Bagla

Həkimdən soruş

Hekimden sorus







Kamran Beydullayev: “Əsas problem ondan ibarətdir ki, hepatit C ilə yaşayan insanların əksəriyyəti bundan xəbərsizdir”.

 

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, yoluxucu qaraciyər xəstəliyi hər il bir milyon yarım insanın həyatına son qoyur. Virus hepatitlərinin diaqnostikası, müalicəsi və profilaktikası problemi XXI əsrdə də aktual olaraq qalır.

 

İyul ayının 28-i bütün dünyada Ümumdünya Hepatitlə Mübarizə Günü kimi qeyd olunur. Ümumdünya Hepatitlə Mübarizə Gününün məqsədi  dünya həkimlərini hepatit viruslarına qarşı mübarizə səylərini gücləndirməyə çağırır. Həmin gün əsas diqqət hepatitin müxtəlif formaları barədə maarifləndirmənin gücləndirilməsinə yönəldilir.

 

Bu münasibətlə hazırda virus hepatitlərinin profilaktikası və müalicəsinin mövcud yolları barədə məlumat almaq üçün Mərkəzi Gömrük Hospitalının ümumi cərrahı, transplantoloq Dr.Kamran Beydullayevə müraciət etdik.

 

 

– Kamran həkim, ilk növbədə, hepatit haqqında məlumat verməyinizi xahiş edirəm.

– Hepatit əsasən qaraciyəri məhv edən və  bütövlükdə orqanizmə mənfi təsir göstərən virus xəstəliyidir. Qaraciyər bədənimizdə çox vacib bir orqandır və viruslu hepatit yalnız qaraciyərə təsir etmir, o, həm də insanın bütün həyatını məhv edə bilər. Bu, ümumi qaraciyər sağlamlığınıza diqqət yetirməyin vacib olduğunu göstərir. Yəni, viruslu hepatitlərin qarşısının alınması, diaqnostikası və müalicəsi ilə yanaşı, qaraciyərə də diqqət yetirmək lazımdır – spirtli içkilər istehlakının miqdarını azaltmaq, siqaretdən imtina etmək, arıqlamaq və arterial hipertoniya və şəkərli diabet kimi digər qeyri-infeksion xəstəliklərin müalicəsi ilə vaxtında məşğul olmaq məsləhətdir. Yəni qaraciyərin sağlamlığına daha kompleks yanaşmaq lazımdır.

 

– Hepatitin əlamətləri hansılardır? İnsan xəstə olduğunu necə başa düşə bilər?

– Hepatiti olan insanların təxminən 80%-i xroniki hepatiti olduğunun fərqinə belə varmır. Əvvəlcə heç bir aşkar əlamətlər olmur – kimsə özünü yorğun hiss edə bilər, lakin bu, indiki vaxtda o qədər adi bir şeydir ki, insanlar bunu hər hansı bir xəstəliyə aid etməkdənsə, çox vaxt həddindən artıq işləmək ilə əlaqələndirirlər. Hepatit də oynaqlarda ağrı, qaraciyər nahiyəsində narahatlıq və s. yarada bilir.

 

Baxın, müayinə zamanı xəstənin qaraciyər testləri mükəmməl ola bilər, lakin o, qan verməyi planlaşdırır və nəticədə hepatit diaqnozu qoyulur. Bu vəziyyətdə xəstəlik o qədər də aktiv şəkildə özünü göstərmir, ancaq “yatmış” bir formada olur.

 

Qaraciyərin zədələnmə faizi genetikadan asılıdır. Hepatitli biri 20 il yaşaya bilər və qaraciyəri mükəmməl vəziyyətdə olacaq, digəri isə 10 ildən sonra sirroz xəstəliyinə tutulacaq. Təəssüf ki, bunu proqnozlaşdırmaq mümkün deyil.

 

Onu da qeyd edim ki, hepatit xəstələrində olan əlamətlər digər xəstəliklərdə olan əlamətlərlə oxşardır. Ona görə də, bəzən səbəbsiz olaraq bədən temperaturunun yüksəlməsi, dərinin saralması, qaraciyərin böyüməsi insanları dərhal həkimə müraciət etmək üçün bir siqnal olmalıdır. Sarılıq hepatitin ən çox müşahidə edilən əlamətidir.  Lakin sarılıq olmadan da müayinələr zamanı bu xəstəlik aşkarlanır. Bəzən hər hansı müayinə, analiz verilərkən pasiyentdə özünün də xəbəri olmayan hepatit virusu aşkarlanır.

 

– Hepatitin növləri barədə nə deyə bilərsiniz? Hər biri haqqında qısaca məlumat verə bilərsiz?

– Dünyada hepatitin 5 növü – A, B, C, D və E mövcuddur. Onlar bir-birindən xəstəliyin ötürülməsi yolları ilə fərqlənir. Hepatit A və hepatit E qida infeksiyası sayılır və yuyulmamış meyvələr, çirkli əllərlə digər insanlara ötürülür. Heç vaxt səyahət edərkən qatarlarda, otellərdə və ya kirayə evlərdə krandan gələn suyu, su hövzələrində, çaylarda, bulaqlarda axan suları içməyin. Meyvə və tərəvəzləri yalnız yuduqdan sonra istifadə edin. Hepatit A şəxsi gigiyenanın pozulduğu zaman və ya meyvə-tərəvəzləri yuyulmadan istifadə etdikdə, həmçinin, təmiz olmayan su vasitəsilə ötürülür və heç vaxt xroniki formaya keçmir və bütün hallarda sağalır.

 

Qanla yoluxan hepatit B və C növlərinin müalicəsi daha çətindir. Digər hepatitlərdə olduğu kimi, hepatit C də həm parental-venadaxili infuziya yolu ilə,  transplasentar – anadan körpəyə yoluxma yolu ilə keçə bilər.

 

Hepatit  B, C və D isə qan vasitəsilə ötürülən infeksiyadır.

 

“Səssiz qatil” adlandırılan hepatit C xəstəliyi uzun müddət orqanizmdə qalır və sonradan ciddi fəsadlara səbəb olur. Əvvəlcə fəal başlayan xəstəlik əksər hallarda səssiz və lal gedişi ilə müşahidə edilir. Aktiv hepatit C keçirən xəstələrin 15-20 faizi tamamilə normal vəziyyətə qayıtsa da, xəstələrin çoxunda hepatit C virusu qandan təmizlənmir və xroniki hala çevrilir, lakin heç də bütün hallarda sirroza keçmir. Ancaq onların təxminən 20 faizində qaraciyər sirrozu və ilk infeksiyadan 30-40 il sonra, hətta 40 yaşdan yuxarı xəstələrdə hepatit C mənşəli xərçəngə çevrilir.

 

Qida və heyvanlar vasitəsilə ötürülə bilən Hepatit E də var. Həm pişiklər, həm də itlərdən ötürülə bilər. Əgər pişiyiniz vaxtaşırı gəzintiyə çıxırsa və onun bir neçə gündür qusduğunu görsəniz, ev heyvanınızın qaraciyər parametrlərini yoxlamaq üçün baytarınızla əlaqə saxlamaq daha yaxşıdır. Əgər baytar hepatitdən şübhələnərsə, pişik hepatit E üçün test edilməlidir. Və bu cür hepatiti pişiyinizdən ala bilərsiniz. Nadir hallarda olsa da, bu baş verir.

 

– Hepatitlərə yoluxmamaq üçün nə etmək lazımdır?

– Hepatitlərə yoluxma çox vaxt gözəllik salonlarında, tatu edilərkən, bədənin hər hansı nahiyəsində pirsinqlər (qulaqda, burunda, göbəkdə və s. dəliklərin açılması), stomatoloqların iş kabinetlərində baş verir. Xəstəliyə yoluxmamaq üçün steril şpris və iynələrdən, tatuaj və pirsinq zamanı birdəfəlik iynə və əlcəklərdən, dezinfeksiya olunmuş alətlərdən, şəxsi gigiyena vasitələrindən fərdi qaydada istifadə etmək lazımdır.

 

B, C və D hepatitləri əsasən qanla digər şəxslərə ötürülür. Bu, qeyri-steril tibb alətləri vasitəsilə baş verir.  B hepatiti anadan uşağa asanlıqla keçə bilir.

 

Ona görə də, hepatitin profilaktikası metodları, hər şeydən əvvəl, doğulandan 60 yaşa qədər gigiyena qaydalarına riayət etməkdir. B və C hepatitləri fərdi gigiyena qaydalarına riayət etmədikdə, dişlərin gigiyenasına, üz və yuyunma dəsmallarının təmizliyinə riayət etmədikdə asanlıqla bir şəxsdən digərinə ötürülür. Çox vaxt qaraciyər sirrozu və ya qaraciyər xərçəngi yaradır.

 

– Son vaxtlar hepatitin müalicəsində irəliləyiş varmı?

– Son on ildə biz hepatit B və C-nin müalicəsi baxımından çox sürətli irəliləyişlərin şahidi olduq. Xüsusilə, Hepatit C hazırda 95 faizdən çox hallarda tam müalicə oluna bilən yeganə xroniki virus infeksiyasıdır. Demək olar ki, hazırda mövcud olan yeni dərmanlar, birbaşa təsir göstərən virusa qarşı dərmanlarla cəmi 12 həftə ərzində tam sağalmağa nail olmaq olar. Bu, bizə hepatit C-ni tam məhv etməyə imkan verir.

 

Bu nailiyyətlərə baxmayaraq, əsas problem ondan ibarətdir ki, hepatit C ilə yaşayan insanların əksəriyyəti bu barədə bilmir, ona görə də insanların hepatitlər haqqında məlumatlılığının, diaqnostika və müalicə imkanlarının artırılması vacibdir.

 

– Kamran həkim, hepatitlərin müalicəsi varmı? Bu xəstəlikdən tam sağalmaq mümkündürmü?

– Əlbəttə ki, virus hepatitlərinin profilaktikasının əsas yolu  vaksinasiyadır. Hazırda dünyada vaksinasiyanın iki növü mövcuddur: virus hepatiti A və virus hepatiti B-yə qarşı olan vaksinlər. B virus hepatitinə qarşı vaksinasiya peyvəndlər təqviminə daxil edilir və insanları vaxtında peyvəndlərə dəvət edir.

 

Hepatit, virusa qarşı müalicə ilə aradan qaldırılır. Xəstəlikdən şübhələndikdə dərhal infeksionistə müraciət etmək lazımdır. Hepatitin profilaktikası üçün vaksinasiya mütləqdir. Yenidoğulmuşlara ilk vaksinlər elə doğum evlərində vurulur, sonradan isə 55 yaşa qədər vaksinasiya üçün tibb müəssisələrinə müraciət etmək lazımdır.

 

Vaxtında həkim müdaxiləsi olmazsa, müalicə alınmazsa, yeganə yol olan qaraciyərin transplantasiyasına qərar verilir.

 

– Maraqlı müsahibə üçün təşəkkür edirik.

 

Müsahibəni apardı: 

Dilarə Zamanova

Mərkəzi Gömrük Hospitalının PR mütəxəssisi

 


 224    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *