Bagla

Həkimdən soruş

Hekimden sorus







İlk yardım zamanı yol verilən 10 xəta

Kiminsə başına hadisə gələndə, insanlar kömə­yə tələsir. Amma bu xeyirxah samaritanlar nə qədər yaxşılıq etməyə çalışsa da, fədakarlıq, cəsarət göstərsə də, ilk tibbi yardım qaydalarını bilmədikdə zərərçəkmişə daha böyük zərər vura bilərlər. Odur ki, ən çox yol verilən və təhlükə daşıyan bu 10 xətanı və əslində nə etmək lazım olduğunu bilmək vacibdir.

 

1. Burun qanaxması vaxtı başı arxaya qatlamaq
Burun qanaxmasının səbəbləri müxtəlifdir, çünki burun boşluğundakı qan damarları bir çox qıcıqlandırıcıya, o cümlədən quru havaya və sizin barmaqlarınıza qarşı həssasdır. Bəzi hallarda qanaxmanın səbəbi sağlamlıqla bağlı problemlər ola bilər, odur ki, həkimlə məsləhətləşməyə dəyər. Lakin səbəbindən asılı olmayaraq, əvvəllər həmişə qanaxmanı dayandırmaq üçün başı arxaya qatla­maq tövsiyə olunurdu. Bu yanlış fikri unutmağın vaxtıdır! Bunu edən zaman bütün qan boğazınıza axır və siz onu ya udmalı, ya tüpürməlisiz.
Yaxşı olar ki, burunüstünü 20 dəqiqəlik sıxıb saxlayasız. Hə, ağızla nəfəs almalı olacaqsız, amma buna müqabil qanaxma tezliklə kəsiləcək.

 

2. Huşunu itirmiş adamı oturtmağa cəhd göstərmək
İnsan huşunu itirəndə bizim ilk reaksiyamız ona oturmağa kömək etməkdir, xüsusən, silkələyib oyatmaq cəhdləri nəticə vermirsə.
İlk növbədə, onun tənəffüsünü və nəbzini yoxlamalısız. Bu göstəricilər normaldırsa, adamı uzanıqlı vəziyyətdə saxlayın, amma ayaqlarını yerdən 30sm hündürlüyə qaldırın. Yaxasını açın, kəmərini boşaldın, qoy sərbəst nəfəs alsın.
Özünə gələndən sonra onu qaldırmağa tələsməyin, çünki təkrar bayıla bilər.

 

3. Gərilmiş yerin ya sınığın üstünə isti kompres qoymaq
Əslində, zədələnmiş yerin üzərinə buz qoymaq gərəkdir, isti kompres xroniki ağrılar mütəmadi bel ağrıları üçündür. Sınıq və gərilmə hallarında isə kompres zədələnmiş yerə qan axınını gücləndirir və mayenin xaric olunmasını ləngidir. Buz isə şişkinliyi və əzələ spazmını azaldır. Buz kompresi həmişə parçaya bükülməli və ən azı 20 dəqiqə saxlanılmalıdır.

 

4. Qırıntıları yaradan təkbaşına çıxarmaq
Ayağınıza şüşə batıbsa, ilk reaksiyanız dərhal qırıntıları çıxarmaq olur. Amma bunu qeyri-steril alətlə etsəniz, yaxud yara güman etdiyinizdən dərindirsə, özünüzə xeyirdən çox zərər yetirəcəksiz. Odur ki, əvvəlcə əmin olun ki, alətiniz sterildir. Ən yaxşısı isə peşəkarlara üz tutun.
Qırıntı gözünüzə düşübsə, onu yumun, tənziflə örtün və xəstəxanaya yollanın.

 

5. Yanığı çox tez işləmək
Yanıq vaxtı ən əvvəl yanmış yeri soyuq axar su altına tuturuq. Ən böyük səhvimiz də odur ki, bunu cəmi bir neçə saniyə və ya (nadir hallarda) bir-iki dəqiqəlik edirik.
Əslində isə, yanıq ən azı 20 dəqiqə soyuq su altında saxlanılmalıdır. Belə ki, yanığa səbəb olmuş istilik bir neçə dəri qatına sirayət edir, odur ki, biz təkcə səthi qatı soyutduqca istilik daxilə işləməyə davam edir. Məhz buna görə yanmış yeri mümkün qədər çox soyuq su altında saxlayın.

 

6. Boğazda yad cisim qalan kimi dərhal Heymlix üsulunu tətbiq etmək
Ətrafınızda kiminsə boğazında şey qalıb boğulursa, Qırmızı Xaç dərhal Heymlix üsulunu tövsiyə etmir.
Əslində, boğulanın arxasına keçib onu irəli əymək və ovucunuzun aşağısı ilə kürəyini 5 qısa zərbə ilə döyəcləmək lazımdır. Yalnız nəticə almadıqda Heymlix üsulu tətbiq olunur. Boğulanı tənəffüs yollarındakı yad cisimdən azad etmək üçün yuxarı qarın hissəsindən sıxıb yuxarı 5 sürətli təkan etmək lazımdır.

 

7. Epileptik tutma vaxtı adamın ağız boşluğuna əşya salmaq
Epileptik tutma vəziyyətində olan şəxsi görən adamlar çalışır ki, onun ağzına əşya salıb dili­ni dişləməyə qoymasınlar. Əslində, bu cəhd həm xəstənin, həm yardım göstərənin özü üçün təhlükəlidir.
Digər bir səhv xəstənin hərəkətlərini məhdudlaşdırmaq cəhdidir. Əslində, tənəffüs yollarını azad etmək üçün onu böyür üstə çevirmək lazımdır. Əmin olmaq lazımdır ki, ətrafda zərərçəkmişi yaralaya biləcək iti əşyalar yoxdur. Tutmaların çoxu 5 dəqiqədən çox çəkmir, amma 5 dəqiqədən sonra xəstənin vəziyyəti düzəlmirsə, yardım çağırın.

 

8. Ürək tutması keçirənlərə süni tənəffüs etmək
Ürək tutması keçirən adam görən kimi, bir saniyə itirmədən təcili yardım çağırın. Sonra qapalı ürək masajına başlayın. Ürək masajı zərərçəkmişin sağ qalma şansını iki, hətta üç dəfə artırır. Hətta adamın nəbzi əllənmirsə və tənəffüsü yoxdursa, qapalı ürək masajı sayəsində orqanizmdə dövr edəcək kifayət qədər oksigen var. Çoxları düşünür ki, ağızdan-ağıza üsulu ilə süni tənəffüs masajdan vacibdir. Amerika Ürək Assosiasiyası məlumatlarına əsasən, bu düzgün yanaşma deyil.

 

9. Anlamadığınızı etmək
Xeyirxah samaritanlar bütün təcili hallarda köməyə atılır. Amma tutaq ki, Heymlix üsulu­nu və ya qapalı ürək masajını bacarmırsınızsa, xeyirdən çox zərər vurarsız. Belə ki, qapalı ürək masajına başlayırsız, amma bilmirsiz ki, bu zaman tənəffüs yollarını açmaq üçün zərərçəkmişin başını arxaya əymək lazımdır. Odur ki, atacağınız ilk addım təcili yardıma zəng edib peşəkarların məsləhətini dinləməkdir.

 

10. Qanayan yaraya turna qoymaq
Bəli, turna qanaxmanı dayandıra bilər, amma bu bütün yaralar üçün universal yardım deyil. Yara zərərçəkmişin qolunda ya qıçındadırsa, sıx turna zədə yerinə qan gəlməsini dayandıra bilər, toxumalar oksigen aclığına məruz qalar, vəziyyət amputasiya ilə nəticələnə bilər. Odur ki, turna göstərəcəyiniz sonuncu yardımdır.
Artıq bilirsiz ki, əvvəlcə təcili yardım çağırırsız, tibb işçiləri gələnə qədərsə qanayan yaranı əllərinizlə sıxın. Ən yaxşısı, bakteriyalar əlinizdən açıq yaraya keçməsin deyə yaranın üzərinə steril tənzif salfet qoyun.
Bu üsul, hətta güclü arterial və ya venoz qanaxmanın qarşısını ala bilər. Qanı dayandırmaq mümkün oldusa, dərhal sıx sarğı qoyun.
Turna yalnız o halda istifadə olunur ki, bütün əvvəlki səylərdən sonra güclü qanaxma davam edir. Amma o vaxta qədər tibb işçiləri özünü yetirməlidir.


 996    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *