Bagla

Həkimdən soruş

Hekimden sorus







Kim sevirsə, idmanı….

İdmanla məşğul olan uşağın əzələləri və daxili orqanları proporsional şəkildə formalaşır.
Şəxsiyyətin hərtərəfli inkişafında, tərbiyə olunmasında idmanın unikal imkanları barədə hələ dahi yunan alimləri – filosoflar Sokrat, Platon, Aristotel və s. qeydlər edib­lər. Onlar əsərlərində mənəvi və fiziki kamilliyin harmonik vəhdətindən danışıblar.
İdmanın uşaq orqanizmi üçün də nə qədər vacib olması haqda yəqin ki, geniş danışmağa ehtiyac yoxdur. Bütün valideynlər bunu bu və ya digər şəkildə bilir və dərk edir. Amma onu gerçəkləşdirməyin yolları və idmanın insan orqanizminə hansı təsirlər göstərdiyi hamıya bəlli deyil.
Bu yazıda adını çəkdiyimiz mövzuda söhbət açacağıq.
Hərəkət uşağın həyatında fiziki inkişafın əsas amili hesab olunur. Fiziki inkişafın həmahəngliyi isə sağlamlığın vacib göstəricilərindən biridir. Uşaq və yeniyetmə yaşlarında fiziki hərəkətlərlə müntəzəm məşğul olmaq skeletin, əzələlərin və daxili orqanların proporsional formalaşmasını təmin edir. Bundan başqa qamət pozğunluqlarının, skoliozların, yastı pəncəliyin, yeniyetmə-akseleratlarda müşahidə olunan bədən ölçülərinin tez inkişafı və daxili orqanların yetkinliyi arasındakı natarazlığın qarşısını almaq üçün vacibdir. İdman sinir sistemi və psixikanın müvazinətini artırmaq, yeniyetmə dövrünə xas olan yüksək qıcıqlanma, cinsi yetkinlik dövrü çətinliklərinin öhdəsindən gəlməkdə də böyük rol oynayır. İdmanla müntəzəm məşğul olan uşaq və yeniyetmələrdə nəinki bütün fiziki inkişaf parametrləri yüksək olur, hətta sinir və ürək-damar sistemi, tənəffüs aparatı normal işləyir, orqanizmin yorğunluğa müqaviməti əhəmiyyətli dərəcədə artır. Müntəzəm bədən tərbiyəsi ilə məşğul olmaq soyuqdəymələrin tez­liyini də aşağı salır. Bundan başqa idmançılarda xəstəlik, adətən, yüngül formada keçir.
Belə bir fikir mövcuddur ki, bədən tərbiyəsi sağlamlığı möhkəmləndirsə də, ağır yüklərlə həyata keçirilən idman orqanizmə ziyan vurur. Əslində bu, belə deyil. Məsələ burasındadır ki, bədən tərbiyəsi və idmanın orqanizmə təsiri əsasında eyni mexanizm durur – qıcıqlandırıcı (fiziki yük) və orqanizmin onu qavramaq qabiliy­yətini şərtləndirən funksional imkanlar gücünün qarşılıqlı təsiri. Fiziki məşqlərin insan sağlamlığına təsirini təyin edən həlledici amil isə yükün ağırlığı deyil, onun orqanizmin imkanlarına, funksional hazırlıq və təlimlənmə səviyyəsinə uyğunluğudur. Belə uyğunluq olduq­da, hətta ən ağır yüklər orqanizmə zədələyici amil kimi xidmət etmir. Yük orqanizmin imkanlarına uyğun deyilsə, hətta nisbətən çox olmayan həcm və intensivlikdə belə o, sağlamlıq üçün təhlükəli ola bilər.
Onu da qeyd edək ki, bədən tərbiyəsi ilə məşğul olmaq uşaq üçün həyatının ilk aylarından zəruridirsə (məsələn, gimnastika, masaj), müxtəlif idman növlərinə keçidlə bağlı xüsusi yaş normaları mövcuddur. Məsələn,
– ibtidai hazırlıq – 6-9 yaş;
– ilkin idman ixtisaslaşması – 10-12 yaş;
– seçilmiş idman növündə dərinləşdirilmiş məşqlər – 13-15 yaş;
– idman təkmilləşdiril­məsi – 16 və yuxarı yaşlar üçün nəzərdə tutulub.
Bu mövzuda danışarkən idman növünü necə seçmək olar sualını da cavablandırmaq lazım gəlir.
Təcrübə göstərir ki, adətən, bu seçimi, əsasən, valideynlər aparır. Amma mütəxəssislər bildirirlər ki, bu məsələdə uşağın arzusunu nəzərə almaq zəruridir. Çünki valideynlərin əsas vəzifəsi övladını məşhur idmançı etmək deyil (bu alına da bilər, alınmaya da), harmo­nik inkişaf etmiş insan böyütməkdir. Ona görə də idman növünü seçməzdən və məşqlərə başlamazdan əvvəl pediatrla məsləhət­ləş­mək vacibdir. Uşaq hər hansı xroniki xəstəlik səbəbindən dispanser qeydiyyatındadırsa, mütəxəssis məsləhəti zəruridir (nevropatoloq, oftalmoloq, pulmonoloq və s.).
Sonda onu da qeyd edək ki, idmanla məşğul olan övladınız çempion olmasa da, fiziki tərbiyə alacaq, deməli, sağlam insan olacaq, qarşısına məqsəd qoymağı və ona çatmağı bacaracaq, özündə iradə, qətiyyət, cəsarət kimi keyfiyyətlər tərbiyə edəcəkdir ki, bunlar da ona həyat yolunda uğur gətirəcək.


 1335    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *