlidir. Tatu etdirərkən və ya bu əməliyyat başlamazdan əvvəl alkoqolun qəbulu da qadağandır. Çünki proses zamanı sulu və çəhrayı rəngə çalan qan axır. Alkoqol qəbul etdikdə isə qan dövranı sürətləndiyindən, qanaxma baş verə və dəriyə yeridilən boya geriyə axa bilər.
Tatunu çox vaxt yay aylarında etdirirlər. Çünki bu zaman döyməni başqalarına da nümayiş etdirmək imkanları olur. Ancaq döymə etdirmək üçün ən gözəl vaxt oktyabrdan marta qədər olan müddətdir.
Tatuirovka etdirdikdən sonra həmin nahiyəyə xüsusi qulluq göstərmək vacibdir. Döymə edilən nahiyəyə ən az 3 gün su vurmaq olmaz. İlkin vaxtlar həmin nahiyədə qaşınma, narahatlıq hissləri ola bilər. Bir ay boyunca tatu edilən nahiyənin gün işığının təsirinə məruz qalmamasına diqqət yetirmək lazımdır. Çünki bu rənginin solmasına və hələ tam sağalmamış dərinin zədələnməsinə səbəb ola bilər. Anadangəlmə və ya sonradan yaranan bəzi ləkələrin üzərinə tatuirovka etdirməzdən əvvəl mütləq dermatoloqla məsləhətləşmək lazımdır.

 

TATUİROVKANIN SİLİNMƏSİ
Tatuirovka etdirərkən onun bir ömür boyu sizin bədəninizdə qalacağını unutmayın. Çünki döyməni sildirmək onu etdirməkdən daha ağrılı və çətindir. Hazırda lazerlə tatunun silinməsi geniş yayılsa da, bu istənilən nəticəni vermir. Bəzi hallarda isə tatu­dan cərrahi müda­xilə yolu ilə – həmin nahiyədəki dərini götürməklə – qurtulmaq olur. Rəsm çox böyük olduqda isə bu daha da çətinlik yaradır. Tatunun silin­məsinə rəng amili də böyük təsir göstərir. Tünd və qara rəngli döymənin sildirilməsi prosesi daha asan keçir. Qırmızı, yaşıl, sarı rəngli tatuları isə sildirmək problem olur. O qədər də dərinə yeridilməyən tatuları çıxarmaq da nisbətən asan olur. Ancaq şəkil dərinin daha dərin qatlarına işlənibsə, lazer şüalarının onu çıxarması çətinləşir. Tatu edilməsi üçün soyuq aylar daha məsləhətli olduğu kimi, onun silinməsi pro­sesinin də payız və qış fəsillərində keçirilməsi məqsədəuyğundur. Silinmə zamanı lazer şüalarının təsirinə məruz qalan dərinin bir neçə ay gün işığı görməməsi məsləhətdir. 3-4 seansa tatunun silinməsinə nail olmaq mümkündür.
Hər bir halda döymə etdirməzdən əvvəl yaxşı fikirləşmək, tələsik qərar verməmək lazımdır. Xüsusən də, yeniyetməlik çağlarında olanların qərarsızlıqları, eyni zamanda bədənlərinin fizioloji dəyişikliklərinin hələ tamamlanmaması onların döymə etdirməsinin o qədər də düzgün qərar olmadığını göstərir.


 335    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *