Bagla

Həkimdən soruş

Hekimden sorus







Məntiq, yoxsa emosiya?

 

Bəzi qadınlar həyat yoldaşlarından gileylənir, onları cansıxıcı, bezdirən adlandırır.
Çox güman ki, belə insanlar təbiətcə bədbin, dahi psixiatr Qannuşkinin tərifinə görə, “konstitusional-depressiv şəxsiyət tipli” olur.
Onlar artıq bədbin doğulur və ömrü boyu ruh düşkünlüyü yaşayırlar. Bu cür kişi ilə yaşayıb həyatı qaranlıq görməmək üçün çox güclü insan olmaq lazımdır. Əsas odur ki, özünüzü bu depressiya uçurumuna sürükləməyə qoymayasınız. Əriniz nə qədər bədbin fikirlər söyləsə də, bunun onun xasiyyəti olduğunu tez-tez özünüzə xatırladın. Ona kömək etməyə çalışın. Yarınızı “indi və burada” yaşamağa öyrədin. Diqqətini həmin anda gördüyünüz xoş məqamlara yönəldin: buludların arasında görünən günəş şüasına, restoranda yediyiniz yeməyin nəfis dadına və s. Ehmalca “yüngül” kitabları: ironik detektivləri, komiksləri oxumaq üçün əlinin altına qoyun. Televizorda maarifləndirici, yaxud əyləncəli proqramlara baxın.

 

Ola bilsin ki, birlikdə yaşadığınız insan introvertdir, öz daxili dünyasına sığınmışdır. Belə insanlar qəlb rahatlığı tapmaq üçün vaxtaşırı “özünə qapanmaq” ehtiyacı duyurlar. Qızğın ünsiyyət onları üzür. Özünü təcrid etməklə yarınız bir növ “batareyaları yükləyir” ki, sonra yeni coşqu ilə sizə qayıtsın. Yeri gəlmişkən, hərdən bir kənara çəkilmək xüsusiyyəti, hətta ekstravert tipli kişilərə də xasdır. Onlar əmin olmaq istəyir ki, qadının əsarətində deyil, öz daxili azad məkanları var. Əslində, belə davranış etinasızlıqdan deyil, etibardan xəbər verir. Kişi ümid edir ki, sizi razı salmaq üçün daim qarşınızda barmaqları ucunda qalmalı deyil və təbii davranışı ilə də qəbul olunur. Razılaşın ki, bu, böyük qəbahət deyil, xasiyyətdir. Anlaşılarsa, ünsiyyət qurmaq mümkündür.

 

İki nəfərin mizac fərqi az əhəmiyyət kəsb etmir. Ola bilsin ki, əriniz fleqmatik, siz isə sanqviniksiz. Hisslər, coşqulu danışıq, ucadan gülmək soyuqqanlı insanları təşvişə salır və mənfi münasibət oyadır. Sizin “macəra” kimi qəbul etdiyiniz hərəkətlər, hadisələr onun üçün başısoyuqluq, düşüncəsizlikdir. Belə insanlar öyüdçülüyə meyllidir. Onlarla ünsiyyət qurmağın ən yaxşı üsulu dərhal razılaşmaqdır. “Hə, düz deyirsən, belə hadisə ancaq mənim başıma gələ bilər”, “Hə, bəzən ağılsızlıq edirəm, doğrudur”. Hazırcavablıq və yumor hissi ona xas deyil. Amma məhz bu insanlara daha çox güvənmək olur.

 

İllər keçdikcə, çoxlarını macəra-səyahət həyatındansa, adi həyat tərzi cəlb edir. Psixoloqlar bunu “reallıq-vərdiş fəaliyyəti dəyəri” adlandırır. Balaca uşaqlar kimi, yaşlı insanlar da sabahkı gününə əminlik ehtiyacı duyur. Vaxtını evdə keçirmək, ev işləri ilə məşğul olmaq, gündəlik həyatdan zövq almaq onlar üçün cansıxıcı deyil. Həmyaşıd olan cütlüklər bu mərhələni təbii qəbul edir. Amma yaş fərqi böyükdürsə, disharmoniya yaranır. Ən yaxşı çıxış yolu, ərinizin sizi tək ya rəfiqənizlə səyahətə buraxması olardı. O da vərdiş etdiyi həyatdan zövq alardı, siz də fəallığınıza çıxış tapardınız. Əgər ki, siz onun üçün divan-televizor-nəleyin kimi həyatının bir hissəsinizsə, onunla barışıb evdə qalmağınız məsləhətdir. Özünüzdən çox yaşlı insana ərə gedəndə nə etdiyinizi bilirdiniz, axı…Bu cür nigahlarda yaş mərhələləri birlikdə keçmir.

 

Fikir vermisinizsə, yaşlı professorların hamısını tələbələr “mızı” adlandırır. Səbəbi ondadır ki, yaşlandıqca sinir proseslərinin aktivliyi azalır və insan nəyisə daha uzun izah etməyə çalışır. Bir şeyi özünüz üçün dəqiq anlayın: məntiq tələb olunan yerdə kişiyə müraciət edin və onun ətraflı izahlarını dinləməyi bacarın. Hissləri, təəssüratları isə qadınla da bölüşmək olar.

 

Kişinin xasiyyətinin korlanmasının səbəblərini müəyyən etmək asan deyil. Amma bir məsələ var: bəlkə, onun sizə ehtiyacı artıb? Diqqəti cəlb etmək üçün buyuruq vermək, öyüd vermək onun üçün çıxış yoludur? Ona daha çox diqqət yetirməyə çalışın ki, yersiz iradlara, öcəşməyə zəmin yaranmasın.


 266    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *