

Koronavirus xəstəliyindən necə qorunmaq lazımdır?
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 11 mart 2020-ci il tarixində Koronavirus xəstəliyi (COVID-19) alovlanmasını pandemiya kimi qiymətləndirmişdir.
ÜST-ün baş katibi Tedros Adhanom Gebreyesus qeyd edir ki, “Koronavirus xəstəliyi ilə bağlı fövqəladə vəziyyətin elan olunmasının əsas səbəbi Çində baş verənlər deyil, digər ölkələrdə baş verən xəstəlik hallarıdır. Bizi ən çox narahat edən virusun səhiyyə sistemi zəif olan və belə alovlanmaların qarşısının alınmasında təcrübəsi az olan ölkələrə yayılmasıdır”.
Artıq 118 ölkə və ərazidə 125 000 xəstəlik halı qeydə alınmışdır. Keçən iki həftə ərzində Çin istisna olmaqla digər ölkələrdə xəstəlik hallarının sayı 13 dəfə, virusun yayıldığı ölkələrin sayı isə 3 dəfə artmışdır.
ÜST bütün ölkələrə aktiv nəzarət, erkən aşkarlama, təcridetmə, xəstəlik hallarının idarə edilməsi, kontaktların izlənməsi və müayinə olunması tədbirləri daxil olmaqla infeksiyanın yayılmasının qarşısının alınmasına hazır olmalarını tövsiyə edir.

Koronavirus nədir?
Koronavirus həm insanlarda, həm də heyvanlarda infeksion xəstəlik törədən böyük virus ailəsidir. Hazırki virus ÜST tərəfindən SARS-Cov 2 adlandırılmışdır. Virus tərəfindən törədilən xəstəlik isə koronavirus xəstəliyidir – COVID-19. Bəzi koronaviruslar insanlarda adi soyuqdəymədən tutmuş ciddi xəstəliyə qədər diapazonda respirator infeksion xəstəliklər törətmə qabiliyyətinə malikdir. Bunlara SARS (Ağır kəskin respirator sindrom) və MERS (Orta Şərq respirator sindromu) aiddir. COVID-19 isə yeni aşkar olunmuş koronaviruslardan biridir. 2019-cu ilin dekabr ayında Çinin Uhan şəhərində baş vermiş alovlanmaya qədər bu virus haqqında heç bir məlumat yox idi.
COVID-19 necə yayılır?
COVID-19 insandan insana ötürülə bilən xəstəlikdir. Virus yoluxmuş insanın öskürməsi və ya asqırması zamanı xaric olan kiçik damcılar vasitəsilə yayılır. Bu damcılar insanları əhatə edən müxtəlif əşyaların üzərinə düşür. Sağlam insanlar belə əşyalara və sonradan göz, burun və ağız nahiyəsinə toxunaraq virusa yoluxa bilərlər. Həmçinin, tərkibində virus olan damcılar nəfəs alma zamanı birbaşa insanların tənəffüs yollarına düşərək onları yoluxdura bilər. Ona görə də yoluxmuş insanlardan və ümumimyyətlə asqırma və öskürmə əlamətləri olan insanlardan 2 m-dən çox məsafədə dayanmaq lazımdır.
Yoluxmuş, lakin xəstəlik əlamətləri hələ müşahidə olunmayan insnalardan yoluxmaq riski çox aşağıdır. Lakin hazırkı virusla bağlı yoluxma hallarının baş verməsi haqqında da məlumatlar mövcuddur. Xəstəliyi yüngül formada keçirən xəstələrdən də yoluxmaq mümkündür. Lakin xəstənin yoluxdurucu dövrünün müddəti hələ tədqiq olunmaqdadır.
COVID-19 hava vasitəsilə yayılırmı?
Hazırki tədqiqatlar COVID-19-u törədən virusun hava yolu ilə müqayisədə daha çox tənəffüs yollarından öskürmə və asqırma zamanı xaric olunan damcılar vasitəsilə yayılmasını təxmin edir.
COVID-19 virusuna yoluxma yolları və xəstənin yoluxdurucu dövrünün müddəti ilə bağlı tədqiqatlar davam edir və yeniliklər aşkar edildikcə dərc olunacaqdır.
ÜST-ün saytından COVID-19-la bağlı yenilikləri izləyin: https://www.who.int/ru/emergencies/diseases/novel-coronavirus-2019
COVID-19-un əlamətləri hansılardır?
Xəstəliyin əlamətləri yoluxduqdan 14 gün sonra başlaya bilər. COVID-19-un əlamətləri pnevmoniyanın (ağ ciyər sətəlcəmi) əlamətlərinə oxşardır.
Daha çox rast gələn əlamətlər: qızdırma, quru öskürək, tənəffüsün çətinləşməsi və müxtəlif lokalizasiyalı ağrılardır. Həmçinin, xəstələrdə zökəm əlamətləri, boğazın iltihabı (faringit), diareya, ürəkbulanma və qusma da müşahidə oluna bilər. İnsanların bir çoxunda xəstəlik yüngül formada keçir; yoluxmuş bəzi insanlarda isə ümumiyyətlə heç bir əlamət müşahidə olunmur.
Xəstəlik nə ilə nəticələnə bilər?
Əksər xəstəlik halları heç bir tibbi müdaxilə olmadan sağalma ilə nəticələnir (80%-ə yaxın). Təxminən altı xəstəlik halından birində xəstəlik ağır formada tənəffüs çatışmazlığı əlaməti ilə keçir. Yaşlı və somatik xəstəlikləri (hipertoniya, ürək xəstəlikləri və diabet) olan insanlarda xəstəliyin ağır formada keçmə ehtimalı daha yüksəkdir. Ölümlə nəticələnmə halları 2% təşkil edir.
COVID-19-dan neçə qorunmaq mümkündür?
Nazirlər Kabinetinin sərəncamı ilə 2020-ci il 30 yanvar tarixində “Azərbaycan Respublikasında yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planı” təsdiq edilib və nəzərdə tutulmuş tədbirlər həyata keçirilməkdədir. Qeyd olunan xəstəliyin yayılma coğrafiyasının geniş miqyas aldığını nəzərə alaraq, Nazirlər Kabineti tərəfindən daha geniş əhatəli Tədbirlər Planı təsdiqlənib. Əhalinin məlumatlandırılması və əsassız dezinformasiyaların qarşısının alınması məqsədilə qərargahın +99412 492 41 61, +99412 492 75 54, +99412 505 03 30, +99412 505 13 33 nömrəli qaynar xətləri fəaliyyət göstərir.
İstinadlar:
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), ABŞ-ın Xəstəliklərə Nəzarət Mərkəzi (CDC)
Məqaləni tərtib etdi:
Dr. S. Həsənova
Bir cavab yazın