Bagla

Həkimdən soruş

Hekimden sorus







Maskalanmış infeksiya

Yay fəslində çimərlikdə qaralmaya böyük həvəs göstərən qadınlarda bəzən ginekoloji xəstəliklər və infeksiyalar kəskinləşir. Məsələ ondadır ki, ultrabənövşəyi şüaların artıqlığı immun sistemini zəiflədir. Süd yarası, genital herpes kəskinləşə bilər. Adətən, zərərli amilin, o cümlədən günəşin təsiri kəsildikdən sonra immunitet göstəriciləri bərpa olunur. Gənc qadınlarda bu, daha tez baş verir. Bununla belə, göbələk əleyhinə şam və həblərə də ehtiyac olur. Amma reklam olunan vasitələri özbaşına qəbul etməyin. Ginekoloqa müraciət edin, çünki süd yarası altında başqa xəstəlik də gizlənə bilər. Ənənəvi müalicə fayda vermirsə, immunoloqa müraciət etmək və daha geniş müayinə olunmaq məsləhətdir.

 

Xoşagəlməz qoxulu ifrazat daha çox bakterial vaginoza xas olan əlamətdir. Xəstəlik dalğavari gedişat ilə keçir, bəlli səbəb olma­dan gah “sönür”, gah da yenidən güclənir. Bakterial vaginoz ginekoloji disbakterioz növüdür. Müxtəlif səbəblərdən uşaqlıq yo­lunda məskunlaşan normal bakteriyalar yox olur və zərərli mikroorqanizmlərin artması üçün əlverişli şərait yaranır. Yayın istisində sintetik alt paltarı geyinən qadınlarda xəstəlik kəskinləşir. Tez-tez şırınqa ilə yuyunmaq da uşaqlıq yolunun mikroflorasını pozur. Uyğun müalicəni seçmək üçün ifrazatların səbəbini dəqiq bilmək lazımdır.
Müayinədən başlamaq lazımdır. Oxşar əlamətlərlə keçən başqa infeksiyalar da mövcuddur. Belə ki, gur ifrazat hallarının üçdə birində analizlərin nəticəsi eyni vaxtda bir neçə törədici aşkar edir. Bakterial vaginoz diaqnozu təsdiq edildiyi halda müalicə kursu aparılır. Preparatlar müəyyən sxem üzrə təyin edilir. Birinci mərhələdə istifadə edilən şamların tərkibində antibakterial maddələr mövcud olur. İkinci mərhələdə uşaqlıq yoluna faydalı bakteriyalar məskunlaşdıran şamlar istifadə edilir.

Xlamidiya infeksiyası, adətən, cinsi yolla ötürülür. Su və nəm dəsmal vasitəsilə yoluxma çox nadir hallarda baş verir. Xlamidiyaları aşkar etmək üçün venoz qan PZR üsulu ilə analiz edilir. Ehtimal olunan yoluxma anından ən azı üç həftə keçməlidir. Xlamidiyaların aşkar edilməsi heç də orqanizmdə son vaxtlar peyda olması demək deyil.

Uşaqlıq mioması hallarında hər hansı istilik proseduraları məsləhət deyil, çünki istilik şişin böyüməsini tezləşdirir və menstruasiya vaxtı qanaxmanı artırır. Qaralma da əks-göstərişdir, istər təbii çimərlikdə, istərsə də solyaridə. Hava vannasını kölgəlikdə qəbul edə bilərsiniz.

Hamilə qadınların üzündə həm yay, həm də qış mövsümündə piqment ləkələri əmələ gələ bilər. Onların yaranma səbəbi günəşdən daha çox hormonal dəyişiklikdir. Amma ultrabənövşəyi süaların dəriyə düşməsi ləkələrin yaranma ehtimalını artırır. Odur ki, küçədə baş örtüyündən istifadə edin, günün altında az vaxt keçirin. Gün əleyhinə kremlərdən isə hamilə qadınların istifadə etməsi məsləhət deyil.

Soyuğun təsirindən kəskinləşən müxtəlif infeksiyaların daha bir əlaməti qaşınmadır. Bu, adı vaginit, süd yarası, cinsi yolla keçən xəstəliklər ola bilər. Qaşınmanın geniş yayılmış səbəblərindən biri allergik reaksiyadır. Qaşınmanın gecələr güclənməsi qurd infeksiyasının əlaməti ola bilər. Ginekoloqa gedin, helmintlərə görə analiz verin. Qanda qlükozanın səviyyəsini yoxlayın. İntim orqanlar nahiyəsindəki qaşınma həm də şəkərli diabetin ilk əlamətlərindən biridir.

Xroniki adneksit zamanı yüngül qaralma əks-göstəriş deyil. Amma ultrabənövşəyi şüalar orqanizmin immun müqavimətini zəiflədir. Qaralma üçün təhlükəsiz vaxt səhər saat 11-ə qədər və axşam saat 5-dən sonradır. Xroniki adneksit zamanı yaş çimərlik paltarında qalmaq olmaz. Sudan çıxan kimi əyninizi dəyişin və suyun temperaturu 25 dərəcədən artıq olduğu halda çimin.


 49    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *