Bagla

Həkimdən soruş

Hekimden sorus







Milli divanəlik xüsusiyyətləri

Soruşa bilərsiz ki, dəliliyin nə milliyyəti? Ruhi xəstəliklər Avropada da, Amerikada da, Afrikada da eynidir. Sən demə, bir çox xalqların özünəməxsus sindromları var, yəni yalnız konkret millətə xas olan, yaxud müəyyən məkanda yayılan psixi pozuntular mövcuddur.

 

Amok
Malayziya və İndoneziya kişilərinə xas olan ən çox tanınmış kultural sindromdur. Bizlərə onu tanıtdıran Stefan Sveyq olmuşdur, onun hekayəsində həmin psixi vəziyyət çox dəqiq ifadə olunmuşdur. Malaycadan tərcümədə amok kor qəzəb və qətl coşqusu deməkdir.
Amok üç mərhələdə inkişaf edir. Bu sindromdan əziyyət çəkən əvvəlcə həyəcan və qorxu hiss edir, özünə inamı itir, ona elə gəlir ki, hamı ona xor baxır. Bu zəmində ətrafdakılara nifrət yaranır. Sonra bu dərdə düçar olmuş zavallı dünyanı gerçək olmayan kimi qəbul edir, öz hərəkətlərini isə sanki kənardan müşahidə edir.
Sonra bir partlayış baş verir, təhrikçi səbəb isə ehtiyatsız məzəmmət, çəp baxış ola bilər, amma heç səbəb olmadan da faciə baş verə bilər. Amok elə budur, yəni adam ətrafdakılara hücum edir, yolu seçmədən qaçır, yoluna çıxanları öldürür, dağıdır. Çox vaxt amoka tutulmuşu sadəcə öldürürlər. Sağ qalarsa, bir neçə saatdan sonra o amok vəziyyətindən tam üzgün və heç nəyi xatırlamadan çıxır. Çox vaxt da belə xəstələr özünə qəsd etməklə həyatına son qoyur.

 

Dxat sindromu
Bu sindrom Hindistanda, Nepalda, Şri-Lanka­da, Pakistanda gənclər arasında yayılmışdır. Kökündə orqanizmdəki vacib substansiyalar haq­qın­dakı ayurvedik nəzəriyyə dayanır: qan, plazma, əzələlər, piy toxuması, sümük iliyi, limfa, kişilərdə sperma, qadınlarda- toxum hüceyrəsi Sindromdan əziyyət çəkənlərə elə gəlir ki, sidiklə bərabər spermasını itirir. Ayurveda mövqeyindən sperma ən vacib komponentdir, qalan bütün maddələr ona çevrilir. Sperma itirsə, demək adam tezliklə öləcək. Xəstə iştahasını itirir, arıqlayır, solur, onun seksual funksiyası pozulur.

 

Lat sindromu
Cənub-Şərqi Asiyada müşahidə olunur. Çox vaxt orta yaşlı və menopauza dövründəki qadınlar məruz qalır. Lat epizoduna güclü qorxu və ya stres təkan verir. Bundan sonra adam trans vəziyyətinə düşür, söyüş söyməyə başlayır, oxu­yur, rəqs edir, ətrafdakıları yamsılayır. Həmin məqamda ona nə əmr etsən, danışıqsız edəcək. Tutmadan sonra adam nə baş verdiyini xatırlamır.

 

Pa-lenq və pa-fen sindromları
İki oxşar sindromlar eyni vaxtda inkişaf edir. Yan və İn prinsiplərini təqib edən Çin sakinləri arasında yayılıb.
Yan və İn insan orqanizmində ahəng təşkil edən iki kosmik qüvvədir. Bu sindromlara məruz qalanlar hesab edir ki, külək və soyuq (İn) həmin ahəngi pozur və xəstəlik törədir. Ona görə də belə şəxslər soyqdan (pa-lenq) və küləkdən (pa-fen) çox qorxur. Öz Yanını itirməmək üçün onlar, hətta isti havalarda bir neçə isti paltar geyinir, yelçəkənlərdən qaçır və yalnız isti yeməklər yeyir.

 

Taydzin köfusö sindromu
Bu, sırf yapon pozuntusudur, yaponca tərcü­­mə­dən şəxsiyyətlərarası əlaqələrin qorxu­su demək­dir. Kökündə yaponiya mədəniyyət xüsu­siy­yətləri dayanır, belə ki, ləkəsiz ad-san başlıca amildir, ən qorxulusu isə nüfuzu itirməkdir. Əsasən, gənc adamlar düçar olur.
Sindromun əlamətləri: adam ətrafdakıları nəyləsə təhqir etməkdən qorxur – öz görünüşü ilə, fiziki qüsuru ilə, sifətinin ifadəsi ilə, ağız qoxusu ilə və s. Qorxur ki, ünsiyyət vaxtı tərləyər, qızarar, kəkələyər. Təbii ki, tərləyir, qızarır və kəkələyir, hər dəfə adam arasında təşviş keçirir. Nəticədə, təmasdan qaçır, ağır hallarda isə evi tərk etməkdən qorxur.


 451    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *