Bagla

Həkimdən soruş

Hekimden sorus







Kompüter psoriazı

Psoriazın müalicəsinin aktual məsələlərinə həsr olunmuş və müxtəlif ixtisaslı həkimlərin (dermatoloq, kosmetoloq və revmatoloqların) iştirakı ilə dəyirmi masa keçirilmişdir. Psoriazın müalicəsində nə kimi müasir yeniliklər var?
Məlumdur ki, psoriaz xroniki qeyri-infeksion xəstəlikdir, əsas əlamətləri əl, ayaq dərisində, başın tüklü hissəsində aşkar edilir. Amma çoxumuz bilmirik ki, xəstəlik başqa orqan və sistemlərə də təsir göstərir. Zərbəyə məruz qalan, ilk növbədə, oynaqlardır. Əksər hallarda psoriaz əl darağının, dirsəklərin, dizlərin, hətta onurğanın iltihabi zədələnməsi ilə, yəni psoriatik artritlə müşayiət olunur.
Yaxın vaxtlarda keçirilmiş “Sağlam dəri – sağlam oynaqlar” regionlararası sosial layihəsi çərçivəsində psoriazlı adamların skrininqi keçirilmişdir. Məlum olmuşdur ki, müayinədən keçənlərin yarıdan çoxunda artıq psoriatik artrit (PsA) (kutanoz psoriaz (PsO) ilə əlaqəli iltihablı oynaq xəstəliyi) inkişaf edib, daha üçdə birində isə şübhə altındadır. Diaqnozu dəqiqləşdirmək üçün onlar əlavə müayinəyə göndərilmişdir.
Yeni məlumatlar ümumi vəziyyəti təsdiqləyir: psoriaz və psoriatik artrit çox vaxt “əl-ələ gedir”. Odur ki, psoriazla mübarizədə diqqəti təkcə dəri əlamətləri üzərində cəmləmək yetərli deyil, yanaşma kompleks olmalıdır. Psoriazlı pasientlər oynaq ağrılarından şikayətlənən kimi həkim-revmatoloqun məsləhəti mütləqdir. Təəssüf ki, çoxları bu problemləri bir-biri ilə əlaqələndirmir. Psoriatik artrit çox sürətlə inkişaf edir. Nəzarətsiz qaldıqda və savadlı müalicə aparılmadıqda oynaqlar parçalanır, hərəkət etmək mümkün olmur, əlillik yaranır. Vaxt sizə qarşı işləyir, odur ki, ilk əlamətlər yaranan kimi “iks-saatı” gözləmədən həkimə gedin.

 

Target terapiya
Bu gün psoriatik artritin diaqnostika və müalicəsi üçün bütün imkanlar var. Pasientlər üçün xəstəliyin ilk əlamətlərini aşkar etməyə yardımçı olan sual kitabçaları var. Diaqnozun təsdiqlənməsi üçün qanda iltihab markerlərini aşkar edən laborator metodlardan istifadə edilir. İnstrumental diaqnostika üsulları əl daraqlarının, pəncələrin və çanağın rentgenoqrafiyası, oynaqların və onurğanın MRT-sı aparılır.
Müalicəyə gəldikdə, yeni nəsil qeyri-steroid iltihab əleyhinə preparatların mənfi təsiri daha azdır və pasientlər tərəfindən daha yaxşı mənimsənilir. Müasir, yüksək texnologiyalı dərman terapiyası target və bioloji preparatlar xəstəliyi nəzarətə alır, inkişafını ləngidir və ciddi fəsadların qarşısını alır.
Qəribə də olsa, vaxtında aparılmış və səriştəli müalicənin qarşısını alan amillərdən biri əhalinin məlumatsızlığıdır. Onlar xəstəliyin fəsadlarını və ixtisaslı tibbi yardımın vacibliyini anlamır. Həkimə getməyi vacib saymır, ev şəraitində özbaşına müalicə olunmağı üstün tutur. Başqalarının xəbəri yoxdur ki, bu gün psoriaz və psoriatik artrit uğurla müalicə edilir. Üçüncülər isə yaşadığı psixososial problemlərin, depressiya, ətrafdakıların mənfi münasibəti səbəbindən yardıma görə müraciət etmir.
Bütün bu amillər diaqnozun gec qoyulmasına, müalicənin gec başlanmasına, xəstəliyin ağırlaşmasına və proqnozun pisləşməsinə gətirib çıxarır. Məlumdur ki, müalicənin cəmi bir il gecikməsi oynaqların tam dağılmasını və əlillik riskini 2,5 dəfə artırır.

 

Uşaq psoriazı
Son illər uşaq psoriazı da xeyli cavanlaşıb. Əvvəllər bu diaqnoza iki yaşdan on iki yaş kəsiyində rast gəlinirdisə, indi xəstəlik lap balaca, bir yaşa qədər uşaqlar arasında da aşkar edilir. Uşaq psoriazı çox sürətlə inkişaf edir, gedişatı ağırdır, oynaqlar zədələnir. Sübut olunmuşdur ki, qacetlərin erkən istifadə edilməsi və kompüter asılılığı psoriazın yaranmasına şərait yaradır. Məsələ ondadır ki, “məhdudiyyətsiz” mobil tele­fonlar və kompüterlər uşaqlarda əsəb gərginliyi yaradır, bu isə xəstəliyə start verə bilər.
İkinci amil ailədə düzgün qidalanma rejiminin gözlənilməməsidir. İşlərimiz çoxdur, tələsirik, yemək hazırlamağı çatdırmırıq. Uşaqlar fast-fud ümidinə qalır, şirniyyat və un məmulatlarından çox istifadə edir. Siciliyalı alimlərin tədqiqatı göstərir ki, qida rasionunda yüksək qlikemik indeksli məhsulların çoxluğu bağırsaq mikroflorasının pozulmasına səbəb olur. Bu da psoriazın inkişafına təkan verir.
Nəhayət, daha bir səbəb bu gün ailələrdə hökm sürən qeyri-sağlam psixoloji iqlimdir. Ailənin mənəvi əminamanlığı isə stabil müalicənin və xəstəliyin davamlı remissiyasının mütləq şərtidir.
Təbii ki, bu amillər özü-özlüyündə psoriaz törətmir, amma təhrikçi ola bilir. İrsi meyylilik varsa, xəstəliyin başlanmasına təkan verilir. Məqsədimiz buna yol verməməkdir, axı, psoriaz xroniki xəstəlikdir. Bir dəfə başladısa, insanı ömrü boyu müşayiət edir.


 55    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *